EN

"Qarabağ" Yankoviçə görə AFFA-ya etiraz edəcəkmi? - rəsmi açıqlama

AFFA İntizam Komitəsinin sonuncu iclasında verilən qərarlar həm də Bizon ölkə kubokunun yarımfinalında keçirilən "Sabah" - "Qarabağ" matçını əhatə etdi.

Məlum oldu ki, "köhlən atlar"ın futbolçusu Marko Yankoviç oyun bitəndən sonra hakimin qərarına etiraza görə ikinci "sarı"dan qırmızı vərəqə aldığına, dəhlizdə hakimə fiziki təzyiq göstərməyə cəhd etdiyinə, hədə-qorxu gəldiyinə görə 8 oyun cəzalanıb. Ağdamlılar bu üzdən 25500 manat cərimələnib.

Bəs, klub qərarla razıdımı? Yoxsa bu məsələ ilə bağlı Apellyasiya Arbitraj Tribunalına müraciət edəcəklər?

Bu sualla "Qarabağ"ın Kommunikasiyalar departamentinin direktoru Anar Hacıyevə müraciət etdik. Onun "Football-plus.az"a cavabı:

"Bu barədə yekun qərar yoxdu. Hələ həftəsonudu. Qarşıdakı günlərdə apellyasiyaya müraciət edəsi olsaq, məlumat verərik".

Maraq üçün xatırladaq ki, baş məşqçi Qurban Qurbanov dünən "Qəbələ" ilə oyundan sonra keçirilən mətbuat konfransında qərarlarla razılaşdıqlarını bildirib:

"Aqressiv hərəkətimiz olubsa, özümüzü hansısa epizoda görə haqlı çıxara bilmərik. Çünki oyunçular aqressiv hərəkət edib, hakimə təzyiq göstərib. Qərar verilib, biz də razılaşmalıyıq".

KƏNAN BAHADIR
Chosen
95
1
football-plus.az

2Sources