EN

Köçəryanın “qatar”ı: Ağdamdan verilən xəbərdarlıq və Paşinyanın 9 May gedişi

Faşizm üzərində qələbənin 81-ci ildönümü münasibətilə Moskvada keçirilən hərbi paradda iştirakdan imtina edən Nikol Paşinyan növbəti dəfə Rusiya ilə münasibətlərə çəki-düzən verməyə çağışır. Paşinyan ölkədə 9 May tədbirlərinə kifayət qədər geniş meydan verməklə, eyni zamanda bu tədbirlərdə Rusiya və Ermənistan münasibətlərində hər hansı bir gərginliyin yaşanmadığı barədə mesajlar, görüntülər və hərəkətlərlə, heç şübhəsiz, Kremlin qəzəbini müəyyən qədər soyudacaq.

Son bir neçə gündə Rusiyadan ən müxtəlif səviyyələrdə Ermənistan hakimiyyətinin siyasəti əleyhinə bəyanatlar səslənir, xəbərdarlıqlar edilirdi. Xüsusilə də may ayının ilk günlərində İrəvanda əsən “Avropa küləyi”, Avropa İttifaqının, eyni zamanda “Avropa Siyasi Birliyi”nin Ermənistanda keçirilən toplantıları, ayrı-ayrı Avropa liderlərinin Nikol Paşinyan komandasına münasibəti və açıq dəstəyi, rəsmi İrəvanın avrointeqrasiya ilə bağlı sərgilədiyi mövqeyə dəstəyin ifadəsi Rusiya tərəfindən kəskin reaksiya doğurmuşdu. Hətta erməni səfir Rusiya Xarici İşlər Nazirliyinə çağırılmış, İrəvana nota verilmişdi. Düzdür, bu, Ermənistan parlamentinin sədri Alen Simonyanın açıqladığı fikirlərlə əlaqələndirilirdi, amma heç şübhəsiz ki, əsəb gərginliyinin əsas səbəbi rəsmi İrəvanın sürətli şəkildə Qərbə inteqrasiya siyasəti yürütməsi, xüsusilə də bu siyasətin Ermənistanda keçiriləcək parlament seçkiləri öncəsi sərgilənməsi idi.

ALEN.jpg

Amma qeyd etdiyimiz kimi, Nikol Paşinyan olduqca hiyləgər davranış nümayiş etdirdi, geridönüşə nail oldu. Xüsusilə də Gümrüdə, Rusiya hərbi bazasının yerləşdiyi məkanda Rusiya və Ermənistan bayraqlarının birlikdə tutulması və görüşün keçirilməsi, eyni zamanda ayrı-ayrı şəhərlərdəki aksiyalarda Rusiya və Ermənistan arasında hər hansı problemin olmadığı görüntüsünün yaradılması, üstəlik, ayrı-ayrı rəsmi şəxslərin Rusiya ilə münasibətlərdə ciddi kritik gərginliyin olmadığı barədə açıqlamaları yəqin ki, Moskvada məmnunluq doğuracaq. Tam əminliklə demək olar ki, postsovet məkanında və hətta bütün dünyada 9 May tədbirlərinin Rusiyadan sonra ən geniş şəkildə keçirildiyi ölkələrdən biri Ermənistan oldu. Bu da heç şübhəsiz ki, Putin administrasiyası tərəfindən qiymətləndiriləcək. Əslində, aprelin 1-də Paşinyan və Putin arasında Moskvada keçirilən görüşdə zahirən gərginlik yaşandığı müşahidə olunsa da, Ermənistan baş nazirinin sonrakı günlərdə Rusiya prezidenti ilə iyunun ikinci yarısında növbəti görüşün keçiriləcəyi barədə razılığın əldə olunmasını açıqlaması səhnəarxası anlaşmanın olduğunu demək üçün əsaslar yaradırdı...

