EN

“Doğuş otağının əsl qəhrəmanları” - Səhiyyə Nazirliyinin mütəxəssisindən AÇIQLAMA

Hər il 5 may tarixində Beynəlxalq Həkim-Mama Günü qeyd olunur. Bu gün yalnız bir peşənin deyil, həm də minlərlə ananın və körpənin həyatında həlledici rol oynayan fədakar insanların əməyinə ehtiramın ifadəsidir. Çünki hər təhlükəsiz doğuşun arxasında diqqətli müşahidə, peşəkar bilik və böyük məsuliyyət dayanır. Məhz bu baxımdan mamaların səhiyyə sistemində rolu əvəzsizdir.

Moderator.az Təhlükəsiz hamiləlik və doğuş prosesində mamaların rolu barədə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun mama-ginekoloqu Siyafə Qasımova ilə müsahibəni təqdim edir.

– Siyafə xanım, mama kimdir və onun səhiyyə sistemində rolu nədən ibarətdir?

– Mama — hamiləlik, doğuş və zahılıq dövründə qadınlara, eləcə də yenidoğulmuşlara tibbi yardım göstərən, orta ixtisas tibb təhsilli peşəkar mütəxəssisdir. Səhiyyə sistemində onun əsas rolu normal doğuşları qəbul etmək, hamiləliyin gedişatını izləmək, profilaktik tədbirlər görmək və təxirəsalınmaz hallarda ilkin yardım göstərməkdən ibarətdir. Bu gün mama müasir tibb elminin tamhüquqlu nümayəndəsidir. Hamiləlik həyatın ən təbii hadisələrindən biridir. Mamanın işi onu təhlükəsiz və mümkün qədər rahat etməkdir.

Beynəlxalq Mama Günü hər il mayın 5-də qeyd olunur. Bu günün qeyd edilməsində əsas məqsəd cəmiyyətin diqqətini mamaların peşəkar roluna, onların hamilə qadınlara göstərdiyi xidmətlərə və ana-uşaq sağlamlığının qorunmasındakı misilsiz töhfələrinə yönəltməkdir. Eyni zamanda, bu tarix dünyada mamaların sayının artırılmasını və onların peşəkar hazırlığının gücləndirilməsini prioritet məsələ kimi önə çəkir.

– Təhlükəsiz hamiləliyin təmin olunmasında mama hansı funksiyaları yerinə yetirir?

– Mama hamiləliyin ilk günlərindən başlayaraq qadının yanında olan mütəxəssisdir. O, hamiləni qeydiyyata alır, ilkin müayinələr aparır, ümumi sağlamlıq vəziyyətini qiymətləndirir və hamiləliyin düzgün izlənməsi üçün plan tərtib edir. Mama müntəzəm prenatal müayinələri həyata keçirir, ananın çəkisini, qan təzyiqini, dölün inkişafını izləyir, hamilə qadını müvafiq həkim-mütəxəssisə yönləndirir. Eyni zamanda, sağlam qidalanma, düzgün həyat tərzi, vitaminlərin qəbulu, zərərli vərdişlərdən uzaq durma və hamiləlik zamanı davranış qaydaları haqqında ətraflı məlumat verir. Mama hamiləni doğuş prosesinə hazırlayır, tənəffüs texnikalarını öyrədir, doğuş zamanı davranış qaydalarını izah edir və psixoloji dəstək göstərir. Beləliklə, o, həm tibbi yardımın, həm də sosial-psixoloji dəstəyin daşıyıcısıdır.

– Hamiləlik dövründə risklərin erkən aşkarlanmasında mamaların rolu nə qədər vacibdir?

– Mamaların rolu bu prosesdə son dərəcədə vacib və həlledicidir. Onlar hamilə qadınla ilk təmasda olan tibb işçiləri kimi risklərin erkən mərhələdə aşkarlanmasında əsas mövqedə dayanırlar. Mama hamilənin ümumi sağlamlıq vəziyyətini mütəmadi olaraq qiymətləndirir və hansısa dəyişiklikləri vaxtında aşkar edir. Məsələn, yüksək qan təzyiqi, ödem və ya digər əlamətlər erkən aşkarlanarsa, preeklampsiya kimi ciddi ağırlaşmaların qarşısını almaq mümkündür. Onlar həm klinik müşahidələrə, həm də laborator və instrumental müayinələrin nəticələrinə əsaslanırlar. Eyni zamanda, qadının şikayətlərini diqqətlə dinləyərək düzgün qiymətləndirir və zərurət yarandıqda həkimə yönləndirirlər. Mama hamilə qadına təhlükəli əlamətləri izah edir - məsələn, qanaxma, güclü baş ağrısı və ya döl hərəkətlərinin azalması kimi hallarda dərhal müraciət etməyin vacibliyini bildirir. Bu da risklərin daha tez aşkarlanmasına və ana-uşaq sağlamlığının qorunmasına kömək edir.

