EN

DTX-də Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103 illiyi qeyd edilib

Müasir dövlətçiliyimizin banisi, Azərbaycan təhlükəsizlik orqanlarının fəxri rəhbəri Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyev və Xidmətin şəxsi heyəti Fəxri xiyabanda Ulu Öndərin əziz xatirəsini dərin ehtiramla anıblar.

DTX-dən "Far.Az"a bildirilib ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə gül dəstələri qoyulub.

Dövlət Təhlükəsizliyi Xidmətinin akt zalında davam etdirilən mərasimdə Ulu Öndərin və ölkəmizin suverenliyi naminə canından keçmiş şəhidlərimizin unudulmaz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Tədbirdə məruzə ilə çıxış edən DTX-nin rəisi general-polkovnik Əli Nağıyev dahi rəhbərin təhlükəsizlik orqanlarındakı 25 illik zəngin fəaliyyət dövrünə nəzər salıb, bu mühüm təsisatın milliləşdirilməsinin və azərbaycançılıq ideologiyası ruhunda yenidən qurulmasının məhz uzaqgörən siyasətçi Heydər Əliyevin sarsılmaz iradəsinin nəticəsi olduğunu bildirib.

Ulu Öndərin siyasi xəttini böyük məharətlə davam etdirən Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin bütün sahələrdə tarixi nailiyyətlərə imza atdığını qeyd edən Xidmət rəisi dövlətimizin başçısının xüsusi diqqət və qayğısı sayəsində təhlükəsizlik orqanlarının keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyduğunu vurğulayıb.

General-polkovnik bundan sonra da dövlətçiliyimizin qorunması və milli təhlükəsizliyin təmini istiqamətində üzərlərinə düşən vəzifələri yüksək məsuliyyətlə yerinə yetirəcəklərini qeyd edib.

Tədbir xidmətdə fərqləndiklərinə görə yüksək dövlət mükafatlarına layiq görülmüş DTX əməkdaşlarının təltif edilməsi ilə başa çatıb.

Chosen
47
26
far.az

10Sources