EN

Zaman, məkan və tarixi şəxsiyyət

Tarix bəşəriyyətin təkamül prosesində şəxsiyyətin və liderin nə kimi mühüm rol oynadığının şahididir. Həmçinin insan şəxsiyyətinin xalqın düşüncə tərzinə hansı səviyyədə təsir göstərə biləcəyinə dair nümunələr də mövcuddur. Bəzən tarixi şəxsiyyətin ictimai şüura təsirinin böyüklüyü sivilizasiyanın dönüşü ilə də nəticələnib. Tarixi şəxsiyyətlərin və əsl liderlərin təsirinin çox güclü olması belə əsaslandırılır ki, onlar xalqın şüurunda olan rasional düşüncə və qayələri qabardaraq aşkara çıxarır, dövrünün dumanlı şəkildə dərk edilən ideyalarını aydın, səlis ifadə etməklə yaxşı nəticələrə gətirən epoxanın ideyasına çevirir. Uğurlu nəticələr isə ideya müəlliflərinə həmişə haqq qazandırır.

İmperiyaların süqutundan sonra baş verən proseslər yeni milli liderlərin meydana çıxması ilə də tarixdə xatırlanır. Məsələn, Birinci Dünya müharibəsində Osmanlı imperiyasının hərbi məğlubiyyətinə baxmayaraq, Atatürk militaristlərə qarşı hərb başlatdı və türklər yaşayan ərazidə yeni bir dövlət – Cümhuriyyət yaratdı. Hərblə başlatdığı işi quruculuqla başa çatdıra bilmək şansını da reallaşdırdı. Fransa müqavimət hərəkatının qəhrəmanı Şarl De Qoll və b. bu qəbildəndir.

Tarixi şəxsiyyət – bu, həmişə imkandır

Tarix heç də həmişə baş verən hadisələr deyil, həm də milli-ictimai şanslar, imkanlar tarixidir. Tarixi şansın və tarixi şəxsiyyətin vəhdətdə varlığı isə ölkənin gələcəyindən nikbin ruhda danışmağa əsas verir. Bu məqamda demək yerinə düşər ki, yüz faizli şkalada xalqımızın həmişə ehtiyatda qüsursuz Aristotel məntiqi ilə 101-ci imkanı olub. Bu imkan xalqı öz arxasınca aparmağı, dövlətçiliyi ümumxalq işinə çevirərək, onu qorumağı bacaran şəxsiyyətin, praktik siyasətçi-diplomatın, ölkənin iqtisadi inkişafını təmin edə bilən qurucu rəhbərin varlığıdır. Belə böyük tarixi şəxsiyyətləri isə ancaq böyük xalqlar yetişdirə bilər. Bəşəriyyətin inkişaf mərhələlərinə nəzər yetirsək, buna layiqli nümunələrin olduğunu yəqin edərik. Eyni zamanda, cəmiyyətlərin müasir inkişaf səviyyəsinə gəlməsində ictimai islahatlar, siyasi-iqtisadi, mədəni-mənəvi inkişaf strategiyasının varlığı, quruculuq işləri xüsusi əhəmiyyətə malikdir.

1991-ci ildə taleyin xalqımıza bəxş etdiyi əlverişli tarixi şərait və imkan qəsdən və ya səriştəsizlik ucbatından itirilmək təhlükəsi ilə üz-üzə qaldığı bir zamanda, bu tarixi şans hələ tam əldən getməmiş, onu reallaşdıra biləcək həqiqi rəhbərə, öndərə, imkansızlıqda da imkan axtaran, sanki mümkün olmayanı mümkün etməyi bacaran tarixi şəxsiyyət Heydər Əliyev dühasına çox böyük ehtiyac var idi.

Ötən əsrin 80-ci illərinin ortalarında keçmiş İttifaq miqyasında durğunluq tendensiyasından xilas olmaq üçün axtarışlar getdiyi bir zamanda Heydər Əliyev fenomeni elə böyük miqyas kəsb etmişdi ki, SSRİ kimi super gücə malik ölkəni ən yaxşı idarə edə biləcək şəxsin məhz Heydər Əliyev olması bir an məsələsi idi. Bu bir tərəfdən İttifaq məkanında türk xalqlarının sosial-iqtisadi, intellektual və mədəni-mənəvi inkişafının yüksək səviyyəyə qalxması, onların nümayəndələrinin Siyasi Büroya üzv seçilməsi idisə, digər tərəfdən ovaxtkı ən məşhur siyasi xadimlərin etirafları idi. Bu barədə əvvəlki məqalələrimizdə ətraflı qeyd etmişik (Bax: Ан. Громыко, Анд. Громыко, “В лабиринтах Кремля. Воспоминания u размышления сына”. Moсkвa, 1997 və Л.И.Абалкин, “Не использованный шанс: Полтора года в правительстве” – Москвa, 1991).

