EN

"Normal komanda olmayandan sonra harada işləyək?" - MÜSAHİBƏ

Bir neçə il əvvələ qədər futzal Azərbaycanda ən çox sevilən idman növü sayılırdı.

Azərbaycan millisi ilə “Araz”ın beynəlxalq arenalardakı çıxışları rəqiblərin canına qorxu salmışdı.

Komandalarımız hər nə qədər əcnəbi futzalçılardan asılı olsa da, Ağatahir Əzimov, Mahir və Eynulla Eyniyev qardaşları, Rizvan və Fuad Fərzəliyev qardaşları, Vitali Borisov, Rəcəb Fərəczadə bacarığı ilə xaricilərdən geri qalmadığını göstərirdi.

Təəssüf ki, futzalda azalan maliyyə və minifutbola yatırımın artması ilə parket üzərində oynanılan növü kölgədə qaldı.

Son illər istər milli, istərsə də klub səviyyəsində uğursuzluqlar sıralanır, ölkədə bacarıqlı futzalçı qıtlığı yaşanır.

Mövzu ilə bağlı söhbət etmək üçün vaxtilə millinin şərəfini qorumuş, son illər məşqçiliklə məşğul olmuş Ağatahir Əzimovla əlaqə saxladıq.

-Futzalımızın hazırkı vəziyyətinə “5” ballıq şkala ilə neçə verə bilərsiniz?

- Bu gün keyfiyyət və nəticələr çox aşağıdır. Çox zəifləmişik.

- “5” ballıq şkalada “2”?

- “2” yox, “3” demək olar.

- “5” idi axı. Niyə belə oldu?

- Çünki vaxtilə milliyə 30 nəfər azərbaycanlı dəvət olunurdu, onlardan bir neçəsi kənarda qalırdı. Elə oyunçular var idi ki, yığmaya düşə bilmirdi. O vaxt millidə 25-26-cı olan futzalçı bn gün 1-2-ci olanlardan güclü idi.

- Nə dəyişdi ki?

- O vaxt məhəllə futbolu var idi. Özüm futzala məhəllədən gəlmişəm. Böyük futboldan gələn oyunçunun səviyyəsi tam başqaydı. İndi futbolumuzun səviyyəsi də o qədər aşağı düşüb ki, futboldan oyunçu gətirirsən, futzal oynaya bilmir. Bizim vaxtımızda futboldan gələn futzalı rahat oynayırdı, tez uyğunlaşırdı. Biz özümüzdən əvvəlkilərə baxıb nəsə öyrənirdik, bizdən sonra gələnlər bizdən öyrənirdi. İndi kimə baxsınlar? Kimdən öyrənsinlər? Öyrənməyə adam yoxdur. O vaxt Alessio gəlib özü ilə braziliyalıları gətirdi, azərbaycanlı futzalçıları məhv etdi. Oynamayan, ehtiyatda oturan futzalçı necə inkişaf edəcək? Özündən sonra gələnlərə nə öyrədəcək? Alesionun dövründə və ondan sonra çox adam futzaldan getdi. Davamı gəlmir.

- Belə çıxır ki, qazanılan uğurlar Alesioya qədər yetişən futzalçıların hesabına idi.

- Belə çıxır yox, məhz belədir. Mən özüm futzala 1994-cü ildə gəlmişəm. Digərləri də 90-cı illərin sonu, 2000-ci illərin əvvəlində ortaya çıxanlar idi. 1994-də futzala gələndə “İka” ləqəbli İbrahim Həsənov, Rüfət Məmmədov, Vahid Həşimov, Nəsimi Nuriyev sözünü demişlər sayılırdı. Biz onlara baxıb öyrənmişik, görüb-götürmüşdük. Bizdən sonra gələnlər də bizdən öyrənirdi, daim oynayırdılar. Sonra elə dövr gəldi ki, braziliyalılar oynadı, azərbaycanlılar oturub əl çalmağa başladı. Bununla da eniş dövrü başladı.

