EN

Məhsul çox, alıcı az: Ekspertdən ciddi xəbərdarlıq

Son günlər ölkənin müxtəlif bazarlarında meyvə-tərəvəz məhsullarının qiymətlərində nəzərəçarpacaq ucuzlaşma müşahidə olunur. Xüsusilə mövsümi məhsullar sırasında yer alan çiyələyin qiymətində kəskin eniş diqqət çəkir. Əgər ötən il bu məhsulun kiloqramı 5–10 manat, cari ilin aprel ayında isə 7–12 manat aralığında təklif olunurdusa, hazırda bazarlarda çiyələyin qiyməti 2–3 manata qədər enib.

Fermerlər qiymətlərin enməsini əsasən bazarda məhsul bolluğu ilə izah edirlər. Onların fikrincə, təklifin artması qiymətlərə birbaşa təsir göstərir və yaxın günlərdə çiyələyin daha da ucuzlaşaraq 1 manat və ya daha aşağı qiymətə təklif olunması da istisna edilmir.

Bəs mövsümün hələ yeni başladığı bir vaxtda çiyələyin bu qədər ucuzlaşmasının əsas səbəbi nədir?

Mövzu ilə bağlı News24.az-a danışan kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov bildirib ki, çiyələk qiymətlərində müşahidə olunan kəskin ucuzlaşma ölkədə bu məhsulu yetişdirən fermerlərin sayının artması ilə bağlıdır:

"Bu hal ilk dəfə baş vermir. Əvvəlki illərdə də oxşar vəziyyətlər müşahidə olunub. Xüsusilə Cəlilabad, Masallı və Şəmkir kimi bölgələrdə son illər çiyələk əkininə maraq xeyli artıb. Lakin fermerlər arasında koordinasiyanın olmaması, ümumi əkin sahələri və istehsal həcmi barədə məlumat çatışmazlığı bazarda balansın pozulması ilə nəticələnir. Bu kimi halların qarşısını almaq üçün müvafiq dövlət qurumları tərəfindən yaradılan informasiya sistemləri daha effektiv işləməlidir. Eyni zamanda fermerlər arasında bu istiqamətdə maarifləndirmə işləri gücləndirilməlidir".

Ekspertin sözlərinə görə, hansı məhsulun harada və nə qədər əkildiyi barədə dəqiq məlumat bazası formalaşdırılmalı, gözlənilən məhsuldarlıq əvvəlcədən proqnozlaşdırılmalıdır:

"Bu, bazarın tələbatına uyğun planlaşdırmanın aparılmasına imkan yaradır. Azərbaycan bazarı məhdud olduğuna görə, tutumdan artıq məhsul çıxarıldıqda qiymətlərin düşməsi qaçılmaz olur".

Vahid Məhərrəmov xatırladıb ki, oxşar vəziyyət daha əvvəl pomidor və soğan kimi məhsullarda da yaşanıb və nəticədə fermerlər ciddi zərərlə üz-üzə qalıblar:

"Bu problemin həlli üçün yalnız daxili bazara güvənmək kifayət deyil, eyni zamanda ixrac imkanları da operativ şəkildə genişləndirilməlidir. Əks halda məhsul bolluğu fonunda qiymətlərin kəskin ucuzlaşması fermerlərin gəlirlərinə mənfi təsir göstərir və gələcəkdə onların əkin sahələrini azaltmasına səbəb olacaq".



Chosen
31
2
azia.az

3Sources