Dövlət Təhlükəsizlik Xidmətində (DTX) Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103 illiyi qeyd olunub.
Bu barədə Publika.az-a DTX-dan məlumat verilib.
Qeyd edilib ki, müasir dövlətçiliyimizin banisi, Azərbaycan təhlükəsizlik orqanlarının fəxri rəhbəri Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyev və Xidmətin şəxsi heyəti Fəxri xiyabanda əziz xatirəsini dərin ehtiramla anıblar. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə gül dəstələri qoyulub.
DTX-nin akt zalında davam etdirilən mərasimdə Ulu Öndərin və ölkəmizin suverenliyi naminə canından keçmiş şəhidlərimizin unudulmaz xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, Dövlət Himni səsləndirilmişdir.
Tədbirdə məruzə ilə çıxış edən DTX-nin rəisi general-polkovnik Əli Nağıyev dahi rəhbərin təhlükəsizlik orqanlarındakı 25 illik zəngin fəaliyyət dövrünə nəzər salmış, bu mühüm təsisatın milliləşdirilməsi və azərbaycançılıq ideologiyası ruhunda yenidən qurulmasının məhz uzaqgörən siyasətçi Heydər Əliyevin sarsılmaz iradəsinin nəticəsi olduğunu bildirmişdir.