EN

Samir Vəliyev: “Sabitliyi qorumaq üçün hökumətin quru sərhədlərlə bağlı qərarı anlayışla qarşılanmalıdır”

Müsavat Partiyasının başqanı İsa Qəmbərin quru sərhədlərlə bağlı çıxışı məsələni yenidən aktuallaşdırıb. Belə ki, İsa Qəmbər quru sərhədlərin bağlı qalmasını təhlükəsizliklə deyil, iqtisadi monopoliyanın olması ilə əlaqələndirib.

 

Mövzu ilə bağlı Pravda.az-a açıqlama verən Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Samir Vəliyevin sözlərinə görə, Azərbaycanın quru sərhədlərinin bağlı saxlanılması ilə əlaqədar sosial şəbəkələrdə, ictimai müzakirələrdə müxtəlif iddialar səsləndirilir.

 

O bildirib ki, məsələyə ən yüksək səviyyədə dəfələrlə münasibət bildirilsə də, bəzi dairələr bu mövzuda qərəzli yanaşmalarını davam etdirirlər və süni ajiotaj yaratmağa çalışırlar: “Hazırda quru sərhədlərin bağlı qalmasını şərtləndirən ciddi amillər var. Əvvəla, Nazirlər Kabineti müddəti uzadarkən qərarını əsaslandırır. Azərbaycanda quru sərhədlərin bağlanılması koronavirus pandemiyası ilə əlaqədar 2020-ci ilin martından tətbiq edilməyə başlayıb. Məqsəd həmin dövrdə təhlükəli xəstəliyə yoluxma arealının məhdudlaşdırılması idi. Pandemiyanın pik mərhələsi sona çatdıqdan sonra da xüsusi karantin rejimi çərçivəsində quru sərhədlərin bağlı qalması müddəti bir neçə dəfə uzadılıb. Nəzərə alaq ki, hazırda dünyada yeni növ virusların yayılması barədə məlumatlar var. Digər tərəfdən, indiki mərhələdə quru sərhədlərin bağlı saxlanılmasını şərtləndirən ən mühüm amillərdən biri ölkənin təhlükəsizliyinin təmin edilməsi ilə bağlıdır”.

 

Deputat qeyd edib ki, hazırda regional və qlobal miqyasda cərəyan edən proseslər hər kəsə bəllidir və milli dövlətlərin təhlükəsizliyinə ciddi təhdidlər var: “Bu təhdidlər bir sıra hallarda ayrı-ayrı dairələr və imperialist güc mərkəzləri tərəfindən məqsədyönlü şəkildə ixrac edilir. Azərbaycan da risk zonasına daxildir. Ölkənin uğurlu inkişafı, öz gücünə ümummilli hədəflərinə çatması - ərazi bütövlüyünü və suverenliyini tam təmin etməsi xaricdəki güclü erməni lobbisinə bağlı olan Azərbaycanafob dairələrdə qısqanclıqla qarşılanır. Onlar hansısa bir yolla ölkəmizin inkişafına və sabitliyinə xələl gətirməyə çalışırlar. Bu kimi reallıqlar fonunda Azərbaycan iqtidarının sərhəd məsələsinə həssas yanaşma sərgiləməsi tam başadüşüləndir. Bu məsələdə Prezident İlham Əliyev bu fikirlərini xatırlatmaq istəyirəm: “Mən tam əminliklə deyə bilərəm ki, son illər ərzində quru sərhədlərimizin bağlı olması bizi çox böyük fəlakətlərdən xilas etdi. Hətta bu gün - sərhədlər bağlı olan vaxtda təhlükəli hərəkətlər aparılır və bu hərəkətlərin qarşısı alınır”. Hazırda dünyada yaşanan gərginliklər fonunda sabitlik hər bir ölkə üçün böyük aktuallıq daşıyır. Dünyanın ayrı-ayrı regionlarında yaşanan gərginliklərlə müqayisədə Azərbaycandakı vəziyyət tamam fərqli bir rakursdan diqqəti çəkir. Belə ki, respublikamız sabitlik və inkişaf adası kimi fərqlənir. Bu sabitliyi qorumaq üçün hökumətin quru sərhədlərlə bağlı qərarı anlayışla qarşılanmalıdır”.

 

Şəhanə Quliyeva

Tarix: 8 May 2026, 12:45   
Chosen
20
pravda.az

1Sources