- Baxıb öyrənmək, görüb-götürmək vacibdir. Amma razılaşaq ki, istedad hər şeydən öndə dayanır. İndiki gənclərdə sizdə olan istedad var?

- Bəs onu deyirəm ki, o vaxt futboldan gələn rahat şəkildə futzal oynayırdı. Çünki bacarığı var idi, istedadlıydı. İndi futbolumuzun səviyyəsi də aşağı düşüb. Ordan gələn futbolçu futzal oynaya bilmir. Aniq qərar vermək, topla rəftar, son zərbə - bunlar çox vacibdir. Bunları öyrətməklə olmur, içdən gəlməlidir.

-Alesionu qınayırıq. Deyək ki, bu adam “Araz”da və millidə kütləvi legionerləşməyə qol qoydu. Bəs digər klublarda niyə yetişən olmadı? Ya da, onlar hara yoxa çıxdı?

- Problemi tamamilə legionerləşmənin üstünə yıxmıram. Bu, sadəcə səbəblərdən biridir. Digər səbəb futzalda maliyyənin az olmasıdır. 20-30 il əvvəl futzalda sponsorlar var idi, maliyyə dayaqları yaxşı idi, şirkətlər cibindən xərcləyirdi. Məsələn, “Azneftyanacaq” dövlət tərəfindən maliyyələşirdi, “Turan AİR” yaxşı sponsora sahib idi. Klub sayı çox idi deyə, oyunçuların sayı da çox idi. “Araz” çempionata gəldiyi gündən çempiondur, çünki əvvəlki rəqabət yoxdur, digər komandalar pulu ilə “Araz”a boy verə bilmir. Bu gün nə sponsor var, nə də pul xərcləyən. Çempionatda mübarizə aparan komandalardan ikisinin pulu var – biri “Araz”dır, o biri “Neftçi”, vəssalam. Hə, bir az da “Baku Fire” da var, onlar da çox xərcləmir. Digər üç komanda imkansızdır.

- Pul əsasən nəyə lazımdır? Yaxşı maaş verməyə, yoxsa təlim-məşq toplanışları təşkil etməyə?

- Futzalçını futzalda saxlamaq üçün pul lazımdır. 5 il U-19 komandasında işlədim, 3 fərqli nəsil gördüm. Həmin 3 komandada yalan olmasın 30 futzalçı yetişdirdim. Bu gün həmin uşaqların bir neçəsi minifutbola üz tutub. Çünki orada yaxşı pul var. Bir neçəsi “Baku Fire”da qalıb, çünki digərləri götürmür. “Araz”da 10-a yaxın, “Neftçi”də 6-7 braziliyalı oynayır. İmkanı normal olanlardan “Baku Fire” var, ona görə də çoxu ora yığışıb. Futzalda kim bir az özünü yaxşı göstərir, minifutboldan yaxşı təklif gəlir, qaçıb gedirlər ora. Maliyyə yoxdur deyə, futzaldan qaçırlar, səviyyə düşür aşağı. XəzərAğalızadə mənim yetirməmdir, çox yaxşı futzalçıdır. Bu il futzal millisinə xeyir verə bilərdi. Hardadır indi? Gedib minifutbola.

- Deməli, ölkədə minifutbolun populyarlaşması da futzala zərbə vurur.

- Minifutbol həvəskar statuslu oyundur, çempionatdır. Futzal isə peşəkardır. Təsəvvür edin, həvəskar liqa maaşı peşəkar liqadan daha yaxşı verir. “Birbaşa”, “Zirə” kimi klublar aylıq 2-3 min manat maaş verir. Ən az qazanan 1000-1500 alır. Həvəskar liqadır deyə, bir adam bir neçə turnirdə oynaya bilir. 100 manat burdan alır, 100 manat ordan, ayda 1500-2000 gəlib çıxır. Nəyinə lazım futzalda 300 manata oynamaq?