Lakin imperialist şovinizm həmin dövrdə görkəmli dövlət adamı Heydər Əliyevin SSRİ rəhbəri olmasına imkan vermədi. Halbuki, milli dili və mədəniyyəti ilə yanaşı, həmçinin rus və digər xalqların dilini və mədəniyyətini qiymətləndirməyi bacaran, öz ana dilində və rus dilində ən mahir natiqlərdən biri kimi tanınan, rejimin xüsusiyyətlərinə dərindən bələd olan, nəzəri hazırlığı, əməli fəaliyyəti, ekstraordinar qərarları və unikal şəxsi keyfiyyətləri ilə Siyasi Büroda hamıdan fərqlənməklə yüksəkdə dayanan ən nüfuzlu rəhbərlərdən idi. Məhz bu istisnalara görə tarixi şəxsiyyət Heydər Əliyevi təcili SSRİ rəhbərliyindən uzaqlaşdırdılar və qazandığı nüfuzundan da məhrum etmək üçün mərkəzdə planlar işlənib hazırlandı, kampaniya başladıldı. Ölkəmizdə də bu kampaniyaya bilərəkdən qoşulan satqınlar və əqidəsizlər, mahiyyətini anlamadan qoşulanlar isə sadəlövhlər oldular. Bütünlükdə xalqımız, onun ziyalı elitası isə bu siyasi oyunların əsl mahiyyətindən qismən xəbərdar olsa da, görkəmli tarixi şəxsiyyət Heydər Əliyevə olan sevgisi və onunla fəxr etməsi bu böyük dövlət adamının ictimai-siyasi arenadan tam çəkilməsinə imkan vermədi. Çünki görkəmli tarixi şəxsiyyətlərin ictimai-siyasi arenadan çəkilməsi həmişə böyük boşluq yaradır, cəmiyyətin özünə gəlməsi uzun müddət tələb edir. Ölkəmizin başına gələn bəlalar da məhz o dövrdə (1988-1993) oldu.

Məhz belə bir vaxtda xalqın təkidli tələbi ilə öz böyük oğlu, tarixi şəxsiyyət yenidən siyasət meydanına qayıtdı. Kütləyə çevrilən xalq yenidən dirçəldi, özünə gəldi. Çünki xalq kütləsi öz həqiqi lideri, öndəri ilə birləşəndə, istiqamətləndiriləndə xalqa çevrilir.

Şəxsiyyətin tarixdə rolu haqqında çoxlu mübahisələr və fikirlər mövcuddur. Ancaq bəlli olan odur ki, tarixi şəxsiyyətin olmaması ucbatından necə imkanlardan istifadə olunmayıb, nə qədər imkanlar gerçəkləşməyib. 1989-1990-cı illərdə SSRİ Nazirlər Sovetinin sədri N.Rıjkov hökumətində yer alan akademik L.İ.Abalkin öz kitabında real imkanlardan istifadə edə bilməmələrini acı təəssüf hissi ilə qeyd edirdi:

“...Keçilən yol haqqında fikirləşərkən daha çox inanırsan ki, həqiqətən belə bir imkan vardı... Bəs nə üçün həmin imkanlardan istifadə olunmadı?..” Müəllif bir sıra səbəblər qeyd edərək mənəvi təskinliklə özünü sakitləşdirməyə çalışaraq yazır: “Özümün doğruluğumu hiss edir, seçilmiş mövqeyin düzgünlüyünə inanıram. Bu, mənəvi təskinlik verir, özümü sakitləşdirirəm ki, xalq nə vaxtsa bizim doğruluğumuzu başa düşəcək və tarix öz hökmünü verəcək...”

