Bakı. TurkicWorld:
Quba şəhərində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş ictimai əhəmiyyətli tədbir keçirilib. Tədbir bir sıra dövlət qurumları və ictimai birliklərin birgə təşkilatçılığı ilə baş tutub.
TurkicWorld: xəbər verir ki, tədbir Quba Rayon İcra Hakimiyyətinin, Quba rayon Heydər Əliyev Mərkəzinin, “Vətən Naminə” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin, “Quba Regional QHT-lərin Resurs və Təlim Mərkəzi” İctimai Birliyinin, “Xınalıq Turizmin İnkişafına Dəstək” İctimai Birliyinin, “Yurd Gənclərin İntellektual İnkişafına Dəstək” İctimai Birliyinin və “İnnovativ İnkişafa Dəstək” İctimai Birliyinin birgə təşkilatçılığı ilə həyata keçirilib.
Tədbir çərçivəsində əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri düzülərək əziz xatirəsi ehtiramla yad edilib.
Daha sonra tədbir rəsmi hissə ilə davam edib. Çıxış edənlər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsində, milli ideologiyanın formalaşdırılmasında və müasir Azərbaycanın inkişafında oynadığı müstəsna roldan bəhs ediblər.
Tədbirdə Quba Rayon İcra Hakimiyyətinin nümayəndələri, Yeni Azərbaycan Partiyasının yerli təşkilatının təmsilçiləri, qeyri-hökumət təşkilatlarının rəhbərləri, ictimai xadimlər və gənclər çıxış edərək Ümummilli Liderin zəngin irsinin bu gün də aktuallığını qoruduğunu vurğulayıblar.
Çıxışlarda qeyd olunub ki, Heydər Əliyev ideyaları vətəndaş cəmiyyətinin inkişafına, gənclərin formalaşmasına və milli-mənəvi dəyərlərin qorunmasına mühüm töhfə verir.