EN

Prezident 19-cu “Caspian Agro Week” və 31-ci “InterFood Azerbaijan” sərgiləri ilə tanış olub

Mayın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Bakı Ekspo Mərkəzində 19-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgi və Forumu - “Caspian Agro Week” və 31-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi - “InterFood Azerbaijan” ilə tanış olublar.

Aznews.az xəbər verir ki, kənd təsərrüfatı naziri Məcnun Məmmədov dövlətimizin başçısına və birinci xanıma sərgilər barədə məlumat verdi.

Bildirildi ki, 45 ölkədən 447 şirkətin iştirak etdiyi sərgilərin coğrafiyası bu il daha da genişlənib. İlk dəfə olaraq burada Braziliya, Efiopiya, Şimali Kipr milli pavilyonlarla təmsil olunur. Ümumilikdə isə sərgilərdə Almaniya, Belarus, Braziliya, Cənubi Koreya, Gürcüstan, İtaliya, İndoneziya və Niderlandın milli stendləri var.

“Caspian Agro Week” sərgisi kənd təsərrüfatı texnikası, obyektləri və avadanlıqları, suvarma, qablaşdırma, logistika, elektron kənd təsərrüfatı, innovasiya texnologiyaları, heyvandarlıq, quşçuluq, bitkiçilik, baytarlıq, tullantıların emalı sahələrini əhatə edir. Eyni zamanda, sərgidə “Smart Agro” istiqaməti üzrə süni intellekt, “ağıllı” kənd, startaplar, İT xidmətləri, robototexnika, pilotsuz uçuş aparatları və “green agro” bölmələri nümayiş olunur.

“InterFood Azerbaijan” sərgisində isə qida sənayesi, içkilər, meyvə-tərəvəz, qida texnologiyaları və digər bölmələr üzrə məhsullar və xidmətlər təqdim edilir.

Əsas yeniliklərdən biri indiyədək “Caspian Agro” kimi tanınan sərginin bu ildən “Caspian Agro Week” konsepti çərçivəsində təşkil olunmasıdır. Sərgi ilə yanaşı, konfrans və forumlar, həmçinin innovativ təsərrüfatlara səfərlər təşkil olunacaq.

Dövlətimizin başçısı və birinci xanım “Azərsun Holdinq” şirkətinin stendinə baxdılar. Şirkət “tarladan süfrəyə” prinsipi ilə fəaliyyət göstərərək, müasir avadanlıq və innovativ həllərlə yüksəkkeyfiyyətli kənd təsərrüfatı məhsulları istehsal edir. “Azərsun Holdinq”in fəaliyyəti bölgələrdə on minlərlə insanın daimi və mövsümi işlərlə təminatına imkan yaradır.

Azərbaycanın aqrar sektorunda 10 ildən artıq təcrübəyə malik “Agro Dairy” aparıcı kənd təsərrüfatı və qida şirkətlərindən biridir. Şirkət xammalın istehsalından emalına, logistikasından son məhsulun istehlakçıya çatdırılmasına qədər bütün mərhələləri birləşdirən güclü aqrar-sənaye ekosistemi formalaşdırıb. “Torpaqdan süfrəyədək” prinsipi əsasında qurulan dəyər zənciri məhsulun keyfiyyətini təmin edir.

Almaniyanın “Holmer” şirkəti şəkər çuğunduru yığmaq üçün özüyeriyən kombaynların istehsalında dünya lideridir. “Holmer” innovativ şirkət olmaqla, texnoloji cəhətdən qabaqcıl kənd təsərrüfatı texnikasının istehsalını və satışını həyata keçirir.

İtaliyanın “New Holland” şirkəti kənd təsərrüfatı texnikasının istehsalı sahəsində 130 illik təcrübəyə malikdir. Dünyanın 170-dən çox ölkəsində bu şirkətin məhsulları istifadə olunur. “New Holland” kombaynları və traktorları müasir texnologiyalarla təchiz olunaraq, fermerlərin işini asanlaşdırır, keyfiyyətli biçinlə yanaşı, məhsul yığımını da avtomatlaşdırır.

Rusiyanın “PhosAgro” şirkəti dünyada fosfatəsaslı gübrələrin aparıcı istehsalçılarından biridir. Şirkətin əsas fəaliyyət istiqaməti, eyni zamanda, yüksəkkeyfiyyətli fosfat süxurunun, həmçinin yem fosfatlarının, azot gübrələrinin və ammoniumun istehsalından ibarətdir. Avropanın ən iri fosfatəsaslı gübrə istehsalçısı olan bu şirkət, həmçinin ən böyük yüksəkkeyfiyyətli fosfat süxuru istehsalçısıdır.

