EN

Dil öyrənmək bir növ idman kimidir Kembric Universitetinin azərbaycanlı müəllimi

ain.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Müasir dövrdə xarici dil bilikləri həm şəxsi inkişaf, həm də peşəkar fəaliyyət baxımından mühüm əhəmiyyət daşıyır. Qloballaşan dünyada insanlar fərqli dilləri daha sürətli və effektiv şəkildə öyrənməyə çalışır, bu isə dil tədrisi metodlarına marağı artırır. Ənənəvi yanaşmalarla yanaşı, texnologiyanın inkişafı yeni və daha praktik üsulların ortaya çıxmasına səbəb olub. Xarici dil öyrənmə prosesində metod seçimi, psixoloji amillər və rəqəmsal vasitələrin rolu isə bu sahədə ən çox müzakirə olunan mövzulardandır.

Mövzu ilə bağlı Kembric Universitetinin CELTA sertifikatlı İngilis dili müəllimi Vüqar Məmmədov Redaktor.az-a açıqlamasında öncə ənənəvi və müasir öyrənmək metodları arasındakı fərqdən danışdı. Onun sözlərinə görə, ənənəvi metodlarla müasir praktik metodların hərəsinin öz yeri var:

"Yəni, baxır məqsədə. Amma problem ondadır ki, bir çox insan illərlə sadəcə qayda və qrammatika öyrənir, lakin danışa bilmir. Çünki dil nəzəriyyədən əlavə və daha çox praktik bacarıqdır. Uşaqlar da dili qayda əzbərləyərək yox, eşidərək və istifadə edərək öyrənirlər. Biz öz doğma dilimizi öyrəndiyimiz kimi. Bundan əlavə mən daha çox “input + praktika” metodunu effektiv sayıram. Yəni insan dili çox eşitməli, oxumalı və paralel olaraq da istifadə etməlidir. Filmlər, seriallar, podkastlar, gündəlik danışıq, hətta sosial media videoları belə beyini dilə öyrəşdirir. Mən demirəm qrammatika önəmli deyil, amma qrammatika burada köməkçi rol oynamalıdır, əsas rol yox. Nümunə deyim: biri illərlə “Present Perfect” qaydasını əzbərləyə bilər, amma real həyatda “I’ve never been there” deməyə çətinlik çəkə bilər. Digər biri isə bu strukturu yüzlərlə dəfə eşidərək avtomatik istifadə etməyə başlayır. Dil öyrənmək bir növ idman kimidir. Təkcə kitab oxumaqla yox, məşq etməklə inkişaf edəcəksən”.

Ekspert insanların xarici dil öyrənməsindəki psixoloji maneələrdən və bu çətinlikləri aradan qaldırmaq üsullarından da söz açdı:

“İnsanların qarşısındakı ən böyük psixoloji maneələrdən biri “mükəmməl danışmalıyam” düşüncəsidir. Bu da bizə mükəmməlliyətçilikdən gəlir. Çox adam səhv etməkdən utanır. Elə bilir ki, hər cümləsi ideal olmalıdır. Halbuki səhv etmədən dil öyrənmək mümkün deyil. Digər problem isə motivasiya yox, davamlılıq problemidir. İnsanlar çox həvəslə başlayır, amma nəticəni tez görməyəndə dayanırlar. Gözləntilər düzgün qoyulmalıdır. Dil öyrənmək fitness kimidir, bir həftəyə nəticə olmur, amma davam edən insan dəyişimi mütləq ki, görür.

Düşünürəm ki, bu problemləri aradan qaldırmaq üçün insanlar dili “imtahan” kimi yox, həyat tərzi kimi qəbul etməlidir. Hətta gündə yslnız 15-20 dəqiqə davamlı şəkildə dilə məruz qalmaq uzun müddət üçün böyük nəticə verə bilər. Həmçinin insanlar özlərini başqaları ilə yox, dünənki halları ilə müqayisə etməlidirlər. Mütləq”.

Vüqar Məmmədov texnologiya və sosial medianın inkişafının xarici dil öyrənmə metodologiyasına təsirindən də danışdı. Müsahibimizin fikrincə, bu gün texnologiya və sosial media dil öyrənmə prosesini tamamilə dəyişib.

"Əvvəllər insan ya kursa getməli idi, ya da kitab tapmaqda çətinlik çəkirdi. İndi isə bir telefon vasitəsilə həm müəllim, həm kitabxana, həm də danışıq mühiti əldə etmək mümkündür. Bu gün "YouTube", "TikTok", podkastlar, tətbiqlər və süni intellekt alətləri sayəsində insanlar dili daha çox “yaşayaraq” öyrənirlər. Xüsusilə qısa videolar və real danışıq kontentləri beynin dili daha təbii qəbul etməsinə kömək edir. Amma burada bir vacib məqam da var: texnologiya özü möcüzə deyil. Sadəcə alətdir. İnsan sistemsiz şəkildə 100 video izləsə belə nəticə ala bilməz. Əsas məsələ düzgün metod, davamlılıq və praktikadır. Sistem olmasa olmaz. Texnologiya düzgün istifadə olunanda dil öyrənmə prosesini həm sürətləndirir, həm də əvvəlki dövrlə müqayisədə daha əlçatan və motivasiyalı edir”, - deyə o vurğuladı.

Bahar MUSAYEVA

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
31
1
redaktor.az

2Sources