Dünyada milyonlarla insanın əziyyət çəkdiyi miqren ağrılarına qarşı yeni və daha təhlükəsiz üsul tapılıb. Elm adamları apardıqları araşdırmalar nəticəsində müəyyən ediblər ki, yeni nəsil preparatlar yan təsirləri minimuma endirməklə yanaşı, xəstəliyin şiddətini də azaldır.
"Eptinezumab" və "atogepant" əsaslı bu dərmanlar ay ərzində baş ağrısı günlərinin sayını nəzərəçarpacaq dərəcədə azaldır. Tədqiqatçılar ayda ən azı 15 gün miqren ağrısı çəkən xroniki xəstələrin göstəricilərini təhlil ediblər. Məlum olub ki, bədəndə ağrı və iltihaba səbəb olan "CGRP" zülalına təsir edən vasitələr digər metodlardan daha effektivdir.
Mütəxəssislərin rəyinə görə, bu müasir dərmanlar köhnə üsullarla müqayisədə xəstələr tərəfindən daha rahat qəbul edilir. Əvvəllər istifadə olunan botoks və ya qıcolma əleyhinə preparatlar çox vaxt gözlənilən nəticəni vermirdi və orqanizmdə xoşagəlməz reaksiyalar yaradırdı. Yeni tapılan vasitələr isə həm həb, həm də iynə və sprey formasında təqdim olunur. Alimlər tamamilə yan təsiri olmayan dərmanın mövcud olmadığını xatırlatsalar da, bu preparatların miqrenlə mübarizədə inqilabi addım olduğunu vurğulayıblar.
Yəni, alimlər miqren ağrılarını kəsən və insan orqanizminə demək olar ki, mənfi təsir göstərməyən yeni dərmanların köhnə üsullardan daha xeyirli olduğunu sübut ediblər.//Demokrat.az