EN

Səhiyyə Nazirliyi: “Həkim–pasiyent münasibəti anlayış üzərində qurulmalıdır”

“Həkim–pasiyent münasibətlərində empati mühüm rol oynayır və bu əlaqə əsasən qarşılıqlı anlayış üzərində qurulmalıdır”. 

“Cebheinfo.az” xəbər verir ki, bu sözləri Səhiyyə Nazirliyinin rəsmi “Instagram” hesabında keçirilən canlı yayım zamanı Səhiyyə Nazirliyi 2 nömrəli Klinik Psixiatriya Xəstəxanasının klinik psixoloqu, psixoterapevt Rövşən Nəcəfov deyib. O bildirib ki, tibbi yardım yalnız müalicə prosesi deyil, həm də düzgün ünsiyyət və emosional dəstək tələb edir: 

“Pasiyent üçün vacib məqamlardan biri odur ki, həkimin əsas məqsədi onu həm fiziki, həm də psixoloji baxımdan sağlamlığa qovuşdurmaqdır. Bununla belə, bəzən tərəflər arasında kommunikasiya çətinlikləri yaranır və bu, müalicənin gedişinə təsirsiz ötüşmür. 

Səhiyyə sahəsinin xüsusiyyətlərindən biri ondan ibarətdir ki, sağalma prosesi dərhal baş vermir. Pasiyentlər tez nəticə gözləsələr də, müalicə mərhələli və ardıcıl şəkildə həyata keçirilir. Bu ardıcıllığın pozulması isə xəstəliyin təkrarlanma riskini artıra bilər”. Həkim qeyd edib ki, həkimin vəzifəsi yalnız diaqnoz qoymaq və müalicə təyin etmək deyil: 

“O, həm də pasiyentin narahatlığını azaltmalı, onu müalicə prosesinə psixoloji olaraq hazırlamalı və emosional dəstək göstərməlidir. Lakin gözləntilərin düzgün idarə olunmaması tərəflər arasında etimadın zəifləməsinə səbəb ola bilər. 

Bəzi hallarda pasiyentlər problemin dərhal həll olunacağını düşünürlər. Bu isə real müalicə prosesinin mahiyyəti ilə uyğun gəlmir, çünki sağlamlığa qayıdış vaxt və davamlılıq tələb edir. Empatiyanın zəifləməsi həkim–pasiyent münasibətlərinə birbaşa mənfi təsir göstərir”. 

Chosen
57
cebheinfo.az

1Sources