EN

Bakı yalnız yeni binalarla deyil, düzgün planlaşdırılmış məhəllələrlə inkişaf etməlidir Memardan vacib TÖVSİYƏLƏR

ain.az, Redaktor.az portalına istinadən məlumat yayır.

Məlum olduğu kimi, 2026-cı il Azərbaycanda “Şəhərsalma və Memarlıq İli”dir.  Bəs, bu ilin mahiyyətinə uyğun olaraq Bakıda memarlıq və şəhərsalma baxımından hansı dəyişikliklərə ehtiyac var? Paytaxtda hansı problemlər prioritet şəkildə həll edilməlidir?

Eyni zamanda, təkcə Bakı deyil, ümumilikdə Azərbaycan üzrə memarlıq və şəhərsalma sahəsində hansı yeniliklərin və layihələrin həyata keçirilməsi vacibdir?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında inşaat məsələləri üzrə ekspert, memar-novator Muxtar Ərturan bildirdi ki, Azərbaycan Respublikasında 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan olunması ölkəmizdə bu sahənin inkişafı üçün ciddi fürsət yaradır:

"Bu qərar yalnız memarlıq və tikinti sektoruna verilən diqqət kimi yox, həm də şəhərlərin gələcək inkişaf modelinin yenidən qiymətləndirilməsi baxımından mühüm hadisədir. Prezident İlham Əliyevin 2025-ci il 22 dekabr tarixli Sərəncamında da 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi Azərbaycanın çoxəsrlik şəhərsalma və memarlıq ənənələrinin yaşadılması, həmçinin bu sahədə müasir çağırışlara cavab verən yanaşmaların təşviqi məqsədi ilə əsaslandırılır. İnşaat məsələləri üzrə ekspert olaraq bildirirəm ki, bu il formal tədbirlər ili kimi yox, real şəhərsalma problemlərinin müzakirə və həll ili kimi qəbul edilməlidir. Çünki memarlıq yalnız bina tikmək, fasadı dəyişmək və ya şəhərə yeni obyektlər əlavə etmək deyil. Memarlıq insanın gündəlik həyat keyfiyyətinə təsir edən mühüm ictimai sahədir. Şəhərin nəqliyyatı, piyada rahatlığı, yaşıllıq faizi, səs-küy səviyyəsi, bina sıxlığı, həyətlərin funksionallığı, gün işığı, hava axını, ictimai məkanlar və təhlükəsizlik məsələləri birbaşa memarlıq və şəhərsalma qərarlarından asılıdır. Bakıda əsas dəyişiklik yanaşmada olmalıdır.

Bir memar kimi bildirmək istəyirəm ki, Bakıda memarlıq cəhətdən ən vacib dəyişiklik ayrı-ayrı binaların formasında yox, ümumi şəhərsalma düşüncəsində olmalıdır. Bu gün Bakının bəzi ərazilərində tikinti sıxlığı, nəqliyyat yüklənməsi, yaşıllıq çatışmazlığı, piyada mühitinin zəifliyi və tarixi-memarlıq mühitinə həssas yanaşmanın bəzən kifayət qədər olmaması ciddi müzakirə mövzusudur. Bakı yalnız yeni binalarla deyil, düzgün planlaşdırılmış məhəllələrlə inkişaf etməlidir. Şəhərdə hər yeni tikinti obyektinin ətraf mühitə, nəqliyyata, qonşu binalara, gün işığına, külək axınına, yaşıllığa və sosial infrastruktura təsiri əvvəlcədən qiymətləndirilməlidir. Müasir şəhərsalma praktikasında bina təkbaşına deyil, yerləşdiyi şəhər mühiti ilə birlikdə dəyərləndirilir. Biz də bu yanaşmanı daha sistemli tətbiq etməliyik. Mənim ekspert mövqeyimə görə, Bakıda əsas prinsip belə olmalıdır: daha çox tikmək yox, daha düzgün tikmək. Şəhərin dəyəri tikilən kvadratmetrlə deyil, həmin kvadratmetrin insana verdiyi rahatlıqla ölçülməlidir".

Müsabimiz vurğuladı ki, tarixi memarlıq irsi qorunmalı, müasir memarlıq isə şəhər kimliyinə uyğunlaşdırılmalıdır.

