EN

Bürcünüzə görə qisas alma üsulları: kimdən qorxmalı, kimi bağışlamalı?

Hər bürcün xəyanətə və ya haqsızlığa verdiyi reaksiya fərqlidir. Bəziləri həmin an sərt reaksiya verir, bəziləri isə qisasını "soyuq yeyilən yemək" kimi illərlə gözləyir.

 

Pravda.az bürclərin qisas üsulunu təqdim edir:

 

Qoç (21 Mart - 20 Aprel): "İldırım sürətli reaksiya"

Qoç bürcləri incitdiyiniz zaman nəticələri dərhal görəcəksiniz. Onlar plan qurub gözləməyi sevmirlər. Qəzəbi bir anda püskürən vulkan kimidir, qışqırar, tökər-dağıdar və hər kəsin içində sizi rüsvay edə bilər. Lakin hirsini tökdükdən sonra adətən sakitləşir və kin saxlamır.

 

Buğa (21 Aprel - 20 May): "Səssiz və dərindən"

Bir Buğanın etibarını itirmisinizsə, geri dönüşü çətindir. Onlar qisaslarını çox yavaş və planlı alırlar. Sizi həyatlarından tamamilə silərək və heç vaxt olmamısınız kimi davranaraq ən böyük cəzanı verərlər. Səbrləri daşanda isə qarşılarında durmaq mümkün deyil.

 

Əkizlər (21 May - 21 İyun): "Sözlərin gücü"

Əkizlər fiziki qisadan çox, intellektual qisasa üstünlük verirlər. Haqqınızda elə bir şayiə yayar və ya sizi sözləri ilə elə bir vəziyyətə salarlar ki, cəmiyyət içinə çıxmağa utanarsınız. Onların silahı dili və zəkasıdır.

 

Xərçəng (22 İyun - 22 İyul): "Emosional zərbə"

Xərçənglər çox həssas olduqları üçün incidildikdə dərindən yaralanırlar. Onlar adətən "səssiz qisas" üsulunu seçirlər. Sizi günahkar hiss etdirmək üçün hər şeyi edərlər. Əgər doğrudan da çox canı yanıbsa, ən gözlənilməz anda hisslərinizə zərbə vura bilərlər.

 

Şir (23 İyul - 23 Avqust): "Taxt-tac davası"

Şir bürcünü alçaltmaq ən böyük səhvdir. O, qisasını sizi hamının gözü qarşısında kiçik düşürərək alacaq. Sizin ondan qat-qat üstün olduğunu nümayiş etdirərək mənəviyyatınızı əzər. Şirin qisası ehtişamlı və səs-küylü olur.

 

Qız (24 Avqust - 23 Sentyabr): "Mükəmməl plan"

Qız bürcləri qisas alarkən detala çox önəm verirlər. Sizin ən zəif nöqtənizi tapar və o nöqtədən vurar. Heç bir iz qoymadan, soyuqqanlılıqla hərəkət edərlər. Çox vaxt qisası kimin aldığını belə anlaya bilməzsiniz.

 

Tərəzi (24 Sentyabr - 23 Oktyabr): "Ədalət axtarışı"

Tərəzilər konfliktləri sevmirlər, lakin ədalətsizliyə dözmürlər. Onlar qisaslarını "balans bərpa etmək" naminə alırlar. Sizin onlara etdiyinizi eynilə sizə yaşadaraq "hesabı bağlayarlar".

 

Əqrəb (24 Oktyabr - 22 Noyabr): "Qisasın ustası"

Qisas mövzusunda ən təhlükəli bürcdür. Əqrəb heç vaxt unutmur və bağışlamır. O, illərlə gözləyə bilər. Zərbəni ən xoşbəxt anınızda və ən gözlənilməz yerdən vuracaq. Onun qisası strateji və dərindir.

 

Oxatan (23 Noyabr - 21 Dekabr): "Sərt həqiqətlər"

Oxatanlar kin saxlamağı çox bacarmırlar, çünki həyat onlara görə çox qısadır. Amma hirslənəndə üzünüzə bütün acı həqiqətləri bir-bir deyib sizi yerlə bir edərlər. Onların qisası səmimi, amma dağıdıcı bir dürüstlükdür.

 

Oğlaq (22 Dekabr - 20 Yanvar): "Karyera və status zərbəsi"

Oğlaq üçün ən yaxşı qisas uğurdur. Sizin ondan daha aşağı səviyyədə olduğunuzu sübut etmək üçün var gücü ilə çalışacaq. Əgər peşəkar mühitdəsinizsə, nüfuzunuzu sarsıtmaq üçün soyuqqanlı addımlar ata bilər.

 

Dolça (21 Yanvar - 19 Fevral): "Yox saymaq"

Dolçalar üçün intiqamın ən kəskin forması sizi "bloklamaqdır". Həm sosial şəbəkələrdə, həm də real həyatda sizi tamamilə yox sayarlar. Sizin varlığınız onun üçün heç bir məna ifadə etmədiyi gün, Dolça qisasını almış sayılır.

 

Balıqlar (20 Fevral - 20 Mart): "Dram və vicdan əzabı"

Balıqlar qisas alarkən sizi vicdan əzabında boğarlar. Elə bir qurban obrazı yaradarlar ki, bütün dünya sizi zalım, onu isə məsum mələk kimi görər. Onların qisası fiziki deyil, psixolojidir.

 

Əminə Bayramova

Tarix: 8 May 2026, 08:45   
Chosen
41
pravda.az

1Sources