Lakin müəllifin özünə ünvanladığı sualın cavabı çox konkretdir: Həmin dövrdə SSRİ rəhbərliyində mövcud imkanlardan istifadə edərək təkcə iqtisadi deyil, siyasi sahədə də yaranmış problemləri həll etməklə cəmiyyəti parçalanmadan, ölkəni isə böhrandan xilas edəcək Heydər Əliyev səviyyəsində tarixi şəxsiyyət yox idi. Əbəs yerə deyilməyib ki, “Tarixi şəxsiyyət – bu, həmişə imkandır”. Buna görə də imperiyanın süqutu labüd oldu.

İllüziyalar sindromu

Keçmiş İttifaqın dağılması ilə bir sıra etnik münaqişələr mərkəz tərəfindən yenidən alovlandırıldı. Əvvəllər gözəl səslənən, bəşəriyyətə və planetar duyğulara xidmət etməli olan “milli birlik”, “millət”, “milli mədəniyyət”, “milli həmrəylik”, “xalqlar birliyi” və s. kimi yüksək məfhumlar ekzotik həzzalma, iftixaretmə qrupundan çıxaraq kriminal münasibətlər müstəvisinə daxil olmaqla fəlakətlərə, dağıntılara, irimiqyaslı münaqişələrə, intəhasız işgəncələrə və nəhayətdə, insanların tələfatına səbəb oldu. Bunu doğuran əsas səbəblərdən biri hazırda da davam edən yeni “dünya hərc-mərcliyi”dir. Bu səbəbdən də son dövrlərin siyasət tarixi diplomatiya tarixindən daha çox müharibələr tarixi olmuşdur.

Digər səbəb isə etnik qrupların, azsaylı xalqların “böyük millətçilik” illüziyalarıdır. Qeyd edək ki, son illərdə dünyada baş verən millətlərarası problem heç də nadir hal deyil və ilk təzahürləri ötən əsrin 60-70-ci illərində Qərbin sənaye cəhətdən inkişaf etmiş bölgələrində də – Korsika (Fransa), Kvebek (Kanada), Kataloniya (İspaniya), Flamandriya (Belçika), Şimali İrlandiya (Böyük Britaniya) və s. baş verib. Belə münaqişələrdə ilk vaxtlar regionun sosial-iqtisadi amilləri və iqtisadi geriliyi ilə bağlı tezislər səsləndirilsə də, sonradan bunların hamısının müstəqilliklə əlaqəsi bəlli olurdu.

Ulu öndər Heydər Əliyevin Kremldən ayrılmasından dərhal sonra, 1987-ci ilin sonlarında erməni V.Hambarsumyanın “Humanite” qəzetinə verdiyi müsahibədə də bənzər tezislər əsas yer alırdı. Yaranmış fürsətdən məharətlə istifadə edilərək daşnak ermənilərin “böyük millətçilik” illüziyası sindromu, keçmiş İttifaq rəhbərliyinin ermənipərəst mövqeyi və ovaxtkı Azərbaycan hakimiyyətinin tam acizliyi, səriştəsizliyi sayəsində “Dağlıq Qarabağ” kartı ortaya atıldı. Xalq öz narazılığını ifadə etməklə milli qürur, milli oyanış hissləri ilə nümayişlərə çıxdı, izdihamlar küçələri, meydanları bürüdü. Yaranmış vəziyyətdən bütövlükdə konstruktiv çıxış yolunu görməyən xalq etiraz səsini ucaltdı. Həmin dövrdə mərkəzin rəhbərliyi daxili satqınlarla separat əlaqələr qurdu, Bakının küçələrində müxtəlif dağıdıcı hərəkətlərə rəvac verərək xalqı qorxutmaq mövqeyini seçdi. Və dəhşətli 20 Yanvar qırğınını törətdilər. Bundan sonra Azərbaycanda imperiyaya sədaqətli, xalqa, Vətənə qarşı isə əzazil, zalım və zülmkar olan səriştəsizlərin, satqınların hakimiyyətə gətirilməsinə başlanıldı. Xalqın mənafeyi ilə imperiya siyasəti diametral əks qütblərdə dayandığı üçün xalq etiraz edir, hakimiyyət tez-tez dəyişdirilirdi.