"Bakının çox güclü memarlıq yaddaşı var. İçərişəhər, neft bumu dövrünün binaları, sovet modernizmi nümunələri, milli memarlıq elementləri və müasir simvolik tikililər şəhərin çoxqatlı memarlıq xarakterini formalaşdırır. Bu müxtəliflik Bakının üstünlüyüdür. Amma bu üstünlük qorunmadıqda şəhər öz vizual kimliyini itirə bilər. İnşaat məsələləri üzrə ekspert olaraq hesab edirəm ki, tarixi binaların qorunması yalnız onların sökülməməsi ilə məhdudlaşmamalıdır. Onların ətrafında tikilən yeni binaların hündürlüyü, fasad dili, material seçimi və vizual təsiri də nəzərə alınmalıdır. Tarixi mühitin yanında tikilən müasir bina həmin mühiti boğmamalı, onunla dialoq yaratmalıdır. Müasir memarlıqdan imtina etmək olmaz. Əksinə, Azərbaycana müasir, texnoloji, cəsarətli memarlıq lazımdır. Amma bu memarlıq şəhərin mövcud ruhuna, iqliminə, mədəniyyətinə və insan ölçüsünə uyğun olmalıdır. Müasirlik yalnız şüşə fasad və hündür bina demək deyil. Müasirlik funksionallıq, enerji səmərəliliyi, təhlükəsizlik, inklüzivlik və dayanıqlılıq deməkdir. Yaşayış binalarında keyfiyyət standartları yenidən qiymətləndirilməlidir. Bakıda memarlıq və tikinti sahəsində mühüm məsələlərdən biri də yaşayış binalarının keyfiyyətidir. Son illər şəhərdə çoxlu yaşayış kompleksləri inşa olunub. Bu, bazarın inkişafı baxımından təbii prosesdir. Amma artıq yalnız binanın xarici görünüşü və yerləşdiyi ərazi ilə kifayətlənmək olmaz. Bir inşaat eksperti kimi bildirirəm ki, yaşayış binasının real dəyəri onun fasadında yox, insanın orada necə yaşamasında görünür. Səs izolyasiyası, istilik izolyasiyası, havalandırma, lift təhlükəsizliyi, yanğın təhlükəsizliyi, parkinq həlli, həyət mühiti, uşaq və yaşlılar üçün əlçatanlıq, gün işığı və mənzillərin funksional planlaması keyfiyyət göstəricisi kimi ciddi qəbul edilməlidir.

Bu istiqamətdə daha aydın və ölçülə bilən keyfiyyət meyarlarına ehtiyac var. “Premium”, “elit”, “komfort” kimi ifadələr reklam sözü olmaqdan çıxmalı, real texniki və funksional göstəricilərlə əsaslandırılmalıdır. Əgər bina premium adlanırsa, onun səs izolyasiyası, material keyfiyyəti, mühəndis sistemləri, həyət planlaması və təhlükəsizlik göstəriciləri də bu səviyyəyə uyğun olmalıdır. Piyada, yaşıllıq və ictimai məkan Bakının əsas prioritetlərindən biri olmalıdır. Bakıda memarlıq dəyişiklikləri haqqında danışanda yalnız binalardan danışmaq kifayət deyil. Şəhərin əsas istifadəçisi insandır. İnsan isə şəhərdə yalnız avtomobillə hərəkət etmir, o, piyada gəzir, dayanacaqdan istifadə edir, parkda dincəlir, uşaqla hərəkət edir, yaşlı valideynini müşayiət edir. Bu baxımdan Bakıda piyada yönümlü məkanların artırılması, səkilərin keyfiyyətinin yüksəldilməsi, kölgəli piyada marşrutlarının yaradılması, ictimai nəqliyyata inteqrasiya olunmuş şəhər mühitinin qurulması vacibdir. Xüsusilə isti iqlim şəraitində yaşıllıq və kölgə şəhər estetikası deyil, yaşayış rahatlığı məsələsidir. Bir memar kimi hesab edirəm ki, gələcək Bakıda bina ilə küçə arasında daha sağlam əlaqə qurulmalıdır. Birinci mərtəbələr şəhər həyatına xidmət etməli, küçələr daha aktiv, təhlükəsiz və insan yönümlü olmalıdır. Boş, qapalı, yalnız avtomobil girişlərinə hesablanmış fasadlar şəhər həyatını zəiflədir", - deyə o, əlavə etdi.

Muxtar Ərturanın sözlərinə görə, regionlarda memarlıq inkişafı yerli kimlik üzərində qurulmalıdır:

