EN

Bakı Şəhər İcra Hakimiyyətində ənənəvi elmi-praktik konfrans keçirilib

Bakı Şəhər İcra Hakimiyyətində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 103-cü doğum gününə həsr olunmuş "Heydər Əliyev və Azərbaycan tarixi" mövzusunda elmi-praktik konfrans keçirilib.

Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat xidmətindən verilən məlumata görə, paytaxt məktəbliləri arasında keçirilən və artıq ənənəvi hal almış bu konfransda Bakı Şəhər İcra Hakimiyyətinin rəhbərliyi və aparatın əməkdaşları, paytaxt rayonlarında keçirilən konfranslarda qalib seçilmiş məktəblilər və KİV nümayəndələri iştirak ediblər. 

Tədbirin əvvəlində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Vətənimizin azadlığı, ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov konfrans iştirakçılarını salamlayaraq bildirib ki, bu gün ölkə rəhbəri cənab İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycan dinamik inkişaf edir. Görülən işlərin nəticəsidir ki, əhalinin  sosial rifahı daha da yüksəlir. Bu hər yerdə, küçədə, cəmiyyətdə hiss edilir. Bu fakt ölkə şəhərlərinin təmizliyi və baxımlılığında da özünü büruzə verir. Əhali öz növbəsində kommunal xidmətlərlə birlikdə şəhərlərin təmizliyi və gözəlləşməsinə öz töhfəsini verir. Bu da onu deməyə əsas verir ki, ölkəmizin bugünkü inkişafının təməlində əvvəllər Heydər Əliyevin, indi isə İlham Əliyevin siyasəti durur.  

Qeyd edilib ki, paytaxt rayonlarında keçirilən konfranslarda şagirdlər Azərbaycan tarixinin ən qədim zamanlarından günümüzə qədər olan dövrləri, o cümlədən Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin Azərbaycan tarixindəki rolu barədə öz elmi məqalələri ilə çıxışlar ediblər. Müsabiqədə həm də 44 günlük Vətən müharibəsində qazanılan şanlı zəfərə, antirerror tədbirlərinə, Xankəndi, Xocalı, Ağdərə, Xocavənddə Azərbaycanın Dövlət bayrağının ucaldılması və digər mövzulara xüsusi yer verilib.

Şagirdlərin özlərinin aparıcılığı ilə keçirilən konfransda gənc tədqiqatçıların məruzələri dinlənilib. Konfransda qeyd olunub ki, məktəblilərin Azərbaycan tarixinin daha dərindən öyrənilməsinə marağını artıran bu müsabiqə ənənəvi xarakter daşıyır və hər il minlərlə məktəbli bu müsabiqədə iştirak edir. Builki müsabiqədə Bakı şəhərinin 315 məktəbi və 3750-dən artıq şagirdi öz referatları ilə iştirak ediblər. Qalib şagirdlərin referatları komissiya tərəfindən seçilərək Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə çap olunacaq yeni kitaba daxil ediləcəkdir. 

Təhminə VERDİYEVA,

"Azərbaycan"

Chosen
10
5
azerbaijan-news.az

7Sources