Dövlət İmtahan Mərkəzi rezidenturaya qəbul olmaq üçün 3 may 2026-cı il tarixində keçirilmiş baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının birinci cəhdinin nəticələri ilə apellyasiya saat 10-dan etibarən başlayıb.
"Unikal" Dövlət İmtahan Mərkəzinə istinadən xəbər verir ki, nəticələrlə əlaqədar müraciətlərə baxılması üçün onlayn qaydada ("Zoom" proqramı və ya telefon əlaqəsi vasitəsilə) Apellyasiya komissiyası fəaliyyət göstərəcək. Apellyasiya komissiyasına müraciət etmək üçün elektron ərizə forması apelyasiya.dim.gov.az saytında yerləşdirilib. Namizədlər Apellyasiya komissiyasına 5 may saat 10:00-dan 6 may saat 17:00-dək müraciət edə bilərlər.
Qeyd edək ki, mayın 3-də keçirilən imtahanda 114 nəfər bu ilin, 163 nəfər isə əvvəlki illərin məzunları olmaqla, ümumilikdə 277 namizəd ikinci mərhələyə buraxılıb. Müsabiqə şərtini ödəyənlərdən 279 nəfər 4 və ya 5-ci kurs tələbələridir.
Baza fənləri üzrə biliklərin qiymətləndirilməsinin təkrar imtahanının (2-ci cəhd) iyunun 21-də keçirilməsi nəzərdə tutulur. İmtahanda iştirak etmək üçün qeydiyyat 25 may – 4 iyun 2026-cı il tarixlərində DİM-in saytında internet vasitəsilə aparılacaq. İxtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının (II mərhələ) avqustun 9-da keçirilməsi planlaşdırılır.