EN

ABŞ Hərbi Dəniz Qüvvələrinin üçüncü idarəolunan raket esminesi Fars körfəzinə daxil oldu

Amerika idarə olunan raket esminesi olan USS Rafael Peralta (DDG-115) Hörmüz boğazından keçərək Fars körfəzinə daxil olub.

Redaktor.az xəbər verir ki, bu barədə "CBS News" məlumat yayıb. 

Bildirilib ki, ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus daha iki esmines — USS Truxtun (DDG-103) və USS Mason (DDG-87) hazırda Hörmüz boğazının qərb hissəsində yerləşir.

Məlumata görə, bu döyüş gəmiləri Hörmüz boğazı vasitəsilə keçən ticarət gəmilərinin təhlükəsizliyini təmin etmək üçün yaradılmış çoxqatlı müdafiə sisteminin bir hissəsidir. Sistemə hərbi gəmilər, döyüş təyyarələri və hava hücumundan müdafiə vasitələri daxildir.

ABŞ Mərkəzi Komandanlığı CENTCOM bildirib ki, 4 may tarixində "USS Truxtun" və "USS Mason" qırıcı təyyarələr və helikopterlərin müşayiəti ilə boğazdan keçərkən İran qüvvələri tərəfindən raket, dron və sürət qayıqları ilə hücuma məruz qalıb. Lakin ABŞ tərəfi bütün təhlükələrin uğurla zərərsizləşdirildiyini açıqlayıb.

Eyni zamanda, ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazında ticarət gəmilərinin təhlükəsiz keçidini təmin etməyə yönəlmiş “Azadlıq Layihəsi” əməliyyatının müvəqqəti dayandırıldığını elan edib. Əməliyyatın İranla mümkün razılaşmalar fonunda yenidən qiymətləndirildiyi bildirilir.

Müşahidəçilər hesab edirlər ki, son hərbi hərəkətlər bölgədə onsuz da yüksək olan gərginliyi daha da artıra bilər və Hörmüz boğazının strateji əhəmiyyətini yenidən gündəmə gətirir.

Aminə ŞAHSUVARQIZI

Chosen
5
redaktor.az

1Sources