APRE.jpg

Hətta bəlkə də razılaşdırılmış bir “gərginlik” ssenarisi yazılmışdı ki, “əli aşağı” olan Ermənistan üçün Avropa İttifaqından daha çox dəstək alınsın. Avropa İttifaqının dəstəyi həm də Ermənistan üçün böyük maliyyə imkanları deməkdir. Necə ki, Avropa Sülh Fondu Ermənistana 30 milyona qədər vəsait ayırdı, eyni zamanda 2 milyarddan artıq vəsaitin Ermənistana yönəldilməsi layihəsi gündəmdədir. Bu, həm də hərbi mövcudluğu olan bir ölkədə əlavə imkanların qazanılması baxımından Rusiyaya da hansısa formada sərfəli variantdır. Deməli, zahirən bir gərginliyin olması Avropa paytaxtlarından Ermənistana daha çox dəstəyin verilməsi, vəsaitlərin yönəldilməsinə hesablanmış siyasətin tərkib hissəsi sayıla bilər. Rusiyanın bu gün Ukraynada davam edən müharibə fonunda onsuz da vəziyyəti ağırdır və belə gərginliklərin davam etməsi halında Rusiya Ermənistan kimi uzun illər onun forpostu olan bir ölkəyə əlavə vəsait yatırmaq imkanına malik deyil.

Bu mənada Ermənistanın daha çox digər ünvanlardan kapital əldə etməsi üçün “yaşıl işıq” yandırıla bilər. Ermənistanın həm İran, həm də Türkiyə ilə sərhədlərinə nəzarət edən, büdcəsinin böyük hissəsinin formalaşmasında şirkətləri rol oynayan, Gümrüdəki hərbi bazanın çıxarılmasını eşitmək belə istəməyən Rusiya nəyin bahasına olursa-olsun Ermənistanı gözündən kənara buraxmaq istəmir. İndiki halda Avropa ilə münasibətləri normal olan “demokrat Paşinyan” Rusiya üçün digər rəqiblərdən daha əlverişli fiqurdur. Heç şübhəsiz ki, Paşinyan Putinlə görüşdə bu məsələləri açıq şəkildə müzakirə edib.

Elə bu gün Ermənistanın “Joxovurd” qəzetinin yazdığına görə, Paşinyanın 620 min dollara konsert təşkil etdiyi Şirakda əhalinin 43 faizi yoxsulluq həddində yaşayır, 4 faizi isə həddindən artıq yoxsul vəziyyətdədir. Bu faktın özü, xüsusilə də Şirak kimi bir bölgədə hökm sürən acınacaqlı vəziyyət Paşinyana əlavə manevr imkanları verir ki, Rusiya ona maddi cəhətdən yardım edə bilmirsə, o halda əlavə maliyyə mənbələri axtarsın. O maliyyə mənbələri də ancaq Avropa ilə hansısa inteqrasiya görüntüsü fonunda mümkündür.

yoxsul-ermeni.jpg

Bu gün həm də Nikol Paşinyan komandasının Ermənistanda bir ilkə imza atdığı barədə sevincək paylaşım edib. Bu da Mehri ərazisində 700 metrlik körpünün - Ermənistan tarixində ən uzun körpünün - tikintisinə başlanması ilə bağlıdır. Körpü Ermənistan və İranı birləşdirəcək və bu, Şimal-Cənub dəhlizinin bir hissəsi hesab olunur. Bu, heç şübhəsiz ki, həm də Rusiya üçün maraq dairəsində olan yeni layihədir. Bu kimi infrastruktur layihələrin qurulması prosesində Rusiya “əlini cibinə sala bilmirsə”, o halda Ermənistanın hansısa mənbələrdən maliyyələşməsinə göz yummalıdır. Amma heç şübhəsiz ki, Nikol Paşinyan və onun komandası Kremlin nəzarətində olacaq. Kreml heç zaman onun mərkəzdən uzaqlaşmasına razı ola bilməz və hər zaman öz təsir dairəsində qalmasına çalışacaq.

Bu günlərdə Nikol Paşinyanın rəqiblərinin də kifayət qədər fəallaşması müşahidə olunur. Xüsusilə də Rusiya bayraqlarının 9 May tədbirlərində Ermənistan küçələrində görünməsi, eyni zamanda Rusiyadan son günlər Ermənistan hakimiyyətinə və Paşinyana ünvanlanan sərt mesajlardan sonra hətta gizlənmiş Serj Sərkisyan da ortaya çıxıb və müəyyən fikirlər səsləndirməyə cəhd göstərib. Eyni zamanda Ermənistanda baş nazirliyə iddialı olan digər Qarabağ klanının nümayəndəsi Robert Köçəryan növbəti dəfə sərt açıqlamalar verib və onu ittiham edən Paşinyana cavabında Azərbaycan və Türkiyə liderlərinin ünvanına əsassız fikirlər səsləndirməyə çalışıb.