"Məsələ yalnız Bakı ilə məhdudlaşmamalıdır. Azərbaycan şəhərsalmasının gələcəyi regionlarda da düzgün qurulmalıdır. Hər regionun öz iqlimi, material mədəniyyəti, tarixi üslubu, landşaftı və yaşayış ənənəsi var. Memarlıq bu fərqliliyi qoruyub inkişaf etdirməlidir. Şəki, Gəncə, Naxçıvan, Lənkəran, Quba, Qarabağ və digər bölgələr eyni tip layihələrlə yox, öz memarlıq xarakterinə uyğun inkişaf etməlidir. Regionlarda standart, bir-birinə bənzəyən fasad yanaşması yerli kimliyi zəiflədir. Halbuki Azərbaycanın gücü məhz memarlıq müxtəlifliyindədir. Xüsusilə Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa-quruculuq işləri bu baxımdan mühüm tarixi mərhələdir. Bu ərazilərdə yeni şəhər və kənd mühiti yaradılarkən həm müasir texnologiyalar, həm ekoloji yanaşmalar, həm də milli memarlıq yaddaşı bir yerdə düşünülməlidir. Azərbaycan Milli Elmlər Akademiyasının mövzu ilə bağlı şərhində də “Şəhərsalma və Memarlıq İli”nin Bakı və regionlarda müasir infrastrukturun tətbiqi, xüsusilə Qarabağ bölgəsində aparılan bərpa və quruculuq işləri ilə əlaqəli olduğu vurğulanır".

Ekspert hesab edir ki, “Şəhərsalma və Memarlıq İli” çərçivəsində  Azərbaycanda memarlıq sahəsi üçün aşağıdakı istiqamətlər xüsusi önə çıxarılmalıdır:

"Birincisi, insan mərkəzli şəhərsalma prinsipi daha güclü tətbiq olunmalıdır. Hər layihə insanın gündəlik həyatına təsiri baxımından qiymətləndirilməlidir.

İkincisi, tarixi-memarlıq mühitinin qorunması daha ciddi mexanizmlərlə təmin edilməlidir. Tarixi bina tək deyil, onun yerləşdiyi küçə, vizual ox və şəhər mühiti ilə birlikdə qorunmalıdır.

Üçüncüsü, yaşayış binaları üçün real keyfiyyət göstəriciləri formalaşdırılmalıdır. Səs, istilik, yanğın, havalandırma, əlçatanlıq və həyət mühiti kimi kriteriyalar reklam yox, norma səviyyəsində qiymətləndirilməlidir.

Dördüncüsü, memarlıq layihələrinin ictimai və peşəkar müzakirəsi genişləndirilməlidir. Böyük şəhərsalma qərarları yalnız investor və layihəçi arasında qalmamalı, mütəxəssislər və ictimaiyyət üçün də müzakirəyə açıq olmalıdır.

Beşincisi, regionlarda yerli memarlıq kimliyi qorunmalıdır. Hər bölgənin iqlimi, tarixi və material mədəniyyəti nəzərə alınmadan vahid tipli yanaşma düzgün nəticə vermir.

Altıncısı, rəqəmsal şəhərsalma alətləri daha geniş tətbiq edilməlidir. 3D şəhər modelləri, rəqəmsal xəritələr, nəqliyyat simulyasiyaları, gün işığı və külək analizləri layihələndirmə prosesinin ayrılmaz hissəsinə çevrilməlidir.

Yeddincisi, memarlıq təhsili və peşəkar standartlar müasir çağırışlara uyğun yenilənməlidir. Gələcəyin memarı yalnız estetik düşünməməli, həm də texnologiya, ekologiya, sosial davranış və mühəndislik prinsiplərini anlamalıdır.

Mənim obyektiv mövqeyim belədir: Bakı və ümumilikdə Azərbaycan memarlığı yeni mərhələyə keçmək imkanına malikdir. Bunun üçün əsas məsələ çox bina tikmək deyil, keyfiyyətli şəhər mühiti yaratmaqdır. Memarlıq yalnız gözəl görünən bina deyil. Memarlıq insanın yaşadığı məkanla qurduğu münasibətdir. Əgər şəhər insanı yorursa, piyada üçün rahat deyilsə, yaşlı və uşaq üçün əlçatan deyilsə, tarixi kimliyi zəifləyirsə və yaşayış binalarında keyfiyyət yalnız reklam səviyyəsində qalırsa, deməli, həmin şəhərsalma yanaşması yenidən düşünülməlidir. Bir memar kimi bildirmək istəyirəm ki, Azərbaycanın gələcək şəhərləri həm milli ruhu qorumalı, həm müasir texnologiyaya açıq olmalı, həm də insanın gündəlik həyatını asanlaşdırmalıdır. “Şəhərsalma və Memarlıq İli” bu baxımdan yalnız simvolik il deyil. Bu il memarlıq sahəsində daha ciddi standartların, daha sağlam şəhər müzakirələrinin və daha insan mərkəzli qərarların başlanğıcı olmalıdır. Məqsəd daha çox bina tikmək deyil, daha düzgün, daha rahat, daha təhlükəsiz və daha mədəni şəhər qurmaqdır".

NURİYYƏ

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
17
1
redaktor.az

2Sources