“Pop musiqisinin kralı” haqqında yeni bioqrafik filmin yayımlanması fonunda Maykl Ceksona qarşı irəli sürülən yeni şokedici ittihamlar yenidən media gündəmini silkələyib.
Ölkə.az xəbər verir ki, "60 Minutes Australia" verilişində çıxış edən Kaskio ailəsinin bacı-qardaşları bildiriblər ki, onlar illərlə Maykl Ceksonu müdafiə etsələr də, əslində uzun müddət onun tərəfindən seksual zorakılığa və psixoloji manipulyasiyaya məruz qalıblar.
Hazırda onlar Ceksonun mirasına qarşı məhkəmə iddiası qaldıraraq əvvəlki mövqelərini tamamilə dəyişiblər.
“Dünyanın ən böyük superulduzu sənin dostun olmaq istəyəndə, sən həssas və manipulyasiyaya açıq olursan”, - deyə Dominik Kaskio bildirib.
Ailənin sözlərinə görə, Cekson 1980-ci illərdə onlarla yaxın münasibət qurub, hədiyyələr, səyahətlər və diqqətlə onları özünə bağlayıb. Uşaqlar onu əyləncə parklarına və qapalı tədbirlərə aparan “mehriban əmi” kimi görürdülər.
“O, bizi öz ailəsi, öz uşaqları kimi hiss etdirmişdi”, — deyə Eddi Kaskio bildirib.
Lakin indi onlar iddia edirlər ki, bu görüntünün arxasında illərlə davam edən manipulyasiya və zorakılıq sistemi gizlənirmiş. Ailə “Applehead Club” adlı bir mühitin olduğunu və orada dəhşətli hadisələrin baş verdiyini irəli sürür.
“Mayklla keçirdiyim dövrün başlanğıcı məhz həmin vaxt idi və zorakılıq da o zaman başladı”, -deyə Eddi Kaskio bildirib. Onun sözlərinə görə, ilk öpüş sonradan illərlə davam edən daha ağır hadisələrin başlanğıcı olub.
Ailənin sözlərinə görə, Cekson davranışlarına nəzarət etmək üçün spirtli içkilər və dərmanlardan istifadə edirdi. Onlar “Jesus Juice” adlı içkini, həmçinin "Vicodin" və "Xanax" kimi preparatları qeyd ediblər.
Onlar həmçinin iddia edirlər ki, müğənni polisə və valideynlərə nə deməli olduqlarını əvvəlcədən öyrədirdi ki, baş verənlər gizli qalsın.
Bacı-qardaşların sözlərinə görə, onlar uzun illər Ceksonu müdafiə edib, hətta ittihamları ictimai şəkildə təkzib ediblər. Lakin sonradan "Leaving Neverland" sənədli filmi yayımlandıqdan sonra mövqelərini dəyişiblər.
Hazırda ailə əsas məqsədlərinin digər mümkün qurbanlara dəstək olmaq olduğunu deyir.
“Sonda canavar olan biz yox, o idi”, - deyə Eddi Kaskio bildirib.
Ceksonun mirasını təmsil edən şəxslər isə ittihamları rədd edərək bunun sənətçinin adı üzərindən qazanc əldə etmək cəhdi olduğunu bildiriblər. Hüquqşünaslar qeyd ediblər ki, Kaskio ailəsi illərlə müğənnini dəstəkləyib və əvvəllər belə ittihamlarla çıxış etməyib.
Həmidə İbrahimova