EN

Tanınmış futbolçu 30 yaşında karyerasını başa vurur

Dortmund “Borussiya”sının müdafiəçisi Niklas Züle 2025/26 mövsümünün son Bundesliga turundan sonra futbolçu karyerasını başa vuracaq.

Publika.az xəbər verir ki, bu barədə 30 yaşlı futbolçu “Spielmacher” podkastında bildirib:

“Yayda karyeramı başa vuracağımı açıqlamaq istəyirəm. Hoffenhaymdakı paltardəyişmə otağında həkim mümkün çarpaz bağ qopmasını müəyyən etmək üçün test aparanda fizioterapevtə baxıb başını yellədi. Fizioterapevt də yoxladı və o da sabitlik hiss etmədi. Mən duş otağına gedib 10 dəqiqə ağladım. Həmin an həqiqətən düşündüm ki, hər şey bitdi, bağ qopub.

Ertəsi gün MRT-yə gedəndə və yaxşı xəbəri alanda – yəni çarpaz bağın qopmadığını öyrənəndə mənim üçün hər şey yüz faiz aydın oldu ki, artıq son nöqtəni qoymalıyam. Futboldan sonrakı həyatdan zövq almağı təsəvvür edirdim – sərbəst olmaq, istirahətə getmək, uşaqlarımla vaxt keçirmək, amma eyni zamanda üçüncü dəfə çarpaz bağ zədəsi ilə mübarizə aparmaq fikri mənə dəhşətli gəlirdi”.

Zülenin “Borussiya” ilə müqaviləsi 30 iyun 2026-cı ildə başa çatır. O, 2022-ci ilin iyulundan Dortmund klubunda çıxış edir. Müdafiəçi 2025/26 mövsümündə keçirdiyi 12 oyunda 1 məhsuldar ötürmə edib.

Chosen
22
publika.az

1Sources