EN

Rusiya Azərbaycanın təklifini dəstəklədi

BAKI, 12 may. TELEQRAF

“Rusiya Cənubi Qafqaz üzrə 3+3 formatında təmasların davam etdirilməsində maraqlı olaraq qalır və platformanın tam fəaliyyətinin tezliklə bərpa olunacağına ümid edir”.

Teleqraf xəbər verir ki, bu barədə TASS-a müsahibəsində Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə Dördüncü Departamentinin direktoru Mixail Kaluqin deyib.

O qeyd edib ki, Azərbaycan, Ermənistan, Gürcüstan, eləcə də Rusiya, İran və Türkiyənin daxil olduğu 3+3 formatı regional məsuliyyət prinsipi əsasında Cənubi Qafqaz dövlətləri ilə onların yaxın qonşuları arasında əməkdaşlığın qurulması üçün mühüm vasitə rolunu oynayır. Bununla yanaşı, Kaluqin vurğulayıb ki, bir sıra obyektiv səbəblərə, o cümlədən İran ətrafındakı vəziyyətə görə 3+3 formatında növbəti nazirlər görüşünün təşkilində müəyyən fasilə yaranıb.

“Amma təmasların davam etdirilməsinə maraq qalır. Platformanın tam fəaliyyətinin tezliklə bərpa olunacağına ümid edirik”, - MDB ölkələri üzrə Dördüncü Departamentin direktoru söyləyib.

Diplomat qeyd edib ki, regional məsuliyyət prinsipi bütün regional iştirakçıların maraqlarına cavab verən qarşılıqlı faydalı və perspektivli layihələrin razılaşdırılması, qərarların kənar təzyiq olmadan və xarici qüvvələrin diktə etdiyi gündəliksiz qəbul olunması deməkdir:

“Burada məqsəd ayırıcı xətlər yaratmamaq, region ölkələrindən hər hansı birinin zərərinə işləməməkdir. Yalnız bu əsasda Cənubi Qafqazda təhlükəsizliyi, iqtisadi rifahı, həqiqi və uzunmüddətli sülhü təmin etmək mümkündür”.

Kaluqin xatırladıb ki, 3+3 platformasının təsis görüşü 2021-ci ilin dekabrında Moskvada keçirilib və bu formatın təşəbbüskarları Azərbaycan və Türkiyədir:

“2023-cü ilin oktyabrında xarici işlər nazirləri Tehranda birgə iclas keçiriblər. 2024-cü ilin oktyabrında İstanbulda keçirilən nazirlər görüşündə nəqliyyat, enerji və mədəniyyət sahələrində konkret əməkdaşlıq məsələlərinin müzakirəsinə başlamaq barədə razılıq əldə olunub”.

Bununla əlaqədar olaraq, Rusiya rəsmisi bildirib ki, hazırda Gürcüstan da daxil olmaqla iştirakçı ölkələrin aparıcı ekspertlərinin iştirakı ilə 3+3-ün fəaliyyətindəki əsas və problemli məsələlərin müzakirəsi üçün “yol xətti”nin hazırlanması istiqamətində fəal iş aparılır.

Chosen
11
2
teleqraf.com

3Sources