- Maliyyə dayaqları yaxşı olsa, keyfiyyətli futzalçılar yetişər?

- Azərbaycanlılar futzalı oyana bilir. Bu, əvvəldən belə olub. Futbol bizlik deyil, qanımızda yoxdur. Çünki avropalılar, afrikalılar kimi fiziki hazırlıqla öyünə bilmirik. “Nyukasl”la “Qarabağ”ın oyununda 2 metrlik futbolçular var idi. Heç nə edə bilmirdik onlara qarşı Çünki tapdayıb keçirdilər. Bizdə də fiziki güc o dərəcədə deyil. Ancaq futzalda texniki bacarıqlar ön plandadır, əsas baş işlətməkdir. Bu gün 4 nəfərlik azərbaycanlı heyəti ilə futzalda uğur qazana bilərik. Günü sabah futzalda uşaq məktəbi yaradılsa, uzağı 5 ilə Avropa standartlarına cavab verən uşaqlar yetişər. Sponsorlar yoxdur, heç olmasa qurumlar tərəfindən dəstək olsun. Futbolda bütün liqalara dövlət tərəfindən maliyyə ayrılır, inkişafa kömək edilir. Sabah AFFA-dan hansısa futzal komandasına 5 manat ayrılsa, 5 manat da sponsor yardım edər, normal çempionat keçirilər, uşaqlar inkişaf edər. Çempionatı zəif olan ölkədən nəsə gözləməyin mənası yoxdur.

- Vaxtilə millinin özəyini təşkil edən Eyniyev və Fərzəliyev qardaşları, Vitali Borisov, hətta siz özünüz də kənardasınız. Bunun səbəbi nədir?

- Çempionatda cəmi 6 komanda mübarizə aparır, onun da yarısının imkanı yoxdur. Normal komanda olmayandan sonra harda işləyək? İşləməyə yer olmalıdır axı. Milli komandada legioner məşqçi çalışır. Əlində “material” yoxdursa, rus məşqçi nə edəcək? Oyunçuları “nasos”la dolduracaq? Uşaq oynaya bilmirsə, rus yox e, lap Mourinyonu gətir, heç nə olmayacaq.

- Siz nə əcəb baş məşqçilikdən ayrıldınız?

- Ürəyimdən açıq əməliyyat olundum. Dedilər, sənə əsəbləşmək, stres keçirmək olmaz. İlqar Aslanovu yerimə təyin etdilər, mən də U-19 komandasında seleksiya işinə cavabdehlik daşıyıram. Məhəllə futbolu yoxdur deyə, məcburan böyük futboldan uşaqlar axtarıram. Gətirib yoxlayırıq, kimdə alınırsa, saxlayırıq.

- Yaxın 3-5 ildə futzalın əvvəlki əzəmətinin qayıdacağına ümid var?

- Sponsorlar gəlsə, ya da AFFA hansısa vasitə ilə maliyyə dəstəyi versə, sizi inandırım, çox yaxşı işlər görmək olar. Bu gün yüksəl liqada yaxşı maaş olsa, minifutboldakı uşaqların yarısı qayıdıb oynayacaq.

- Bir komandanı yaxşı səviyyədə saxlamaq üçün futzalçıya ayda nə qədər maaş vermək lazımdır?

- Heç olmasa 1500—2000 manat. Bu gün minifutbol millimizin yarısını futzalçılar təşkil edir. Əksəriyyətinin ürəyi futzaldadır, məcburiyyətdən minifutbol oynayır. Ailəsini dolandırmaq üçün pulun dalınca qaçmağa məcburdur. İsa Atayev, Xətai Bağırov, Ramiz Çovdarov, Xəzər Ağalızadə, Vüsal İsayev - hamısı minifutboldadır. Habuki bu gün futzal millisinə kömək edə bilərlər.

HƏBİB / SPORTİNFO.AZ

Chosen
17
sportinfo.az

1Sources