EN

11 yaşlı rəssamın rənglər dünyası - VİDEO

CASCFEN-in təşkilatçılığı ilə 11 yaşlı Yağmur Kamerin “Mənim dünyam” adlı ilk fərdi sərgisi keçirilib

Son illərdə Türk dünyasında birlik və həmrəylik artıq təkcə siyasi və iqtisadi müstəvidə deyil, mədəni sahədə də daha sistemli şəkildə güclənir. Ədəbiyyat, incəsənət tədbirləri, o cümlədən sərgilər bu inteqrasiyanın əsas amillərindən birinə çevrilir.

Bu kontekstdə mayın 2-də Bakıda Xətai Sənət Mərkəzində keçirilən 11 yaşlı Yağmur Kamerin “Mənim dünyam” adlı ilk fərdi sərgisi sadəcə yaradıcılıq tədbiri deyil, Türk dünyasının mədəni inteqrasiyasına töhfə verən növbəti mühüm hadisələrdən biri kimi dəyərləndirilir. Çünki “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” (CASCFEN) Ictimai Birliyinin təşkilatçılığı ilə keçirilən tədbir gənc istedadın təqdimatı olmaqla yanaşı, ortaq dəyərlərin formalaşmasına da xidmət edib.

Türk dünyasının mədəni inteqrasiyasına töhfə verən növbəti addım

Açılış mərasimində Azərbaycan Rəssamlar İttifaqının üzvləri, Türkiyə Səfirliyinin Ticarət Başmüaviri Nevzat Bozkurt, Yunus Emre İnstitutunun Azərbaycan korrdinatoru Gökhan Seyhan, iş adamları, müxtəlif təşkilatların və media qurumlarının təmsilçiləri, o cümlədən uşaq və gənclər iştirak ediblər.

CASCFEN-in Mətbuat xidmətindən verilən məlumata görə, gənc aparıcı Nuray Ədilzadənin təqdimatı ilə başlayan mərasimdə Yağmur haqqında qısa məlumat verilib. Bildirilib ki, valideynləri Türkiyənin məhşur iş adamları olan Yağmur Kamer 2014-cü ildə Bakıda anadan olub. Hazırda Bakıdakı British School-un 6-cı sinifində təhsil alan Yağmur 7-8 yaşlarından rəsm çəkməyə başlayıb.

Nadir Azəri: Yağmurun gələcəkdə öz əsərləri ilə türk dünyasına mühüm töhfələr verəcəyinə inanıram

Sonra sərginin keçirilməsi ideyası barədə danışan CASCFEN sədri Nadir Azəri bu ideyasının təxminən bir il öncə yarandığını, həmin vaxt təsadüfən Yağmurun rəsmləri ilə tanış olduğunu deyib.

CASCFEN sədri sərginin 3 may – Türkçülük Günü ərəfəsində keçirildiyini xüsusi vurğulayıb. O, bunun simvolik əhəmiyyət daşıdığını qeyd edib və tədbirin türk dünyasına bir ərməğan olduğunu bildirib. Nadir Azəri həmçinin Yağmurun gələcəkdə öz əsərləri ilə türk dünyasına mühüm töhfələr verəcəyinə inandığını ifadə edib.

O, gənc rəssamın gələcəyinə inam ifadə edib: “Sərgi çox əlamətdar gündə keçirilir. 2 may – Yunus Əmər Günü, 3 may – Türkçülük Günüdür. İnşallah, bu sərgi gələcəkdə Türkiyədə və digər ölkələrdə də təşkil olunacaq.”

Nevzat Bozkurt: Bu yaşda belə bir istedad gənclər üçün nümunə xarakteri daşıyır

Mərasimdə çıxış edən Türkiyə Cümhiryyətinin Azərbaycandakı Səfirliyinin Ticarət Başmüşaviri Nevzat Bozkurt da Yağmurun istedadını yüksək qiymətləndirərək, onun gələcəkdə daha böyük uğurlar qazanacağına inandığını bildirib: “Bu yaşda belə bir istedad gənclər üçün nümunə xarakteri daşıyır. İnanıram ki, o, gələcəkdə daha da gözəl rəsmlər çəkəcək. Ona gələcək həyatında uğurlar arzulayıram”.

Tuğba Kamer: Yağmur bizim rəngli dünyamızdır

Daha sonra çıxış edən Yağmurun valideynləri Tuğba Kamer və Serkan Kamer övladlarının uğurundan qürur duyduqlarını, onun inkişafına hər zaman dəstək verəcəklərini qeyd ediblər.

Anası Tuğba Kamer, “Yağmur bizim rəngli dünyamızdır. Bu gün o, həmin rəngli dünyasını bizə və sizlərə tanıtdı. Bu, bizim üçün çox xüsusi və qürurverici bir gündür. Yağmur özünü bizə sübut etdi, biz onunla fəxr edirik. Həmişə xəyallarının ardınca get, qızım” – deyib.

Yağmurun rəsm müəllimi Lamiyə Yüzbaşova isə şagirdinin uğurunu onun üçün ən böyük sevinc olduğunu deyib.

Yağmur Kamer: Fırçamla təkcə rəngləri deyil, hisslərimi, xəyallarımı və öz dünyamı ifadə edirəm

Sonda Yağmur Kamer çıxış edərək öz dünyasını rənglərlə ifadə etdiyini, bu dünyanı insanlarla bölüşməkdən böyük xoşbəxtlik duyduğunu bildirib: “Rəsm çəkməyə kiçik yaşlarımdan başlamışam, amma hər bir cizgi ilə bir az daha böyümüşəm. Fırçamla təkcə rəngləri deyil, hisslərimi, xəyallarımı və öz dünyamı ifadə edirəm. Mənim dünyam bəzən rəngarəng, bəzən sakitdir, amma hər zaman mənə məxsusdur”.

 

Yağmur deyib ki, bəzən sözlər kifayət etmir, amma rənglər həmişə danışır: “Bu sərgidə gördüyünüz hər rəsm mənim bir parçamdır. Kiçik ola bilərəm, amma içimdə böyük bir dünya var. Bu gün isə həmin dünyanı sizinlə paylaşdığım üçün çox xoşbəxtəm. Təşəkkür edirəm”.

Tədbirin yekununda Nadir Azəri Yağmur Kameryə CASCFEN adından diplom, həmçinin yazıçı Musa Mərcanlının Qarabağdakı quruculuq proseslərindən bəhs edən kitabını hədiyyə olaraq təqdim edib.

Mərasimdən sonra Yağmur Kamerin sərgilənən 20 rəsminə baxış keçirilib.

Sonda xatirə fotosu çəkilib.

"Cebheinfo.az"

 

 

Chosen
18
6
cebheinfo.az

7Sources