Xalqın layiqli cavabı

Xalqı və ölkəni xaosdan, dağıntılardan, düşürüldüyü fəlakətdən, iqtisadi və mədəni tənəzzüldən xilas edə biləcək yeganə şəxsiyyətin kim olduğunu yaxşı bilən imperiya rəhbərliyi tarixi şəxsiyyətin öz xalqı ilə birləşməsinə mane olur, onu izolyasiya edirdi. Lakin bunlar hamısı əbəs idi. Öz müdriklərini, ağsaqqallarını tanıyan, onun arxasınca getməyi bacaran xalqımıza güvənən, onun böyüklüyünə inanan ümummilli lider Heydər Əliyev o dövrdə demişdir: “Yaxın və uzaq tarix göstərir ki, bütün bu hücumlara, bütün bu təqiblərə Azərbaycan xalqı layiqincə cavab verməyə qadir idi”. Xalqımız özünün əsl liderini ali hakimiyyətə dəvət etməklə bunu bir daha təsdiqlədi.

Ölkəmizdə onilliklər ərzində dövlətdə, dövlətçilikdə, iqtisadiyyatda, elmdə, təhsildə, həyatımızın bütün sahələrində böyük zəhmətlər hesabına əldə edilmiş nailiyyətlər, mədəni-mənəvi mühit, təsərrüfat sistemi dağılmaqdan xilas edildi. Bir sözlə, həyatımızdakı reqressiya və deqradasiya prosesləri dayandırıldı. Görkəmli dövlət adamı Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan bu böyük tarixi sınaqdan da uğurla keçdi. Qurtuluş (1993), sabitləşmə (1993-1996), yeni inkişaf üçün potensial toplanması (1996-2000) mərhələlərini də layiqincə reallaşdıraraq müstəqillik erasına doğru ən qətiyyətli addımlar atmış oldu.

Heydər Əliyev ali hakimiyyətə qayıdanda nəinki hərbi, informasiya cəbhəsində də güc balansı Ermənistanın xeyrinə idi. Əsasən dini təəssübkeşlikdən qaynaqlanan siyasi simpatiyalar yönümündə onlar əlverişli vəziyyətdə idi. Yaranmış beynəlxalq ictimai rəyi dəyişmək, reallıqları dünyaya olduğu kimi çatdırmaq, böyük dövlətlərin mövqeyində haqq-ədalətə doğru dönüş yaratmaq çətin mümkün olanı mümkün etmək qədər uzun və gərgin mübarizə tələb edirdi. Bu mübarizənin önündə isə özünün zəngin siyasi təcrübəsi, dəqiq müəyyənləşdirilmiş ssenarisi ilə xaotik hadisələrin gedişini idarəolunan məcraya yönəltməyə, qeyri-adi intuisiyası ilə optimal istiqamət seçməyə qadir siyasi lider olmalı idi. Görkəmli ictimai-siyasi xadim Oljas Süleymenovun dedikləri bu fikirləri çox gözəl tamamlayır: “Heydər Əliyevdə zəngin siyasi təcrübə, kəskin məntiq və tarixi prosesləri istiqamətləndirə bilmək istedadı var”.

İqtisadi maraqlar və kor-koranə təəssübkeşlik

Məhz ulu öndər Heydər Əliyev fenomeninin sadaladığımız və sadalamadığımız keyfiyyət parametrləri sayəsində Azərbaycan haqqında həqiqətlər dünyaya çatdırıldı, regionda iqtisadi maraqların intensivliyi artırıldı, böyük dövlətlərdə formalaşmış dini təəssübkeşlik hissləri iqtisadi maraqlarla kompensasiya edildiyindən onlar kor-koranə ermənipərəstlikdən uzaqlaşdırılaraq iqtisadi mənfəətlər müstəvisinə dəvət edildi. Bununla da Azərbaycan həmin ölkələrin iqtisadi maraq dairəsinə daxil edildi və yerli iqtisadiyyata irihəcmli sərmayələrin qoyulmasına nail olundu. “Əsrin müqaviləsi”, “Bakı-Tbilisi-Ceyhan” (BTC) layihəsi, “Böyük İpək Yolu”nun bərpası strategiyası və bu gün də davam edən digər neçə-neçə iri beynəlxalq neft-qaz kontraktları yüksək ideallara xidmət edən, bütün dövrlər üçün Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsinə və dönməzliyinin təmin olunmasına yönəldilmiş vahid strateji planın müxtəlif məqamlarıdır. Neft müqavilələrinin əhəmiyyətindən danışarkən cənab Prezident İlham Əliyev demişdir: “Əsrin müqaviləsi” Azərbaycanda nəinki enerji sektorunun inkişafını, həm də regional əməkdaşlığın bütün gedişini müəyyənləşdirmişdir”.

