EN

Günəş Sisteminin ən qəribə peykləri: Bir-birinə toxunmadan yer dəyişən ikili

Günəş Sistemindəki nəhəng planetlərin peykləri deyildikdə adətən ilk ağla Yupiter gəlir. Lakin Saturnun halqaları arasında gizlənən kosmik bir fenomen bu təsəvvürü dəyişdirir. Elm dünyasında “rəqs edən peyklər” kimi tanınan Janus və Epimetheus yalnız buzdan ibarət sıradan göy cisimləri deyil.

HİT.az xəbər verir ki, onları unikal edən əsas xüsusiyyət, eyni orbitdə hərəkət edərkən sərgilədikləri və Günəş Sistemi'ndə nadir rast gəlinən yerdəyişmə mexanizmidir. Aralarındakı məsafə bəzən öz ölçülərindən belə kiçik olsa da, bu iki peyk milyardlarla ildir toqquşmadan hərəkət etməyi bacarır.

Bu qeyri-adi davranış mürəkkəb cazibə qüvvəsi qarşılıqlı təsirinə əsaslanır. Təxminən 200 kilometrlik ölçülərə malik bu iki peyk Saturnun onlarla peyki arasında nisbətən kiçik cisimlər sayılır və demək olar ki, eyni orbit xəttini bölüşür.

Normal şəraitdə bu qədər yaxın orbitlərdə hərəkət edən cisimlərin toqquşması qaçılmaz hesab edilərdi. Lakin təxminən dörd ildən bir daxili orbitdə daha sürətli hərəkət edən peyk digərinə yaxınlaşdıqda, onlar cazibə qüvvəsinin təsiri ilə yer dəyişirlər. Bu proses nəticəsində biri xarici orbitə keçir, digəri isə daxili orbitə enir və beləliklə, onlar bir-birinə toxunmadan sabit bir dövrə içində hərəkət etməyə davam edirlər.

Bu iki peykin mövcudluğu uzun müddət astronomiya dünyasında çaşqınlıq yaradıb. 1966-cı ildə Saturn ətrafında aparılan müşahidələr zamanı Janus aşkar edilib, lakin obyektin müxtəlif mövqelərdə görünməsi alimləri uzun müddət səhv nəticələrə aparıb.

Hətta Roma mifologiyasındakı ikiüzlü tanrı Janusun adı da bu qeyri-müəyyənliyə istinad olaraq seçilmişdi. Həqiqi vəziyyət 1980-ci ildə “Voyager 1” kosmik aparatı bölgədən keçərkən aydınlaşıb: əslində tək bir peyk deyil, eyni orbitdə hərəkət edən iki ayrı göy cisimi mövcud idi.

2026-cı ilin əvvəlində baş verən son yaxınlaşma zamanı Epimetheus yenidən daxili orbitə keçərək dörd illik xarici orbit dövrünü tamamlayıb.

Alimlərin ehtimalına görə, bu iki peyk keçmişdə parçalanmış daha böyük bir göy cisminin qalıqlarıdır. Səthlərindəki dərin kraterlər də bu uzunmüddətli kosmik tarixə işarə edir.

Bununla belə, bu dinamik orbital rəqs sonsuza qədər davam etməyəcək. Saturnun halqaları ilə qarşılıqlı təsirlər nəticəsində peyklərin planetdən tədricən uzaqlaşdığı bildirilir. Gələcək ssenarilərə görə, Epimetheus müəyyən mərhələdə Janusun orbitində sabit mövqe tuta bilər və bu unikal kosmik “rəqs” sona çata bilər. Hazırda isə bu hadisə göy üzünün ən maraqlı və nadir görünən təbiət hadisələrindən biri kimi müşahidə olunur.

Samir

Chosen
42
hit.az

1Sources