EN

Roma–Bakı xətti: Avropanın enerji təhlükəsizliyinin yeni dayağı 

“İtaliya Baş naziri Giorgia Meloninin Azərbaycana səfəri və İlham Əliyev ilə keçirdiyi görüşlər təkcə ikitərəfli münasibətlərin inkişafı baxımından deyil, həm də daha geniş Avrasiya məkanında geosiyasi və geoiqtisadi balansın formalaşması baxımından mühüm mərhələ kimi qiymətləndirilə bilər. Bu səfər, faktiki olaraq, Roma–Bakı xəttinin Avropanın enerji təhlükəsizliyində və Şərq-Qərb bağlantılarında strateji rolunu bir daha təsdiqlədi”.

Bunu Ölkə.az-a açıqlamasında Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sdəri Sadiq Qurbanov deyib.

Strateji tərəfdaşlıqdan geosiyasi ittifaqa doğru
Komitə sədri bildirib ki, Prezident İlham Əliyevin də vurğuladığı kimi, Azərbaycan və İtaliya arasında münasibətlər artıq formal diplomatik çərçivəni aşaraq dərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib: “2014 və 2020-ci illərdə imzalanmış sənədlər bu əməkdaşlığın institusional əsasını formalaşdırsa da, bugünkü reallıqda bu münasibətlər real geosiyasi gücə çevrilib.
“Əminəm ki, Sizin səfəriniz Azərbaycan-İtaliya dostluq əlaqələrinin inkişafına növbəti töhfə olacaqdır” – deyə Prezident İlham Əliyev bildirərək, bu əlaqələrin davamlı və sistemli inkişaf xətti üzrə irəlilədiyini vurğuladı.
İtaliyanın Azərbaycanın bir nömrəli ticarət tərəfdaşı olması (təxminən 12 milyard dollarlıq dövriyyə) və enerji sektorunda dərin inteqrasiya bu tərəfdaşlığın real iqtisadi əsaslarını ortaya qoyur.

Enerji təhlükəsizliyi: Avropa üçün Azərbaycan faktoru
Səfərin əsas məzmununu enerji əməkdaşlığı təşkil edir. Xüsusilə də Trans Adriatic Pipeline (TAP) layihəsi çərçivəsində Azərbaycan qazının Avropaya nəqli Avropa İttifaqının enerji təhlükəsizliyində həlledici elementə çevrilib.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi Azərbaycan 2025-ci ildə 25 milyard kubmetr qaz ixrac edib və bunun 9,5 milyard kubmetri İtaliyaya yönəlib. İtaliya həm neft, həm də qaz üzrə Azərbaycanın əsas bazarlarından biridir 
Bu göstəricilər təsdiqləyir ki, Azərbaycan artıq Avropanın enerji xəritəsində alternativ deyil, əsas təminatçılardan biridir.

Giorgia Meloni isə bunu daha açıq şəkildə ifadə etdi: “İtaliyaya qaz və neftin ixracı Rusiyanın Ukraynaya qarşı müharibəsindən sonra enerji təhlükəsizliyində müəyyənedici amil rolunu oynayır”. Bu yanaşma, əslində, Avropanın Rusiya enerjisindən asılılığını azaltmaq strategiyasında Azərbaycanın oynadığı rolu açıq şəkildə göstərir.

Enerji və bağlantılar: eyni medalın iki üzü
Meloninin “enerji və bağlantılar eyni medalın iki üzüdür” fikri səfərin geosiyasi mahiyyətini tam ifadə edir. Bu kontekstdə Azərbaycan yalnız enerji təchizatçısı deyil, həm də Avropa ilə Asiya arasında logistika və nəqliyyat qovşağıdır.

Orta Dəhliz – Avrasiyanın yeni iqtisadi arteriyası
Orta Dəhliz Çindən başlayaraq Mərkəzi Asiya, Xəzər hövzəsi, Azərbaycan və Cənubi Qafqaz üzərindən Avropaya uzanan ən qısa və təhlükəsiz ticarət marşrutlarından biridir. Bu marşrut qlobal ticarətdə alternativ logistika xətti yaradır, Avropanın Asiyaya çıxışını sürətləndirir, region ölkələrinin iqtisadi inteqrasiyasını gücləndirir. 

