Çılpaq ayaqla gəzinti sağlam həyat tərzi tərəfdarları və biohakerlər arasında getdikcə populyarlaşır. Bəs bu, həqiqətən də faydalıdır və hər kəs üçün uyğundurmu? Oxuməni.az xəbər verir ki, bu barədə “aif.ru”-ya müsahibəsində həkim-psixoendokrinoloq və Rusiya Diabet Assosiasiyasının prezidenti Mixail Boqomolov danışıb.
Şərq təbabətinin kanonlarına görə, ovuc, gözün qüzehli qişası və qulaq kimi, ayağın altında da insanın bütün orqanlarının proyeksion nöqtələri yerləşir. Ekspert izah edir ki, ayağa təsir etməklə bu orqanlara təsir etmək mümkündür. Faydalı təsirlər kompleksdir: daxili orqanların və emosional sferanın vəziyyəti yaxşılaşır, ürək döyüntüsü və nəfəs dərəcəsi normallaşır.
Ayağı dabanından barmaq ucuna doğru qoymaq lazımdır, dayaq isə ayaqaltının xarici (lateral) səthinə verilməlidir. Daxili (medial) tərəf daha az təzyiq hiss etməlidir. Yumşaq və zədələnməyən səthlərdə gəzmək ən yaxşısıdır: qum, ot, yumşaq qar və ya kiçik daşlar.
Ayağı stimullaşdırmaq üçün xüsusi tikanlı çəkələklər, masaj aparatları və ya masajlı içliklərdən istifadə etmək olar. Lakin onlar daimi geyinmək üçün nəzərdə tutulmayıb – uzun müddət istifadə edildikdə ayağı zədələyə bilərlər. Onları qısa müddətə, məsələn, səhər yuxudan sonra istifadə etmək daha yaxşıdır.
Çılpaq ayaqla gəzmək üçün ayaq sağlam olmalıdır – çatları, döyənəkləri, qabarları və yaraları olmadan, çünki bunlar zədələrə və infeksiyalara səbəb ola bilər. Bu, xüsusilə kəskin piylənmə, şəkərli diabet, obliterasiyaedici arterit (siqaret çəkənlərdə tez-tez rast gəlinir) zamanı təhlükəlidir.
Belə xəstələrdə kiçik zədələr belə qanqrenaya və amputasiyaya səbəb ola bilər. Onlar üçün düz, sərt və soyuq səthlərdə gəzmək xüsusilə zərərlidir.
Almaz Həsənli