EN

Deputat: “Meloninin səfəri Azərbaycan-İtaliya münasibətlərində yeni mərhələdir”

Deputat:
“Nəzərə alsaq ki, son 13 il ərzində İtaliyanın baş nazirlərinin Azərbaycana səfəri olmamışdı, bu səfər olduqca əhəmiyyətlidir”. Bu sözləri1news.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov İtaliya Respublikası Nazirlər Şurasının sədri Ciorcia Meloninin Azərbaycana etdiyi səfərin önəmindən bəhs edərkən deyib.
“Ciorcia Meloni Ermənistanın paytaxtında keçirilən “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısından dərhal sonra Bakıya gəlməsi təsadüfi sayılmamalıdır. Ölkə Prezidenti cənab İlham Əliyev bu məqama da diqqəti cəlb etdi ki, bu Azərbaycana olan yüksək münasibətin ifadəsidir. Cənab prezident həm ikitərəfli, həm geniş tərkibdə olan görüşlərdə, eyni zamanda mətbuat üçün olan birgə bəyanatda da vurğuladı ki, Azərbaycan-İtaliya münasibətləri strateji xarakter kəsb edir. Həm 2014, həm də 2020-ci illərdə imzalanmış 2 mühüm sənəd rəsmi Bakı, rəsmi Roma münasibətlərini strateji tərəfdaşlıq səviyyəsinə yüksəldib. Yəni biz fundamental məsələlərdə üst-üstə düşən mövqelərə malikik. Xüsusilə də hər iki rəhbərin mətbuata verdiyi bəyanatda belə bir fikir vurğulandı ki, Azərbaycan-İtaliya münasibətlərində energetika aparıcı sahədir. Bu istiqamətdə bizim əlaqələrimizin dinamikası çox yüksəkdir. Cənab prezident vurğuladı ki, bu gün İtaliya və Azərbaycan arasında ticarət dövriyyəsi 12 milyard dollar təşkil edir. Ölkəmiz bu gün 16 dövlətə qaz ixrac edir. Onlardan 10-u Avropa İttifaqı ölkələridir. Bu baxımdan İtaliya bizim üçün xüsusi əhəmiyyət kəsb edir. Azərbaycanın ildə ixrac etdiyi 25 milyard kubmetr təbii qazın 9,5 milyardı İtaliyanın payına düşür. İtaliyanın qazla da, neftlə də təchizatında Azərbaycan 2-ci mövqedə dayanır. Bütün bunlar əlaqələrimizin yüksək səviyyəsindən xəbər verir. Cənab prezident vurğuladı ki, bu gün İtaliya kapitalına məxsus 130 şirkət Azərbaycanda fəaliyyət göstərir. Eyni zamanda bizim üçün strateji əhəmiyyəti olan başqa bir məsələ də - Qarabağ və Şərqi Zəngəzurun bərpası işlərində İtaliya şirkətləri yaxından iştirak edir və 23 layihənin icra etməkdədir”. Deputat qeyd edib ki, bütün bunlar bir daha təsdiqləyir ki, bizim əlaqələrimizin yüksək inkişaf tempi var. “Xanım Ciorcia Meloni də vurğuladı ki, bu gün həm energetika sahəsində, həm də müdafiə sənayesi sahəsində əlaqələrimizin geniş perspektivi var. O qeyd etdi ki, aerokosmik sənaye, dəniz təhlükəsizliyi, mühüm infrastrukturun mühafizəsi, üstün texnologiyalar kimi sahələrdə İtaliyanın təcrübəsindən Azərbaycan istifadə edə bilər. O vurğuladı ki, bu gün qlobal qeyri-müəyyənlik dövründə Azərbaycanla əlaqələr sabit və inkişaf etməkdə olan ölkə kimi xüsusi önəm kəsb edir. Xanım Meloni qeyd etdi ki, bu gün Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesindən mıəmnundur. Bu gün dünyamız münaqişə və toqquşmalarla zəngindir. Belə bir vəziyyətdə Cənubi Qafqaza sülh və əmin-amanlığın gəlməsi İtaliya dövləti və onun rəhbərliyini sevindirir. Artıq Cənubi Qafqaz sabitlik məkanına çevrilməkdədir. Həm cənab Prezidentin, həm də xanım baş nazirin çıxışlarında ikitərəfli humanitar əlaqələr məsələsinə də diqqət cəlb edildi və vurğulandı ki, ADA nəzdində Azərbaycan-İtaliya ali məktəbinin fəaliyyət göstərməsi də müsbət hadisədir. Artıq 500 tələbə təhsil alır. Onlar gələcəkdə həm Azərbaycan, həm də İtaliya mədəniyyətində ikitərəfli əlaqələrin inkişafına böyük dəstək verəcək elçilərə çevriləcəklər. Bütövlükdə İtaliya Respublikası Nazirlər Şurasının sədri Ciorcia Meloninin Azərbaycana səfəri bir daha onu göstərdi ki, Avropa liderlərinin ölkəmizə münasibəti çox yüksəkdir. Azərbaycan Prezidentinin yeritdiyi siyasəti dəstəkləyirlər. Çünki bu siyasət müstəqildir. Heç biri üçüncü tərəfin əleyhinə yönəlməyib. Qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərinə xidmət edir. Azərbaycanla əməkdaşlıq edən dövlətlər yalnız uduşlu vəziyyətdə olurlar. Burada uduzan yoxdur. Azərbaycan da qazanır, tərəfdaşımız da qazanır. Bütün bunlar onu göstərir ki, Azərbaycan bu gün dünyada etibarlı tərəfdaş kimi qəbul edilir”. Xatırladaq ki, mayın 4-də İtaliya Respublikası Nazirlər Şurasının sədri Ciorcia Meloninin Azərbaycana səfəri baş tutdu. Səfər çərçivəsində Ciorcia Meloninin Prezident İlham Əliyev ilə həm təkbətək, həm də geniş tərkibdə görüşləri olub. Həmçinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İtaliya Respublikası Nazirlər Şurasının sədri Ciorcia Meloni mətbuata bəyanatlarla çıxış ediblər.

Chosen
9
50
1news.az

10Sources