Rusiya Dövlət Duması xarici vətəndaşların ölkədən deportasiya edilməsini asanlaşdıran sərt qanun layihəsini təsdiqləməyə hazırlaşır.
"Cebheinfo.az" xəbər verir ki, Dumanın Dövlət Quruculuğu və Qanunvericilik Komitəsi hökumətin təqdim etdiyi miqrasiya siyasətini sərtləşdirən qanun layihəsinin ilk oxunuşda qəbul edilməsini yekdilliklə tövsiyə edib. Layihə Rusiya İnzibati Xətalar Məcəlləsinə (KoAP) 58 yeni pozuntu növünün əlavə olunmasını nəzərdə tutur.
Rusiya Daxili İşlər Nazirliyi yeni qanuna ehtiyacın səbəbi kimi son dövrdə əcnəbilərin qarışdığı hadisələrin sayının artmasını göstərib.Nazirlik xüsusilə kütləvi dava və xuliqanlıq hallarındakı artımı əsas gətirib.
2025-ci ildə yalnız icra xidməti orqanları deportasiya prosedurları üçün 724,2 milyon rubl xərcləyib. Yeni dəyişiklikdən sonra deportasiya hallarının artacağı təqdirdə bu məbləğin illik daha 312,9 milyon rubl yüksələcəyi gözlənilir.
Həmçinin 15-dən çox maddə üzrə cərimə məbləğlərinin artırılması nəticəsində dövlət büdcəsinin ildə 1,18 milyard rubldan artıq əlavə gəlir əldə edəcəyi proqnozlaşdırılır.
Rusiya Hesablama Palatası və Dövlət Dumasının Hüquq İdarəsinin qanun layihəsinə etiraz etmədiyi bildirilib. Layihənin ilk oxunuşunun 13 may 2026-cı ildə keçirilməsi planlaşdırılır və komitənin tövsiyəsindən sonra sənədin parlamentdən keçəcəyi demək olar ki, dəqiq hesab olunur.