Bəllidir ki, siyasi münasibətlərin öz labirintləri var və bu labirintlərdən məhz böyük siyasətçilərin, tarixi şəxsiyyətlərin köməyi ilə çıxıla bilər. “Əsrin müqaviləsi” və bu qəbildən olan digər kontraktlara irihəcmli layihələr kimi böyük kapital qoyuluşu lazım olduğundan tərəflərdən həm risk, həm də ciddi cəsarət və böyük məsuliyyət tələb edirdi. Çoxlarının risk etmədiyi, gözləmə mövqeyi seçdiyi halda çətinliklərə, təzyiqlərə baxmayaraq, Ulu öndər ciddi səyləri və məqsədyönlü siyasəti ilə müəllifi olduğu neft strategiyasına start verdi. Bu kontrakt təkcə Azərbaycan iqtisadiyyatının deyil, həm də beynəlxalq siyasətinin əsl möhtəşəm təntənəsi idi. Həmin imzalanmadan üç onillikdən artıq vaxt keçib. Yenə də illər ötəcək, bu uğurlu, müdrik addımın, dahiyanəliklə hazırlanmış, regionda sonrakı neft layihələrinin də reallaşmasına rəvac vermiş neft strategiyasının əhəmiyyəti daha çox hiss olunacaq.

Xəzərdə irimiqyaslı neft hasilatını nəzərdə tutan müqavilədən sonra hövzənin zəngin karbohidrogen ehtiyatlarını Avropa istehlakçılarına ən səmərəli istiqamətdə çatdıran əsas ixrac boru kəməri “Bakı-Tbilisi-Ceyhan”dır. Şərq-Qərb, Şimal-Cənub istiqamətlərinin kəsişməsində yerləşən Azərbaycan Avropa-Asiya sistemində iri qovşaq rolunu oynadığından BTC-nin rolu daha da aktuallaşıb. Avropa ilə Asiya arasındakı iqtisadi əlaqələrin perspektivlərindən və ixrac boru kəmərlərindən danışan Prezident İlham Əliyev demişdir: “İndi bütün dünya üçün aydındır və hamı bunu etiraf edir ki, Bakı-Tbilisi-Ceyhanın əsas memarı Azərbaycandır. Daha doğrusu, Heydər Əliyevdir və onun neft strategiyasıdır”.

Hazırkı dövrdə dünyada gedən proseslərin mərkəzində iqtisadi məkan yaratmaq uğrunda mübarizə dayandığı, yolları idarə edən ancaq mənfəət prinsipləri olduğu, konkret coğrafi ərazilərlə sərhədlənmiş super gücləri iqtisadi nüfuz dairələri əvəz etdiyindən Ümummilli liderin neft strategiyasının nə qədər uzaqgörənliklə ölkəmizin gələcəyinə hesablandığı bir daha aydın bəlli olur. Çünki XXI əsr yeni meyarlar, yeni mübarizə və müharibə üsulları ilə səciyyələnib, torpaq uğrunda savaşlar iqtisadi maraqlar və nəqliyyat dəhlizləri uğrunda mübarizə ilə əvəzlənib.

Şifahi nitqlə maarifçilik

Ulu öndərin siyasi uğurlar və dövlət quruculuğu ilə yanaşı, maarifçilik fəaliyyəti də xüsusi əhəmiyyət kəsb edir. Onun öyrənilməsi, şərh edilməsi, gənc nəsillərə çatdırılması daha önəmlidir. Demokratik cəmiyyət quruculuğu, hər şeydən öncə, xalqın ictimai şüurunun, təfəkkürünün, siyasi düşüncə tərzinin inkişafını tələb etdiyindən onun maarifləndirilməsi dövlət quruculuğunda əsas atributlardan biri olur.

