ain.az, Azertag portalına istinadən məlumat yayır.
Bakı, 6 may, AZƏRTAC
Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova 19-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi ("Caspian Agro") və 31-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi ("InterFood Azerbaijan") çərçivəsində Azərbaycanda səfərdə olan Moldova Respublikası Kənd Təsərrüfatı və Qida Sənayesi Nazirliyinin Baş katibi Sergiu Gerciu ilə görüşüb.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, nazir müavini onlara “Caspian Agro” sərgisi, həmçinin Azərbaycanda aqrar sektorun mövcud vəziyyəti, kənd təsərrüfatına dövlət dəstəyi mexanizmləri haqqında ətraflı məlumat verib. Qeyd edib ki, kənd təsərrüfatı iki ölkə arasında əməkdaşlıq üçün ən perspektiv sahələrdən biridir. Nazir müavini Moldovanın üzümçülük və şərabçılıq sahəsində zəngin tarixə və uğurlu təcrübəyə malik olduğunu vurğulayıb və ölkəmizin bu sahədə qabaqcıl texnologiyaların və nou-hauların ötürülməsində marağını diqqətə çatdırıb.
Moldova Respublikası Kənd Təsərrüfatı və Qida Sənayesi Nazirliyinin Baş katibi Sergiu Gerciu ölkəsinin Azərbaycanla dost ölkə olduğunu və bütün sahələr üzrə tərəfdaşlığın inkişafında maraqlı olduğunu vurğulayıb. O, kənd təsərrüfatı sahəsində əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın mövcudluğunu qeyd edib.
Tərəflər aqrar əməkdaşlığın dərinləşdirilməsində qarşılıqlı maraqlarını ifadə ediblər.
Görüş zamanı qarşılıqlı maraq doğuran məsələlər barədə geniş fikir mübadiləsi aparılıb.
Müxbir – Gülay Nəzərova



Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.