Deputatın fikrincə, Prezidentin bəyanatına xüsusi kəskinlik verən məqam ləğv edilmiş qrupun həmsədrləri olan ABŞ, Fransa və Rusiyanın nüvə dövlətləri, həmçinin BMT Təhlükəsizlik Şurasının daimi üzvləri olması idi: "Dünyada böyük gücə malik olmalarına baxmayaraq, onlar otuz il ərzində öz qəbul etdikləri qətnamələri belə görməzlikdən gəldilər. Biz beynəlxalq hüquqa münasibətdə açıq selektiv yanaşma ilə üz-üzə qaldıq: böyük dövlətlər yalnız öz geosiyasi maraqlarına uyğun gələn qərarların icrasını təmin edirlər. 2020-ci ildə Azərbaycan dünya miqyasında presedent yaratdı - biz BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını silahlı güc və siyasi iradə hesabına təkbaşına təmin etdik. Məhz buna görə də bu gün AŞPA və Avropa Parlamenti kimi institutlar absurd qətnamələr qəbul edərək və sanksiyalar tətbiq etməyə çalışaraq bizi "cəzalandırmağa" cəhd göstərirlər".
Hazırda Zəngilanda xarabalıqların yerində yeni geoiqtisadi qovşaq qurulduyğunu xatırladan T.Gəncəliyev bildirib ki, Prezident bu rayonun beynəlxalq nəqliyyat habına çevriləcəyini bəyan etdi: "Bu yeni memarlığın əsas elementi isə Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirəcək və Orta Dəhlizin bir hissəsinə çevriləcək Zəngəzur dəhlizi olacaq. Bu, bizim şərtlərimizlə qurulan sülhdür. Biz artıq bizə status-kvonun diktə edilməsinə imkan verməyəcəyik. Cənubi Qafqazın xaricdən idarə olunması dövrü başa çatıb. Azərbaycan sübut etdi ki, ədalət sözlə deyil, əməli addımlarla bərpa olunur. Dünyaya mesajımız son dərəcə aydındır: biz sülhə hazırıq, əməkdaşlıq gündəliyi təklif edirik, lakin Ermənistanda revanşizm ideyaları yaşadığı müddətdə ayıq-sayıq qalacağıq. Zəngilan bu gün öz torpağına dağıtmaq üçün deyil, qurmaq üçün qayıdan qanuni sahibin simvoludur".