EN

Bazara vaxtından əvvəl çıxarılan meyvələr nə qədər təhlükəsizdir? - Ekspert AÇIQLADI

Meyvələrin mövsümündən əvvəl bazara çıxarılması son illərdə çox yayılan hallardandır. Xüsusilə çiyələk, pomidor, ərik kimi məhsullar tam yetişmədən yığılır və satışa təqdim olunur. Bunun əsas səbəbi daşınma müddətinə davam gətirməsi və daha tez bazara çıxarılmasıdır.

Day.Az-a açıqlamasında qida məsələləri kulinar-texnoloq Mübariz Vəliyev deyib ki, yetişməmiş meyvələrin həm dad, həm də qida dəyəri baxımından fərqi olur.

"Ağ və ya tam yetişməmiş halda yığılan çiyələk günəş altında təbii şəkildə yetişən məhsulla eyni vitamin və antioksidant tərkibinə malik olmur. Dadı zəif, aromatı az olur və bəzi hallarda süni yetişdirmə prosesləri tətbiq edilir.

Ən vacib məqam isə budur ki, erkən məhsul istehsalında bəzən normadan artıq gübrə və kimyəvi vasitələrdən istifadə riski artır. Bu isə xüsusilə uşaqlarda, allergiyaya meylli insanlarda və həssas orqanizmə sahib şəxslərdə müəyyən narahatlıqlara səbəb ola bilər", - deyə o bildirib.

M.Vəliyev qeyd edib ki, kulinar texnologiyası baxımından meyvənin mümkün qədər öz mövsümündə istehlak edilməsi tövsiyə olunur:

"Çox parlaq, həddindən artıq iri və qeyri-təbii görünən məhsullara diqqətlə yanaşılmalıdır. Meyvə istifadədən əvvəl yaxşı yuyulsun və bir müddət suda saxlanılmalıdır. Yerli və mövsümi məhsullara üstünlük verilməlidir. Unutmaq olmaz ki, təbii yetişmiş məhsul həm daha təhlükəsiz, həm də daha faydalıdır", - o vurğulayıb.

Nəsimi Ələsgərli

Chosen
17
day.az

1Sources