"Ulu öndər Heydər Əliyev Azərbaycan xalqının müstəqilliyi və dövlətçiliyimizin möhkəmlənməsi naminə çox böyük bir irs qoyub gedib. Onun xatirəsini anarkən, xüsusilə Qurban bayramı günlərində insanlar dini mənsubiyyətini daha dərindən hiss edir və bu zaman qarşılarında ulu öndərin yaratdığı böyük irsi görürlər. Bu irs yalnız siyasi, ideoloji və iqtisadi deyil, eyni zamanda dərin mənəvi dəyərləri də özündə birləşdirir. Bütün bu komponentləri bir araya gətirdikdə aydın olur ki, ulu öndər Azərbaycan xalqına bütöv bir dövlətçilik irsi bəxş edib".
Redaktor.az xəbər verir ki, bu fikiləri Milli Məclisin plenar iclasında deputat Hikmət Məmmədov səsləndirdi.
Onun sözlərinə görə, sevindirici haldır ki, bu irsə həm xalq, həm də dövlət sahib çıxır və bu əmanət getdikcə daha da genişlənir, güclənir, Azərbaycan isə bu yolda daha böyük söz sahibinə çevrilir:
"Əlbəttə ki, dövlətçilik irsinin mənəvi komponentləri xüsusi əhəmiyyət daşıyır. Çünki mənəvi birlik olmadan həmrəylik əldə etmək demək olar ki, mümkün deyil. Cəmiyyətin, dövlətin və millətin birliyi üçün təkcə iqtisadi amillər kifayət etmir. Azərbaycanın böyük mütəfəkkiri Mirzə Ələkbər Sabir də bu həqiqəti belə ifadə edirdi:
Anam sünni, atam şiə, dürəng mən,
Nə farsam mən, nə hindəm, mən Türkəm mən!
Muğanda - müğbeçə, məsciddə - əkbər,
Təfavüt yox, həqiqətdə zirək mən!
Sabirin bu misralarında ifadə olunan pak və mənəvi dəyərlər, əslində, ulu öndərin formalaşdırdığı azərbaycançılıq ideologiyasının əsas sütunlarıdır. Bu günlərdə dini komitənin təşkilatçılığı ilə Naxçıvana səfər çərçivəsində ulu öndərin xatirəsinə həsr olunmuş geniş konfrans keçirildi. Gürcüstan, Türkiyə və Azərbaycan nümayəndələrinin iştirak etdiyi tədbirdə məzhəb və din fərqlərinə baxmayaraq ortaq dəyərlər ön plana çəkildi. Naxçıvanda yerləşən Heydər məscidində müxtəlif məzhəblərin nümayəndələri bir araya gələrək birgə ibadət etdilər və ulu öndərin əziz xatirəsini yad etdilər. Bu həmrəylik, Sabirin misralarında əks olunan dini-mənəvi kodlarımızın – minilliklərdən gələn dəyərlərin – canlı təcəssümüdür. Bu birlik milli gücümüzü daha da artırır. Sabirin də vurğuladığı kimi, həqiqət və ədalət olan yerdə güc var. Bu isə universal bir modeldir və bu gün İlham Əliyev tərəfindən beynəlxalq müstəvidə uğurla təqdim olunur".
NURİYYƏ