Görkəmli şəxsiyyət Heydər Əliyev öz fikirlərini əsasən çıxışlarında şifahi nitq vasitəsilə ifadə etdiyindən onun nitqi dövrün ictimai-siyasi, mədəni-mənəvi həyatını öyrənmək baxımından mühüm əhəmiyyətə malikdir. Qədim və müasir tariximizi, iqtisadiyyatımızın, mədəniyyətimizin tarixini, milli köklərimizi və milli-mənəvi dəyərlərimizi dərindən bildiyindən onun çıxışları Azərbaycan tarixi, elmi, mədəniyyəti, ictimai-siyasi fikirilə bağlı faktlarla, dərin fəlsəfi müddəalarla, müdrik kəlamlarla zəngindir. Böyük marağa səbəb olan “Aforizmlər” kitabı buna bir nümunədir. Nitqinin cəlbedici olması və prosesləri lokal çərçivədə deyil, yerli hadisələri regional konteksdə, regional hadisələri isə beynəlxalq miqyasda ümumi tendensiyalar kontekstində şərh etdiyindən xalqın maarifləndirilməsi baxımından bunlar çox böyük təsir gücünə malik olmaqla əhəmiyyətlidir. “Xalqın tərbiyə olunmasını dövlət xadiminin ən ali vəzifəsi” hesab edən F.Ruzveltin söylədikləri də bu yöndə öz təsdiqini tapmış olur.

Azərbaycançılıq və səfərbərlik

Yeni dövlət qurulan hər hansı ölkədə əsl liderin, tarixi şəxsiyyətin varlığı, onun beynəlxalq nüfuzu və şöhrəti əlavə müsbət amil olmaqla imkan deməkdir. Heydər Əliyev şəxsiyyətinin bütövlüyünü təmin edən cəhətlərdən biri də liderlik keyfiyyətinin xalqla bağlılığının üzvi vəhdətdə olması, bir-birini tamamlamasıdır. Xalqın içərisindən çıxan Ümummilli lider öndə getməyi, yol göstərməyi bacarmağın zəruriliyini belə ifadə etmişdir: “Azərbaycan xalqı həmişə güclü olub. Amma bu xalqı qaldırmaq, səfərbər etmək lazım idi”.

Səfərbərlik anlayışı bəsit şəkildə başa düşülməməlidir. Səfərbərlik həyatın bütün sahələrini əhatə edir. İlk növbədə, milli-mənəvi vətənpərvərlik hisslərinin böyük potensialının səfərbərliyi nəzərdə tutulur. Bir sözlə, səfərbərlik millətin, xalqın müxtəlif sahələrə paylanmış gücünün, qüdrətinin, iqtisadi, intellektual, mədəni-mənəvi və hərbi potensialının vahid istiqamətdə, bir amal uğrunda cəmlənməsi deməkdir.

Güclü dövlətin yaradılması, sosial-iqtisadi təminat, mənəvi səfərbərlik ruhu gələcək nailiyyətlərin təməlidir. Müharibələr tarixi də göstərir ki, mənəvi cəhətdən mütəşəkkil qaydada səfərbər olmayan ordu düşmənlə müqayisədə daha yaxşı və müasir silahlarla təchiz edilsə belə, qalib ola bilmir. Əslində, yüksək vətənpərvərlik, humanizm tərbiyəsinin özü mülitarizmə, işğala, irticaya qarşı mübarizə tərbiyəsi və dolayısı ilə qalibiyyət deməkdir.

Ötən əsrin 90-cı illərinin əvvəllərində erməni hücumlarına, qəsbkarlığına qarşı lazımi müqavimət göstərə bilməməyimizin bir səbəbi də orduda mənəvi səfərbərliyin olmaması idi. Çünki mənəvi səfərbərlik elə böyük qüvvədir ki, onu asanlıqla məğlub etmək çox çətin məsələdir. Həmin illərdə respublika rəhbərliyi bu yöndə heç bir iş görmədi. Əksinə, ayrı-seçkilik, qruplaşma, etnikçilik toxumları səpməklə məşğul oldular. Vahid ideologiya ətrafında əhalinin birləşməsi mümkün olmadı. Ulu öndərin olduqca böyük səfərbəredici qüvvəyə malik azərbaycançılıq ideologiyası nəzərə alınmadı. Mənəvi səfərbərlik ruhunun saxlanmasına xidmət edən bu ideyologiyanın mayasında vətəndaş birliyi, vətəndaş həmrəyliyi və ümumi Vətən üçün iftixar hissi dayanır.

