Son statistikaya əsasən 176 ölkədən 26 mindən çox iştirakçı artıq WUF13 tədbirində iştirak üçün qeydiyyatdan keçib və bu miqyas bizim üçün ciddi məsuliyyətdir.
“APA-Economics” xəbər verir ki, bunu WUF13 tarixlərində nəqliyyatın idarə olunması planının təqdimatına dair brifinqdə WUF13 Azərbaycan Əməliyyat Şirkətinin nəqliyyat şöbəsinin müdiri Vüqar Aslanov deyib.
O qeyd edib ki, belə bir tədbirin uğuru ilk növbədə nəqliyyat əməliyyatlarının fasiləsiz, səmərəli və təhlükəsiz şəkildə təşkilindən asılıdır:
“Nəqliyyat şöbəsi olaraq biz ümumilikdə beş əsas istiqamət üzrə fəaliyyət göstərəcəyik:
-Nəqliyyat Koordinasiya Mərkəzinin 24 saat fasiləsiz fəaliyyəti və bütün nəqliyyat vasitələrinin, o cümlədən avtobusların GPS sistemi vasitəsilə izlənməsi
– Hava limanı ilə tədbir məkanını birləşdirən və qrafik üzrə fəaliyyət göstərən avtobus sisteminin qurulması
– Yol hərəkətinin və tənzimləmələrin idarə olunması
– Rəsmi və yüksək səviyyəli qonaqlar üçün xüsusi nəqliyyat planının hazırlanması;
– Şəhər üzrə müvəqqəti nəqliyyat mübadilə mərkəzlərinin yaradılması və aydın nişanlanma sistemi.
Xidmətlərimiz bir neçə kateqoriyaya bölünür:
– Müntəzəm avtobus və transfer xidmətləri;
– Rəsmi və xüsusi mühüm şəxslər üçün nəqliyyatın təşkili;
– Nəqliyyat parkının və dispetçer xidmətlərinin idarə olunması;
– Yol hərəkətinin tənzimlənməsi;
– Xüsusi hərəkət zolaqlarının təşkili;
– Nəqliyyat vasitələri üçün xüsusi buraxılış sisteminin idarə olunması
– İstiqamətləndirici işarələr, informativ xəritələr və bukletlərin hazırlanması və paylanması;
– Taksi əməliyyatları;
– Məkan daxilində nəqliyyat və qolfkart xidmətləri;
– Fiziki məhdudiyyətli şəxslər üçün əlçatan infrastrukturun təmin edilməsi”.
O deyib ki, bütün bu xidmətlər dövlət qurumları ilə koordinasiyalı şəkildə və protokol qaydalarına uyğun həyata keçirilir:
“Sistemimizin dörd əsas məkanı mövcuddur:
– Heydər Əliyev Beynəlxalq Hava Limanı – qonaqların gəliş və gediş qovşağı;
– Bakı Olimpiya Stadionu – tədbirin əsas məkanı;
– Şəhərin əsas nəqliyyat qovşaqları və stansiyaları;
– Bakı üzrə rəsmi otellər.
Bu məkanlar arasında fasiləsiz nəqliyyat əlaqəsinin təmin olunması əsas prioritetlərdən biridir”.