Son dövrlər pərakəndə ticarət və iaşə obyektlərində nağdsız ödənişlərin POS-terminallar vasitəsilə deyil, “kartdan-karta” köçürmə yolu ilə aparılması halları geniş yayılıb. Belə ki, vətəndaşlar bildirirlər ki, bəzi hallarda onlara bank kartı ilə rəsmi ödəniş etmək imkanı yaradılmır, yalnız fiziki şəxs kartına köçürmə təklif edilir və bu zaman kassa çeki də təqdim olunmur.
Bu cür yanaşma həm nağdsız ödənişlərin şəffaflığı, həm də vergi uçotu baxımından müəyyən risklər yarada bilər. Məhz bu kontekstdə, istehlakçıların hüquqlarının qorunması və ödəniş seçim imkanlarının təmin olunması məsələsi də gündəmə gəlir.
Publika.az xəbər verir ki, mövzu ilə bağlı Modern.az-a açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, istehlakçılar hər zaman özlərini sərbəst və rahat hiss etməli, seçim hüquqları qorunmalıdır.
Onun sözlərinə görə, kartdan-karta ödəniş üsulu bir tərəfdən istehlakçı üçün rahatlıq yaratsa da, digər tərəfdən qanunvericiliyin pozulmasına səbəb olur və istehlakçı fərqində olmadan bu prosesin iştirakçısına çevrilir:
"Bu məsələ ilə bağlı Azad İstehlakçılar Birliyi olaraq bizim quruma çoxsaylı şikayətlər daxil olur. Şikayətlər əsasən kartdan-karta ödənişlər zamanı yaşanan hallarla bağlıdır. Nümunə olaraq, mebel sifarişi və ya müxtəlif xidmətlər zamanı vətəndaşdan ödənişi POS-terminal vasitəsilə deyil, birbaşa karta köçürməsi tələb olunur. İstehlakçı bunu öz rahatlığı üçün etsə də, əslində həmin prosesdə vergidən yayınma hallarına şərait yaranır. Ticarət və xidmət sahəsində fəaliyyət göstərən bəzi şəxslər məhz vergidən yayınmaq məqsədilə bu üsula üstünlük verir və istehlakçı da bilmədən həmin qanun pozuntusunun iştirakçısına çevrilir".