EN

Ruhi Çenet “ölüm gəmisi”ndən düşüb birbaşa TOYA GETDİ - Yüzlərlə insan TƏHLÜKƏDƏ

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) həyəcan təbili çaldığı "MV Hondius" kruiz gəmisindəki hantavirus epidemiyası Türkiyədə də əsas müzakirə mövzusuna çevrilib.

Musavat.com "Haberler.com" portalına istinadən xəbər verir ki, sözügedən gəmidə 24 gün səyahət etdiyi məlum olan məşhur yutuber Ruhi Çenetin özünü karantinə aldığı bildirilib.

Lakin Çenetin karantinə girməzdən 5 gün əvvəl kənd toyunda iştirak etməsi ölkədə böyük narazılığa səbəb olub.

Argentina limanından yola düşən və Niderland bayrağı altında üzən "MV Hondius" gəmisində aşkarlanan hantavirus qlobal səviyyədə ciddi narahatlıq doğurub. Gəmidəki 3 sərnişinin vəfatından sonra ÜST aralarında Türkiyənin də olduğu 12 ölkəyə təcili məlumat göndərib.

Mayın 6-na olan məlumata görə, gəmidə ümumilikdə 8 təsdiqlənmiş və şübhəli yoluxma halı qeydə alınıb.

24 gün ərzində həmin gəmidə olan Ruhi Çenet məsələ ilə bağlı açıqlama verərək, səyahət zamanı baş verən ölümün əvvəlcə əlverişsiz hava şəraiti ilə bağlı olduğunu düşündüklərini, lakin sonradan vəziyyətin daha ciddi olduğunun üzə çıxdığını bildirib.

"New York Times" qəzetinə danışan Ruhi Çenet özünü karantinə aldığını açıqlayıb.

Bütün bu proseslərin fonunda Ruhi Çenetin 5 gün əvvəl İstanbulun Çatalca rayonunda bir toy məclisində iştirak etdiyi məlum olub. Məhəllə muxtarı Nazan Kurtanın sosial mediada paylaşdığı fotoşəkil qısa müddətdə geniş rezonans doğurub və istifadəçilər virus daşıma riski olmasına baxmayaraq, yutuberin kütləvi tədbirə qatılmasını kəskin tənqid ediblər.

ÜST-ün baş direktoru Tedros Adhanom Qebreyesus "Andes" tipli hantavirusun inkubasiya dövrünün 6 həftəyə qədər çəkə biləcəyini xatırladaraq, yeni yoluxma riskinə qarşı dünya ictimaiyyətini xəbərdar edib.

Qeyd edək ki, Ruhi Çenetin adı 2020-ci ildə də pandemiya zamanı karantin bölgələrində apardığı çəkilişlərlə gündəmə gəlmiş və cəmiyyət tərəfindən birmənalı qarşılanmamışdı.

Musavat.com

Chosen
15
musavat.com

1Sources