Gürcüstan klubu millimizin üzvü ilə bağlı paylaşım edib.
Şimal-qərb qonşumuzun “Samtredia” klubu Abdulax Xaybulaevi diqqətsiz buraxmayıb.
Belə ki, 24 yaşlı yarımmüdafiəçinin “Sabah”la çempion olması keçmiş klubunda sevinclə qarşılanıb.
Samtredianın eyniadlı təmsilçisi sosial şəbəkə hesabında dayaq yarımmüdafiəçisinin şəklini paylaşaraq onu bu sözlərlə təbrik edib:
“Komandamızın keçmiş futbolçusu, Azərbaycan millisinin üzvü Abdulax Xaybulaev “Sabah” klubu ilə Azərbaycan çempionu olub.
Klub tarixinin ilk çempionluğunda əməyi olan Abdulaxı təbrik edirik”.
Abdulax Xaybulaev 2023-cü ildə “Sabah”a məxsus olaraq icarə əsasında “Samtredia”nın formasını geyinib.
O, “ağ-göylər”in heyətində 30 oyunda 4 qol vurub, həmin sayda assistlə yadda qalıb.
HƏBİB / SPORTİNFO.AZ