Zəngəzur dəhlizi – regional inteqrasiyanın açarı
Zangezur dəhlizi isə təkcə Azərbaycan üçün deyil, bütövlükdə region üçün strateji əhəmiyyət daşıyır. Bu dəhliz Avropa-Türkiyə-Azərbaycan-Mərkəzi Asiya-Çin xəttini birləşdirir və nəticə etibarı ilə Orta Dəhlizin effektivliyini artırır. Avropa ilə Asiya arasında fasiləsiz bağlantı yaradır. Bu baxımdan Roma–Bakı əməkdaşlığı artıq yalnız enerji deyil, həm də nəqliyyat və logistika inteqrasiyası üzərində qurulur”.

Geoiqtisadi sinerji və sənaye əməkdaşlığı
Deputat əlavə edib ki, səfər çərçivəsində diqqət çəkən digər mühüm məqam əməkdaşlığın sadəcə xammal ixracı ilə məhdudlaşmaması, sənaye və texnologiya sahələrinə genişlənməsidir:
“Baş nazir Meloninin sözləri ilə desək: “Biz yalnız təchizat həcmləri deyil, sənaye tərəfdaşlığının keyfiyyəti üzərində də çalışmalıyıq”.
Bu, aşağıdakı istiqamətləri əhatə edi: Birgə istehsal layihələri; İtaliya texnologiyası üstəgəl Azərbaycan kapitalı modeli; üçüncü ölkələrdə ortaq layihələr; enerji ilə yanaşı müdafiə, aerokosmik və yüksək texnologiyalar sahəsində əməkdaşlıq. Bu yanaşma münasibətləri klassik “təchizatçı–istehlakçı” modelindən çıxararaq strateji iqtisadi ittifaqa çevirir.

Avropa–Cənubi Qafqaz–Mərkəzi Asiya bağlantısı
Roma–Bakı xətti faktiki olaraq daha geniş geosiyasi platformanın nüvəsinə çevrilir: Avropa İttifaqı, Cənubi Qafqaz və Mərkəzi Asiya. Bu üçlük arasında körpü rolunu Azərbaycan oynayırsa, İtaliya Avropaya giriş qapısı funksiyasını üzərinə götürür.
Meloninin bu fikri bunu aydın şəkildə göstərir: “Azərbaycan Avropa ilə Asiya arasında fundamental qovşaq rolunu möhkəmləndirməlidir, İtaliya isə Avropa bazarına giriş qapısıdır”.

Gələcək perspektiv: enerji təhlükəsizliyindən strateji sabitliyə
Bu əməkdaşlıq gələcəkdə bir neçə mühüm istiqamətdə dərinləşəcək:
1.    TAP-ın genişləndirilməsi – Avropaya qaz nəqlinin artırılması 
2.    yaşıl enerji layihələri – alternativ enerji ixracı 
3.    nəqliyyat infrastrukturunun inteqrasiyası 
4.    regional sabitliyin gücləndirilməsi 
Nəticə etibarilə, Azərbaycan–İtaliya tərəfdaşlığı artıq yalnız iqtisadi deyil, həm də siyasi sabitlik və təhlükəsizlik arxitekturasının mühüm elementinə çevrilir.
Ciorcia Meloninin Bakı səfəri göstərdi ki, Roma–Bakı münasibətləri yeni mərhələyə qədəm qoyur. Bu mərhələ Avropanın enerji təhlükəsizliyinin təminində Azərbaycanın rolunu daha da gücləndirir; Avrasiya məkanında yeni nəqliyyat və ticarət xəritəsini formalaşdırır; geosiyasi balansın yenidən qurulmasında mühüm faktor kimi çıxış edir. 
Bu əməkdaşlıq modelinin əsas xüsusiyyəti isə onun çoxşaxəli olmasıdır: enerji, logistika, sənaye və təhlükəsizlik sahələri vahid strateji çərçivədə birləşir.
Beləliklə, Roma–Bakı xətti təkcə iki ölkənin deyil, bütövlükdə Avropa ilə Asiya arasında yeni geoiqtisadi körpünün əsas sütunlarından birinə çevrilməkdədir”.

Mürtəza

Chosen
17
50
olke.az

10Sources