EN

“İlmələrdən toxunmuş nağıllar”ın dünya şöhrəti

ain.az bildirir, Xalq qazeti portalına istinadən.

5 May Azərbaycanda Xalçaçı Günüdür

Əl əməyi ilə qəlb nurunu eyni ilmədə birləşdirən xalçaçılıq sənəti, əslində, dünyanın qayğılarından uzaqlaşıb əbədiyyət sorağına çıxan bəşər ruhunun təzahürüdür. O, sadəcə, məişət ehtiyaclarını ödəyən, otaqlara yaraşıq verən döşənək deyil, insanın gözəllik duyğusunun şəkillənib sənətə çevrilməsidir.

Hananın qarşısında oturub, gecə-gündüz çalışan toxucu yun-iplik telləri bir-birinə qovuşduranda öz ömründən, nəfəsindən, əməyindən bir parçanı o əsərə həkk edir. Bu sənətdə təbiətin bütün rəngləri – torpağın qəhvəyisi, göyün mavisi, günəşin sarısı bir araya gələrək vəhdət təşkil edir. İnsan bu naxışlı dünyaya nəzər salanda kainatın həndəsi nizamını görür.

5 may xalqın mənəviyyatını ipəyə və yuna həkk edən xalçaçıların günüdür. Bu münasibətlə yolumuzu paytaxtın sahilində, sanki, yarıaçılmış xalça bükümünü xatırladan Azərbaycan Milli Xalça Muzeyindən saldıq. Qapıdan içəri qədəm qoyan kimi sanki, zamanın gərdişi geri dönür və adam özünü hanaların qurulduğu uzaq kənd evlərində, o qədim ocaqlarda hiss edir. Qulaqlarda kirkitin ağır, ritmik zərbələrinin əks-sədası, havanın ahəngində isə xam yunun və boyaqxanaların doğma rayihəsi canlanır.

Azərbaycan Milli Xalça Muzeyinin elmi katibi, Əməkdar mədəniyyət işçisi Xədicə Əsədova bildirdi ki, Azərbaycan ərazisində xalça sənətinin təşəkkülü miladdan öncəki dövrlərə təsadüf edir:

– Mingəçevir və digər qədim yaşayış məskənlərində aparılan qazıntılar zamanı aşkar edilmiş sümükdən, daşdan hazırlanmış iynələr, qıyıqlar və əyircəklər bu torpaqlarda yaşayan ulu əcdadlarımızın hələ tunc dövründən etibarən yundan iplik əyirməyi və primitiv toxuculuq alətlərindən istifadəni yüksək səviyyədə mənimsədiklərini sübuta yetirir. İbtidai dövrlərdə xalçalar daha çox məişətdə soyuqdan qorunmaq və yaşayış yerlərini isitmək kimi utilitar məqsədlərə xidmət etsələr də, zaman keçdikcə, bu məmulatlar insanların inanclarını, mənəvi dünyasını ilmələrin dili ilə nəql edən qiymətli sənət əsərlərinə çevrilmişlər.

Tarixi faktlar və Herodot, Ksenofont kimi antik dövrün salnaməçilərinin əlyazmalarında verilən məlumatlar Azərbaycan xalçalarının hələ qədim zamanlardan dünyada tanınan nüfuzundan xəbər verir. Orta əsrlərdə ölkəmizə səyahət etmiş ərəb və avropalı səyyahların əlyazmalarında bu ərazidə yaşayan insanların bitki mənşəli təbii boyaq maddələrindən istifadə etdikləri və onların hazırladıqları naxışların əsrlərlə öz təravətini qoruduğu xüsusi vurğulanır.

Azərbaycan xalçaları bədii-texnoloji xüsusiyyətlərinə görə şərti olaraq 2 əsas növə – xovlu və xovsuz xalçalara, coğrafi bölgüsünə və naxış kompozisiyasına görə 7 qrupa bölünür. Xovsuz xalçalar texnoloji xüsusiyyəti və bədii rəngarəngliyi ilə seçilir. Toxunma texnikasına və bədii quruluşuna görə xovsuz xalçaların palaz, cecim, kilim, zili, vərni, şəddə, sumax və ladı kimi növləri mövcuddur ki, bunların hər biri xalqımızın minilliklərdən süzülüb gələn estetik dünyagörüşünü ehtiva edir.