Multikultural ölkəmiz üçün bu ideologiya reallıqdır. Dövlətimizin başçısı İlham Əliyevin davam etdirdiyi və məqsədyönlü şəkildə apardığı vətənpərvərlik tərbiyəsi gənclərdə milli ləyaqəti və ruhu daha üstün şəkildə formalaşdırdığından İkinci Qarabağ müharibəsində dinindən, milliyyətindən, inancından asılı olmayaraq hər kəs Vətən üçün, ərazilərimizin bərpası üçün vuruşurdu. Nəticə isə bəllidir: Müzəffər Ali Baş Komandan, Qalib Ordu və Qalib Ölkə. Azərbaycan Silahlı Qüvvələrinin döyüş taktikası, hərbi əməliyyatları hərb tarixinə dair kitablara daxil edilməklə analoji hallarda nümunə göstərilir. Fəxr etdiyimiz Qalibiyyətin bazasında da ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan uğurlu strategiyalar dayanır.

Gələcək nəsillər barədə düşünən lider

Cəmiyyət ictimai proseslərdə aparıcı rol oynayan, xalqının tarixində silinməz izlər qoyan, böyük proseslərin ideya müəllifi və hərəkətverici qüvvəsi olan, kütlələri arxasınca apara bilən şəxsiyyətlərin sayəsində inkişaf edir. Bütövlükdə ictimai inkişaf ideyaların kütlələrə yiyələnməsi zamanı baş verir. Həmin ideyaların müəllifi isə əbədiyaşarlıq qazanmaqla tarixi şəxsiyyətə çevrilir. Planetar təfəkkürə, intellektual yaradıcılığa malik, yüksək mədəni-mənəvi potensial sahibi olan tarixi şəxsiyyətlər üçün zaman sonsuz, məkan isə sərhədsiz olur. Yəni onlar müxtəlif zamanlarda, məkanlarda və ictimai-iqtisadi formasiyalarda fəaliyyətləri ilə daim xalqına, Vətəninə və millətinə xidmət etmiş olurlar. Zaman və məkan tarixi şəxsiyyətlərin ali məqsədlərini, potensial düşüncələrini, bir sözlə, bəşəri keyfiyyətlərinin məcmusunu dəyişdirə və fəaliyyət sferasını məhdudlaşdıra bilmir.

U.Cörcillin bu barədə söylədikləri daha korrekdir: “Siyasətçi növbəti seçkilər, əsl lider isə gələcək nəsillər barədə düşünür”. Bu prizmadan ötən əsrin 70-ci illərinə diqqət etsək, görərik ki, o illərdə yaradılmış sosial-iqtisadi və mədəni-mənəvi potensial ölkəmizin müstəqilliyi üçün mühüm əsas yaratmışdır. Belə ki, Azərbaycanın böyük elmi formalaşmış, milli mədəniyyəti yüksək səviyyəyə qalxmış, iqtisadiyyatı güclü inkişaf etmişdir.

Ulu öndər keçmiş SSRİ rəhbərliyinin ən üst zirvəsində olduğu zaman da ümdə məqsədi doğma Azərbaycana xidmət göstərmək olub. Keçmiş İttifaqın ideologiyasına təsir imkanları olduğu dövrdə ideologiyanın keçici və nisbiliyini, milli maraqlar üzərində bərqərar olanların isə əbədiliyini aşkar hiss etdiyindən gələcək müstəqilliyimiz naminə ən mühüm layihələrin və planların mərkəzin büdcəsi hesabına Azərbaycana yönəldilməsinə nail olurdu.

Bu baxımdan da keçmiş sovet dövründə yaranmış iqtisadi, elmi-texniki və mədəni potensial respublikamızın müstəqilliyi üçün möhkəm zəmin yaratmışdır. İmkansızlıqda da imkan axtaran görkəmli tarixi şəxsiyyət, dahi lider Heydər Əliyevin “Mən o vaxt Azərbaycanın gələcəyi haqqında düşünürdüm” sözləri fikirlərimizi, qənaətlərimizi mahiyyət və məzmun etibarilə ciddi məntiqlə daha konkret tamamlayır.

Hümbət MUSAYEV

Chosen
37
xalqqazeti.az

1Sources