Heç şübhəsiz ki, başından böyük danışması Robikə baha başa gələ bilər. Belə görünür ki, o, ötənlərdən dərs çıxarmayıb, xəbərdarlıqlardan nəticə çıxara bilməyib. Onun bu ritorika ilə növbəti dəfə hakimiyyətə gələcəyi sual altındadır. Əslində, Azərbaycan Prezidenti hələ 44 günlük müharibədən qısa müddət sonra Ağdamın Cümə məscidi qarşısında çıxışı zamanı Robert Köçəryan və Serj Sərkisyana xəbərdarlıq etmişdi, onların yaratdığı ordunun darmadağın edildiyini bildirmişdi və dovşan kimi qaçdıqlarını xatırlatmışdı.

ilham_aliyev_agdam.jpg

İndi yenidən onlar “yağışdan sonra çıxan göbələklər” kimi ortaya çıxırlarsa, hansısa birisinin hakimiyyətə gəlməsi və Ermənistanın gələcəyində rol oynaya bilməsi ciddi suallar doğurur. Bu, xüsusilə də Azərbaycanla Ermənistan arasında 8 avqust 2025-ci il razılaşmalarından sonra münasibətlərə ciddi şəkildə xələl gətirə bilər və erməni xalqının taleyi faktiki olaraq öz əlindədir. Onlar ya növbəti dəfə Ermənistan əhalisini fəlakətə sürükləyəcək qüvvələrə, ya da normal həyat vəd edən komandaya səs verməlidirlər. Yəni erməni seçicilərinin seçimi onların özləri üçün baha başa gələ bilər.

VASİN

Növbəti dəfə avantüristləri, boş və əsassız iddiaları olan qüvvələri dəstəkləmələri Ermənistanın özü üçün də geridönüşü olmayan situasiya yarada bilər. Hər halda görünən budur ki, indiki halda Rusiyada da Azərbaycanın mövqeyi kifayət qədər nəzərə alınır və Robert Köçəryanın, eyni zamanda Samvel Karapetyan kimi şəxslərin hakimiyyətə gəlməsinin həm Rusiyanın bölgədəki maraqlarına, həm də Azərbaycan üçün qəbuledilməz nəticələrə səbəb ola biləcəyi qəbul edilir. Bu mənada növbəti dəfə Paşinyanın hakimiyyətinin davam etməsi barədə Rusiya hakimiyyətində də müəyyən anlayış mövcuddur. Çünki bölgəni Azərbaycanın sözü və mövqeyi olmadan təsəvvür etmək mümkün deyil. Elə ötən ildən Azərbaycan Prezidentinin ölkəmiz ərazisindən tranzit yolunun açılmasını elan etməsindən sonra Rusiya yüklərinin Azərbaycan ərazisindən birbaşa Ermənistana daşınması faktı Azərbaycanın Rusiya üçün nə qədər önəmli ölkə olduğunu göstərir. Rusiya üçün indiki halda Ermənistanı əldən buraxmaq qəbuledilməzdir.

Eyni zamanda Ermənistandakı Rusiya hərbi bazasının mövcudluğu da bu mövqenin saxlanılması baxımından Kreml üçün həyati əhəmiyyət daşıyır. Hərbi bazanın təchizatı ilə bağlı Azərbaycan yolu, gələcəkdə Zəngəzur dəhlizinin həyata keçirilməsi ilə əlavə imkanlar baxımından Azərbaycan Liderinin xəbərdarlıqları heç şübhəsiz ki, nəzərə alınır. Deməli, Kreml Ermənistandakı “5-ci kolon”un əsas namizədi kim olur-olsun, yenə də Paşinyanla yola davam etmək siyasətinə üstünlük verəcək. Çünki digərinin gəlişi bütün işləri alt-üst edə bilər...Elə Paşinyanın da müxtəlif reveranslara baxmayaraq, 9 May tədbirlərində sərgilədiyi mövqe son nəticədə Kremlin də növbəti seçkidə ona səs verməsi ilə nəticələnəcək.

aad9a882e747e1eb0881d10c3df9ffb4.jpg

Bir az əvvəl Azərbaycandan növbəti, 8 vaqonluq yük qatarı Ermənistana getdi...Qaniçən və qana çağıran Robert Köçəryanın hakimiyyətə gəlişində o qatar getməyəcək! Kremldə də bunu bilirlər. Elə Paşinyan da bu mətləbdən xəbərdardır, ona görə də xeyli rahatdır...Beləcə, Köçəryanın “qatarı” getdi... Onu bir gün sərnişin qatarı Bakıya gətirəcək, qolubağlı...

Chosen
19
musavat.com

1Sources