EN

Xalqın yaddaşında yaşayan Lider Heydər Əliyev

Dogru.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Ümummilli Lider Heydər Əliyev 10 may 1923-cü ildə Naxçıvan şəhərində anadan olmuşdur. Heydər Əliyev Azərbaycan xalqının yaddaşında silinməz iz qoymuş dahi dövlət xadimi, uzaqgörən siyasətçi və müasir müstəqil Azərbaycan dövlətinin memarıdır. Onun həyat yolu xalqına xidmət, dövlətinə sədaqət və milli maraqlar uğrunda mübarizə nümunəsi olmuşdur.

Ulu Öndərin zəngin siyasi fəaliyyəti Azərbaycanın tarixində yeni inkişaf mərhələsinin əsasını qoymuş, ölkəmizin beynəlxalq nüfuzunun artmasına böyük töhfə vermişdir. O yüksək intellekti, güclü yaddaşı və idarəçilik bacarığı ilə seçilmişdir. Dahi Lider həyatının bütün mərhələlərində zəhmətkeşliyi, iradəsi və qətiyyəti ilə insanların hörmətini qazanmışdır.

Heydər Əliyevin ən böyük bacarıqlarından biri dövlət idarəçiliyi sahəsindəki müstəsna qabiliyyəti idi. O, mürəkkəb siyasi vəziyyətlərdə düzgün qərarlar qəbul etməyi bacaran uzaqgörən lider kimi tanınırdı.

Azərbaycanın müstəqilliyinin təhlükə altında olduğu dövrlərdə Ulu Öndər xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdaraq ölkədə sabitliyi bərpa etdi, parçalanma təhlükəsinin qarşısını aldı və dövlətçiliyi qorudu. Ümummilli Liderin diplomatik bacarığı da xüsusi qeyd olunmalıdır. O, dünyanın aparıcı dövlətləri ilə münasibətlərin qurulmasında mühüm rol oynadı, Azərbaycanı beynəlxalq arenada tanıtdı və ölkəmizin maraqlarını qətiyyətlə müdafiə etdi. “Əsrin müqaviləsi”nin imzalanması məhz Heydər Əliyevin siyasi uzaqgörənliyinin və strateji düşüncəsinin nəticəsi idi. Bu müqavilə Azərbaycanın iqtisadi inkişafının əsasını qoydu və ölkəmizin dünya enerji bazarında mühüm yer tutmasına səbəb oldu.

Heydər Əliyev yalnız siyasətçi deyil, həm də milli-mənəvi dəyərlərə bağlı böyük şəxsiyyət idi. O, Azərbaycan dilinin, mədəniyyətinin və milli kimliyinin qorunmasına xüsusi diqqət yetirirdi. Ulu Öndər daim gənclərə qayğı göstərir, onların təhsil almasını və vətənpərvər ruhda yetişməsini vacib hesab edirdi. Onun “Təhsil millətin gələcəyidir” fikri bu gün də öz aktuallığını qoruyur. Ümummilli Liderin liderlik xüsusiyyətləri arasında xalqla yaxınlıq, sadəlik, qətiyyət və yüksək natiqlik qabiliyyəti xüsusi yer tutur. O, insanları öz ətrafında birləşdirməyi, xalqın inamını qazanmağı bacaran nadir liderlərdən idi. Heydər Əliyevin çıxışları dərin məna, güclü məntiq və vətən sevgisi ilə seçilirdi.

Bu gün Azərbaycanda əldə olunan uğurların təməlində məhz Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kurs dayanır. Xalqın yaddaşında yaşayan Lider olan Heydər Əliyev təkcə bir dövrün deyil, bütöv bir xalqın taleyini dəyişən böyük şəxsiyyətdir. Onun adı Azərbaycan dövlətçiliyinin, milli birliyin və müstəqilliyin simvolu kimi hər zaman böyük ehtiramla anılacaqdır.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, gənc alim

Gülöyşə Azadqızı

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
4
1
dogru.az

2Sources