Qadınların həyatında cəhrənin müstəsna yeri var idi. Deyilənlərə görə, bir qadın ömrü boyu iki dəfə cəhrə ilə xüsusi şəkildə bağlayırdı öz həyatını. Birinci dəfə körpə ikən, anasının və nənəsinin işini izləyərək sənəti öyrəndiyi zaman ona balaca cəhrə verilirdi. O, incə barmaqları ilə bu kiçik alətdə yunu əyirməyi məşq edirdi. İkinci dəfə isə artıq ailə qurub gəlin köçəndə ona cehiz olaraq cəhrə verirdilər ki, bu da gənc qızın ömrünün sonuna qədər sadiq yoldaşına çevrilirdi.

Əgər bir insan xalçanın dilini, naxışların, ilmələrin mənasını bilsə, xalça onunla danışmağa başlayar. Bu sənəti dərindən tanımaq üçün Quba, Şirvan, Bakı, Gəncə, Qazax, Qarabağ və Təbriz olmaqla 7 əsas xalçaçılıq qrupu haqqında məlumatlı olmaq lazımdır. Hər bölgə təbiəti, bitki örtüyü, qoyunların yununun keyfiyyəti və bədii quruluşu ilə fərqlənir. Məsələn, Abşeronun parlaq və zərif "Qala" cinsi qoyun yunları ilə Qazaxın daha qaba, lakin parlaq yunları xalçanın xovunun hündürlüyünə və ilmə sıxlığına birbaşa təsir edir. Qarabağ xalçalarının isə tamamilə fərqli bir toxunuş keyfiyyəti var.

Xalça sənəti həm də müxtəlif elm sahələrinin kəsişmə nöqtəsidir. Bioloqlar bitkilərin tərkibini, kimyaçılar boyaq maddələrini, texnoloqlar ilmələrin strukturunu, rəssamlar naxışların kompozisiyasını, həkimlər xalçanın müalicəvi əhəmiyyətini (art terapiya), ədəbiyyatçılar isə bu sənətin folklordakı əksini öyrənirlər. Xalçaların üzərində əfsanəvi əjdahalar, mifoloji quşlar, qrifonlar və s. təsvir edilsə də, burada heç vaxt bəd qüvvələrə xidmət edən elementlərə rast gəlinmir. Xalça sənətində ən çox rast gəlinən və tədqiqatçıların diqqət mərkəzində olan elementlərdən biri “S”vari motivlərdir. Bir sıra sənətşünaslar bu elementin stilizə olunmuş əjdaha təsviri olması fikrini irəli sürürlər. Qədim türk mifologiyasında əjdaha surəti evi və ailəni xarici bəlalardan, mənfi enerjilərdən qoruyan simvolik bir keşikçi rolunu oynamışdır.

Xüsusilə “əjdaha” elementi olan xalçalarda rast gəlinən bu təsvirlər, suyun və bərəkətin keşikçisi kimi qəbul olunurdu. Digər tədqiqatçıların araşdırmalarında isə bu cür elementlərin qədim damğa və ya tayfa işarəsi olması fikri müdafiə edilirdi. XVII əsrin yaddaşını öz ilmələrində hifz edən, Azərbaycanın Qarabağ qrupuna məxsus nadir "Əjdahalı" xalçası sənət dünyası üçün müstəsna əhəmiyyət kəsb edən tarixçəyə malikdir.

Texniki göstəricilərinə görə əriş, arğacı yun və pambıqdan, xovu isə yundan toxunmuş bu sənət incisinin vətəninə geri dönməsi isə uzaq Amerikada yaşayan bir sənətsevərlə bağlıdır. Belə ki, xalça ABŞ-ın Şərq xalçası və toxuculuğu üzrə Çikaqo cəmiyyətinin üzvü, mərhum Qrover Şiltsin şəxsi kolleksiyasında mühafizə olunmuşdur. Cənab Şiltsin vəsiyyətinə əsasən, bu tarixi əsər məhz öz doğma yurduna qaytarılmalı idi. Onun bu arzusu həyat yoldaşı xanım Beverli Şiltsin səyləri ilə yerinə yetirilmiş və xalça Azərbaycan Milli Xalça Muzeyinə təmənnasız olaraq hədiyyə edilmişdir.

