EN

Elman Nəsirov: “Azərbaycan-İtaliya münasibətləri strateji xarakter daşıyır”

“İtaliya Baş nazirinin Azərbaycana səfəri bir daha göstərdi ki, Avropa liderlərinin ölkəmizə münasibəti yüksək səviyyədədir və onlar Azərbaycan Prezidentinin həyata keçirdiyi siyasəti dəstəkləyirlər. Çünki bu siyasət müstəqildir, heç bir üçüncü tərəfin əleyhinə yönəlməyib və qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərinə xidmət edir”.

Bunu “Cebheinfo.az”-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloninin Azərbaycana işgüzar səfəri ilə bağlı danışarkən deyib.

O bildirib ki, son 13 il ərzində İtaliya baş nazirlərinin Azərbaycana səfəri olmamışdı, bu baxımdan səfər xüsusi əhəmiyyət kəsb edir:

“Ciorcia Meloninin Ermənistanın paytaxtında keçirilən Avropa Siyasi Birliyinin (ASB) tədbirindən dərhal sonra Bakıya gəlməsi də təsadüfi hesab olunmamalıdır. Ölkə Prezidenti İlham Əliyev də bu məqama diqqət çəkərək qeyd edib ki, bu, Azərbaycana olan yüksək münasibətin ifadəsidir.

Cənab Prezident həm ikitərəfli, həm də geniş tərkibdə görüşlərdə, eyni zamanda mətbuat üçün verilən birgə bəyanatda vurğulayıb ki, Azərbaycan-İtaliya münasibətləri strateji xarakter daşıyır.

Həm 2014, həm də 2020-ci illərdə imzalanmış mühüm sənədlər rəsmi Bakı ilə Roma arasında əlaqələri strateji tərəfdaşlıq səviyyəsinə yüksəldib. Yəni biz fundamental məsələlərdə üst-üstə düşən mövqelərə malikik”.

Elman Nəsirov qeyd edib ki, xüsusilə hər iki liderin mətbuata verdiyi bəyanatlarda qeyd olunub ki, Azərbaycan-İtaliya münasibətlərində energetika sahəsi aparıcı istiqamətdir və bu sahədə əməkdaşlığın dinamikası kifayət qədər yüksəkdir:

“Prezident bildirib ki, hazırda iki ölkə arasında ticarət dövriyyəsi 12 milyard dollar təşkil edir. Azərbaycan bu gün 16 ölkəyə qaz ixrac edir ki, onların 10-u Avropa İttifaqına üzv dövlətlərdir.

Bu baxımdan, İtaliya Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan ildə təxminən 25 milyard kubmetr qaz ixrac edir və bunun 9,7 milyard kubmetri məhz İtaliyanın payına düşür.

Eyni zamanda, İtaliya Azərbaycanın qaz və neftlə təchizatında ikinci əsas tərəfdaşdır. Bütün bunlar iki ölkə arasında əlaqələrin yüksək səviyyədə olduğunu bir daha təsdiqləyir. Cənab Prezident vurğulayıb ki, bu gün İtaliya kapitalına məxsus 130 şirkət Azərbaycanda fəaliyyət göstərir.

Eyni zamanda, ölkəmiz üçün strateji əhəmiyyət daşıyan Qarabağ və Şərqi Zəngəzurun bərpası prosesində də İtaliya şirkətləri yaxından iştirak edir.  Onlar hazırda 23 layihəni icra edir və icra etməkdədir. Bütün bunlar bir daha təsdiqləyir ki, iki ölkə arasında əlaqələrin inkişaf tempi yüksəkdir”.

Deputat əlavə edib ki, İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloni ölkəmizi sabit və inkişaf edən tərəfdaş kimi dəyərləndirib:

“Qeyd edib ki, bu gün həm energetika sahəsində, həm də digər istiqamətlərdə, xüsusilə müdafiə sənayesi sahəsində əlaqələrimizin geniş perspektivi var.

O bildirib ki, aerokosmik sənaye, dəniz təhlükəsizliyi, infrastrukturun təhlükəsizliyinin təmin edilməsi və digər sahələrdə İtaliyanın təcrübəsindən Azərbaycan istifadə edə bilər.

O, Azərbaycanı sabit və inkişaf edən ölkə kimi dəyərləndirib. Xanım Meloni qeyd edib ki, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesindən məmnundur.

O bildirib ki, münaqişə və toqquşmalarla xarakterizə olunan müasir dünyada Cənubi Qafqaza sülh və əmin-amanlığın gəlməsi İtaliya dövlətini və onun rəhbərliyini sevindirir.

Onun sözlərinə görə, Cənubi Qafqaz artıq sabitlik məkanına çevrilməkdədir və bu istiqamətdə müsbət tendensiya müşahidə olunur. İtaliya sülh prosesini dəstəklədiyini və ona xüsusi töhfə verməyə hazır olduğunu ifadə edib”.

Deputat qeyd edib ki, mövcud qlobal qeyri-müəyyənlik şəraitində Azərbaycanın yeri, rolu və çəkisi getdikcə daha da yüksəlməkdədir:

“Eyni zamanda, həm Cənab Prezidentin, həm də xanım Baş nazirin çıxışlarında ikitərəfli humanitar əlaqələrə də diqqət yetirilib.

Vurğulanıb ki, ADA Universiteti nəzdində Azərbaycan-İtaliya Universitetinin fəaliyyət göstərməsi mühüm və müsbət hadisədir. Hazırda burada 500-dən çox tələbə təhsil alır.

Bu tələbələr gələcəkdə həm Azərbaycan, həm də İtaliya mədəniyyətinə töhfə verəcək, ikitərəfli əlaqələrin inkişafında mühüm rol oynaya biləcək bir körpü və elçi kimi çıxış edəcəklər.

Azərbaycanla əməkdaşlıq edən dövlətlər uduşlu vəziyyətdə olurlar. Burada uduzan tərəf yoxdur - həm Azərbaycan qazanır, həm tərəfdaşlarımız, eyni zamanda bu prosesə qoşulan digər ölkələr də fayda əldə edirlər.

Bu nöqteyi-nəzərdən son dövrlərdə Latviyanın, Ukraynanın, Çexiyanın və İtaliyanın yüksəksəviyyəli rəsmilərinin Azərbaycana səfərləri, eləcə də mart ayında Avropa İttifaqı Şurasının prezidentinin ölkəmizə gəlişi bir daha təsdiqləyir ki, Azərbaycan bu gün dünyada etibarlı tərəfdaş kimi qəbul olunur”.

Chosen
10
50
cebheinfo.az

10Sources