Diqqətə çatdırıldı ki, 20 ilə yaxın təcrübəyə malik “Azera Holdinq” əkinçilik, heyvandarlıq, balıqçılıq üzrə aparıcı kənd təsərrüfatı şirkətlərini özündə birləşdirir. Qafqazın ən iri istixana komplekslərinə malik Holdinq həm də işğaldan azad olunmuş ərazilərdə geniş əkinçilik layihələrini uğurla icra edir. Holdinqə daxil olan “Fruitland” şirkəti Azərbaycanda ilk dəfə “Agroland” və “BinəAgro” şirkətlərinin 200 hektara yaxın əraziyə malik istixanalarında ildə 1000 tona yaxın banan yetişdirir.

Sərgidə iştirak edən Türkiyənin “Favo Agro” şirkəti kənd təsərrüfatı texnikası, avadanlıqları və ehtiyat hissələrinin tədarükü sahəsində fəaliyyət göstərən beynəlxalq şirkətdir. “Favo Agro” kənd təsərrüfatı texnikası ilə yanaşı, suvarma, sağım sistemləri və bu məhsullara aid ehtiyat hissələri üzrə həllər təqdim edir. Şirkət, həmçinin Azərbaycanda Favo və Aksan markaları ilə kənd təsərrüfatı texnikası və heyvandarlıq avadanlıqlarının istehsalını həyata keçirir.

Qeyd edildi ki, “Made in Azerbaijan” brendinin təşviqi üçün əlverişli platforma rolunu oynayan sərgilərə Kənd Təsərrüfatı Nazirliyi təşkilati dəstək göstərir. Nazirlik, həmçinin burada öz stendi ilə iştirak edir. Stenddə aqrar sektorun inkişafına yönəlmiş layihələr, dövlət dəstəyi mexanizmləri, rəqəmsal həllər, innovativ yanaşmalar, “Aqrar sahədə süni zəka”, “Dəqiq kənd təsərrüfatında süni intellektin tətbiqi” layihələri, həmçinin startap təşəbbüsləri ilə bağlı məlumatlar təqdim olunur. Burada, eyni zamanda, “ağıllı” kənd təsərrüfatı texnologiyaları, rəqəmsal monitorinq sistemləri, məhsuldarlığın artırılmasına yönəlmiş texnoloji yanaşmalar, işğaldan azad olunmuş ərazilərimizdə kənd təsərrüfatı təyinatlı torpaqların icarəyə verilməsi üzrə nazirliyin həyata keçirdiyi investisiya müsabiqələri ilə bağlı pilot layihə, regionlarda təşkil olunmuş aqrar biznes və məhsul festivalları barədə məlumatlar var.

Bu il sərgilərdə regionlarımızın aqrar və qida sahəsində mövcud imkanları ilə yaxından tanış olmaq mümkündür. Bundan başqa, hər il təşkilatçılar Azərbaycanın müxtəlif bölgələrindən olan fermerlər üçün sərgiyə turlar təşkil edirlər. Bu il 51 bölgədən 500-dən çox fermer sərgilər çərçivəsində ən son sənaye yenilikləri və beynəlxalq təcrübə ilə tanış ola biləcək.

Sərgilər BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi, Sahibkarlar Təşkilatları Milli Konfederasiyası, Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası və Azərbaycan Sərgi Təşkilatçıları Assosiasiyası tərəfindən dəstəklənir.

Sərgidə İspaniyanın “Industrıas Davıd” şirkəti də iştirak edir. Şirkət üzüm, zeytun və meyvə bağları üçün xüsusi texnologiyalı kənd təsərrüfatı avadanlıqları, o cümlədən məhsul yığımı üçün maşınlar istehsal edir.

Dövlətimizin başçısı və birinci xanım “Gürcüstan Milli Qrupu”nun stendində də oldular. Həmişə olduğu kimi, bu dəfə də Gürcüstan sərgidə iştiraka böyük maraq göstərir. Bu ölkədən 10-a yaxın şirkət öz kənd təsərrüfatı məhsullarını təqdim edir.

Kənd təsərrüfatı sistemləri sahəsində ixtisaslaşan İsrailin “AFI Projects” şirkəti kompüterləşdirilmiş təsərrüfat idarəetmə sistemləri, süd fermalarının layihələndirilməsi və tikintisi, müxtəlif növ sağım otaqları və təsərrüfatların yenidən qurulması sahəsində xidmətlər təqdim edir. “AFI Projects” həm böyük fermalar, həm də kiçik təsərrüfatlar üçün əmək və istehsal proseslərini optimallaşdırmağa dəstək verir.

“İtaliya Respublikasının Milli Qrupu”nun stendi ilə tanışlıq zamanı məlumat verildi ki, bu ölkədən olan şirkətlər sərgilərdə iştiraka böyük maraq göstərir. Belə ki, budəfəki sərgilərdə İtaliyanın kənd təsərrüfatı məhsulları və avadanlıqları istehsal edən 20-yə yaxın şirkəti iştirak edir.

Chosen
1
40
aznews.az

10Sources