EN

Kişiləri nə zaman təbrik etməliyik ? 9 May, 26 İyun, yoxsa...

ain.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycanda “kişilər bayramı”nın hansı tarixdə qeyd olunmalı olması illərdir müzakirə olunan məsələlərdən biridir. Xüsusilə məktəb və universitetlərdə qızların oğlanları 9 May münasibətilə təbrik etməsi cəmiyyətdə birmənalı qarşılanmır və müxtəlif fikir ayrılıqlarına səbəb olur. Bir qrup bu ənənəni sovet dövründən qalan yanaşma kimi qiymətləndirir, digərləri isə Azərbaycanda kişilər bayramının məhz 26 İyun – Silahlı Qüvvələr Günü ilə əlaqələndirilməsinin daha doğru olduğunu düşünür. Bəs kişilər üçün xüsusi gün hansı tarixdə qeyd olunmalıdır və cəmiyyətdə bu məsələ ilə bağlı fikir ayrılığı niyə yaranır?Məsələ ilə bağlı sosioloq Hüseyn İbrahimov Demokrat.az-a bildirib ki,  “kişilər bayramı” anlayışı daha çox Ordu Günü ilə bağlı olub:"Əvvəllər, Sovet dövründə bu tarix başqa idi. Ancaq müstəqillik əldə etdikdən sonra biz qadınlara aid 8 Martı, uşaqlarla bağlı müəyyən bayramları qeyd etdiyimiz halda, məhz 26 İyun Ordu Günü ilə bağlı bayramı cəmiyyətin mikro səviyyəsində aktuallaşdıra bilməmişik. Düzdür, dövlətimiz tərəfindən bu istiqamətdə müvafiq tədbirlər və rəsmi mərasimlər keçirilir, bu tarix bayram günü kimi qeyd olunur. Amma cəmiyyətin özünün mikro səviyyəsində, ailə münasibətlərində, fərdlərarası münasibətlərdə və qrupdaxili münasibətlərdə bu bayramın önəmini artırmaq olduqca vacib məsələlərdəndir",Sosioloq deyib ki, 26 iyunun Azərbaycan Silahlı Qüvvələri Günü kimi qeyd olunması ilə bağlı ulu öndər Heydər Əliyevin 1998-ci il 22 may tarixli fərmanı da mövcuddur:"Həmin fərmana əsasən, 26 iyun tarixi respublikamızda Silahlı Qüvvələr Günü kimi qeyd olunur. Bu qərardan irəli gələrək, hər il dövlətimiz tərəfindən həmin gün Ordu Günü, Azərbaycan Silahlı Qüvvələri Günü kimi qeyd edilir. Yaxşı olar ki, məktəblərdə, bağçalarda, ümumiyyətlə, ibtidai, orta və ali təhsil müəssisələrində bununla bağlı təbliğat işləri gücləndirilsin. Cəmiyyətin müxtəlif strukturlarında, vətəndaş cəmiyyəti institutlarında bu bayramın kütləvi şəkildə qeyd olunması istiqamətində tədbirlər keçirilsin. Bir məsələni də unutmamalıyıq ki, məhz Azərbaycan Silahlı Qüvvələrinin qətiyyəti, əzmi və Ali Baş Komandanın rəhbərliyi ilə biz yaxın tarixdə Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini təmin etmiş bir xalqıq, bir dövlətik.Bu baxımdan hər hansı başqa bir günün deyil, məhz 26 iyun tarixinin Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü və kişilər bayramı kimi qeyd olunması çox önəmlidir. Bununla bağlı paylaşımların və təbriklərin edilməsi, kişilərin, oğlanların, gənclərin və yeniyetmələrin bu gün münasibətilə təbrik olunması olduqca vacib məsələlərdəndir.

Bu həm Silahlı Qüvvələrimizə ehtiramın ifadəsidir, həm ölkədə kişilərə aid bir bayramın qeyd olunmasıdır, həm də prioritet hədəflərimizin möhkəmlənməsi və bu bayramın daha kütləvi ənənəyə çevrilməsi istiqamətində mühüm addımlardan biri ola bilər", - deyə o qeyd edib. Əfsanə Kamal

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
18
demokrat.az

1Sources