Bu silsilədə Azərbaycan xalçaçılığının vizit kartı hesab olunan buta motivi xüsusi məqama malikdir. Buta qədim dövrlərin od inancı ilə sıx bağlı olub, alov dilimini və sönməz odu simvolizə edir. Bu element, eyni zamanda, həyatın davamlılığını, mənəvi oyanışı və əbədiyyəti təmsil edən mühüm ideoqramdır. “Malıbəylı" kompozisiyalı xalçalarda əsas göllərin içərisində həm günəşi, suyu, hava və torpağı təmsil edən svastika, həm də həndisiləşdirilmiş “bulud” təsvirləri yerləşdirilir.

Azərbaycan xalçası tarix boyu dünyaya ixrac olunmuş, gələn qonaqlara, elçilərə ən qiymətli hədiyyə kimi təqdim edilmişdir. Onların arasında ən məşhuru 1539-cu ildə Ərdəbildəki “Şeyx Səfi” türbəsi üçün toxunmuş məşhur "Şeyx Səfi" xalçasıdır. Sufilərin müqəddəs mərkəzi sayılan bu türbənin tavanındakı naxışlarla eyniyyət təşkil edən xalça 10,5 metr uzunluğunda və 5,5 metr enindədir. Fəlsəfi yanaşmaya görə, bu xalçanın mərkəzi bütöv kainatdır və oradakı “islimi” naxışı sonsuzluğa doğru gedən mənəvi yoldur.

Xalçanın mərkəzində yerləşən günəşi xatırladan böyük medalyon mütləq varlığı və nizamı təmsil edir. Bu mərkəzdən ətrafa yayılan hər bir naxış və ornament isə kainatdakı digər varlıqların və hadisələrin həmin mərkəz ətrafında dövr etməsini simvolizə edir. Hazırda Londonun Viktoriya və Albert Muzeyində saxlanılan bu nadir nüsxə vaxtilə türbənin təmiri üçün xalqın rəyi ilə satılmışdır. Mərkəzində günəşi xatırladan medalyon olan bu ipək və yun qarışıqlı xalçanın üzərində toxucu Maqsud Kaşaninin adı və Sədinin Tanrıya sığınmaq haqqında hikmətli beyti həkk olunmuşdur. Onun bir qədər kiçik variantı isə özəl kolleksiyaya məxsus olub, Los-Ancelesdə “LACMA” İncəsənət Muzeyində mühafizə olunur.

Təəssüf ki, tarixin müxtəlif dövrlərində Azərbaycan xalçaları başqa xalqların adı ilə təqdim olunmuş, çeşnilərimiz əsrlər boyu mənimsənilmişdir. Lakin XX əsrin əvvəllərində Rusiyadan Qafqaza göndərilən tədqiqatçıların hesabatlarında belə qeyd olunurdu ki, bu bölgədə toxunan xalçaların 90 faizi azərbaycanlılara məxsusdur. Hətta işğal olunmuş ərazilərimizdən qarət edilərək xaricdə satılan xalçalarımıza baxanda onun hansı bölgəyə məxsus olduğunu bilmək çətin deyil. Çünki peşəkar kolleksiyaçı xalçanın ilməsinə, bədii quruluşuna, materialına baxdıqda onun Azərbaycan ruhu ilə toxunduğunu dərhal anlayır.

1967-ci ildə yaradılan və dünyada xalçaya həsr olunmuş ilk muzey olan Azərbaycan Milli Xalça Muzeyi bu gün 10 mindən çox eksponatı ilə bu irsi qoruyub saxlayır. Muzeydə təkcə xalçalar deyil, zərgərlik, geyim və parça nümunələri də nümayiş olunur. Qədim xalçaların bərpası və konservasiyası ilə məşğul olan peşəkar bərpaçılarımız bu sənəti gələcək nəsillərə ötürürlər. Macarıstandan Rusiyaya, Gürcüstandan Monteneqroya qədər bir çox ölkədə təşkil olunan sərgilər Azərbaycan xalçasının şöhrətini dünyaya yayır.

Fidan ƏLİYEVAXQ

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
48
1
xalqqazeti.az

2Sources