Sankt-Peterburqda aparılan cinayət işi çərçivəsində şəhərin bakılı qubernatoru Aleksandr Beqlov ilə əlaqəli bir sıra media və ictimai fiqurlar istintaqa cəlb olunub.
Musavat.com Rusiya mediasına istinadən xəbər verir ki, istintaq materiallarına görə, əsas fiqurlardan biri qubernatorun keçmiş xüsusi nümayəndəsi və Şəhər İdarəetmə Mərkəzinin (ÇUR) sabiq rəhbəri Yelena Nikitinadır.
Ona xüsusilə külli miqdarda mənimsəmə və vəsaitlərin leqallaşdırılması ittihamları irəli sürülüb. İş üzrə digər təqsirləndirilən şəxslər arasında sabiq deputat Aleksandr Malkyeviç, bloqer Nikolay Kamnev, “Sankt-Peterburq” telekanalının keçmiş baş direktoru Boris Petrov, onun sabiq müavini Sergey Sırov, həmçinin “Ailə və Uşaq Mədəniyyəti Fondu”nun rəhbəri Sergey Kojokar yer alır.

İstintaqın versiyasına görə, 2020–2021-ci illərdə “Şəhər Televiziya və Radio Yayımı Agentliyi” ilə sözügedən fond arasında informasiya xidmətləri üzrə müqavilələr bağlanıb. Lakin bu xidmətlərin faktiki yerinə yetirilmədiyi, təqdim olunan hesabatların isə formal xarakter daşıdığı iddia olunur. Buna baxmayaraq, fondun hesabına 37,2 milyon rubl məbləğində büdcə vəsaiti köçürülüb. Ehtimal olunur ki, həmin vəsaitlər daha sonra əlaqəli şirkətlər vasitəsilə çıxarılaraq nağdlaşdırılıb.
İstintaqda ÇUR-un rolu da xüsusi vurğulanır. Bildirilir ki, bu qurum vasitəsilə media layihələri və podratçılarla iş koordinasiya edilib, büdcə vəsaitlərinin bölüşdürülməsi həyata keçirilib. Hazırda istintaq davam edir və yekun qərarı məhkəmə verəcək. Qubernatorun idarəçiliyindən narazılıq çoxdan var, hətta prezident Putinin onu vaxtından əvvəl istefaya göndərəcəyi iddiaları da vardı. Amma son qubernator seçkilərində ona yenidən etimad göstərildi.
Postsovet Sankt-Peterburqun tarixində şəhərin indiyədək beş meri olub: Anatoli Sobçak (o zaman mer vəzifəsi, 1991-1996), Vladimir Yakovlev (1996-2003), Valentina Matviyenko (2003-2011), Georgi Poltavçenko (2011-2018) və Aleksandr Beqlov (2019-cu ildən). Bildirilir ki, Sankt-Peterburq qubernatoru indiyədək şəhərə rəhbərlik edənlər sırasında ən çox tənqid edilən məmurdur.
Qeyd edək ki, Beqlov 1956-cı il mayın 19-da Bakıda doğulub. 1941-ci il yayın əvvəlində onun valideynləri Bakıya istirahətə gəliblər.Valideynləri burada olanda müharibə başlayıb. Atasını dərhal cəbhəyə göndəriblər, anası isə iki yaşlı oğlu və dörd yaşlı qızı ilə birlikdə yad şəhərdə tək qalıb. Atasının dostları onları burada himayə ediblər. Beqlovun atası İkinci Dünya müharibəsi başa çatana qədər cəbhədə olub və yalnız 1946-cı il ərəfəsində Bakıya qayıdıb. Onların ailəsi Azərbaycanda qalmağı qərara alıb. A.Beqlov ailədə səkkizinci uşaq olub.
Musavat.com