– Doğuş zamanı mamanın iştirakı ana və körpə üçün nə dərəcədə vacibdir?

– Doğuş həyatın ən gözəl, eyni zamanda ən məsuliyyətli anlarından biridir. Mama doğuş prosesinin gedişatını davamlı olaraq monitorinq edir, ehtimal olunan ağırlaşmaları erkən mərhələdə aşkarlayır və həkim-ginekoloqa, cərraha və ya neonatoloqa məlumat verir. Mama bu prosesin hər mərhələsini — açılma, itələmə, körpənin doğulması və plasentanın xaric olması mərhələlərini — diqqətlə izləyir. O, uşaqlığın yığılmalarını, dölün ürək döyüntülərini nəzarətdə saxlayır və ananın ümumi vəziyyətini qiymətləndirir. Qan təzyiqinin kəskin yüksəlməsi, dölün ürək döyüntülərinin pozulması kimi qəfil baş verən ağırlaşmalarda mama dərhal tədbir görür. Doğuşdan dərhal sonra isə yenidoğulmuşun ilkin qiymətləndirilməsini aparır və onun vəziyyətinin stabil olmasına nəzarət edir.

– Ana və yenidoğulmuşun sağlamlığının qorunmasında mama ilə həkim əməkdaşlığı necə qurulur və bu iki peşənin əsas fərqi nədir?

– Mama ilə həkim bir-birini əvəz etmir — bir-birini tamamlayır. Həkim xəstəliyi müalicə edir, mama isə fizioloji və sağlam prosesə rəhbərlik edir. Normal hamiləlik və doğuşu mama müstəqil şəkildə idarə edə bilər. Lakin yüksək risk qrupuna aid olan hallarda məsələn, şəkərli diabet, arterial hipertenziya və s. mama həkimlə sıx əməkdaşlıq edir. Bu, vahid komanda işidir. Mama hamiləliyi müntəzəm izləyir, ilkin qiymətləndirmə aparır və müşahidə nəticələrini həkimlə paylaşır. Həkim isə mürəkkəb və riskli hallarda diaqnoz qoyur, cərrahi müdaxilə və ya müalicə təyin edir. Qadın üçün isə bu əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır: o, həm mamasının emosional dəstəyindən, həm də zərurət yarandıqda həkimin ixtisaslı müdaxiləsindən faydalanır.

– Azərbaycanda mama peşəsinin inkişafında hansı nailiyyətlər var?

– Son illərdə Azərbaycanda mama peşəsinin təkmilləşdirilməsi istiqamətində mühüm addımlar atılıb. Tədris proqramları beynəlxalq standartlara uyğunlaşdırılıb, mamaların peşəkar səriştəsinin artırılmasına diqqət gücləndirilib. Bu, sevindirici haldır. Regionlarda qadınlara bu istiqamətdə ixtisaslı tibbi xidmətlərin göstərilməsi ilə bağlı tədbirlər görülür. Mamaların müstəqil qərarvermə səlahiyyətlərinin genişləndirilməsi də mühüm məsələlərdəndir. Bu peşə bəzən yalnız “köməkçi” kimi qəbul olunur, halbuki mama müstəqil tibb mütəxəssisidir. Mama olmaq həm elmi bilik, həm də yüksək insani empatiya tələb edir. Dünyada mama çatışmazlığı ciddi problem olaraq qalır — bu sahəyə gələn hər bir gənc mütəxəssis həm bir ailəyə, həm də bütövlükdə cəmiyyətə töhfə verir.

Hər doğuş bir möcüzədir və hər möcüzənin arxasında peşəkar bir mama dayanır.

Chosen
1
7
moderator.az

8Sources