EN

Türkiyə və Azərbaycan memarlığında ortaq hədəflər: İkinci forumda nələr müzakirə olundu?

Bakıda Türkiyə və Azərbaycanın memar-dizaynerlərinin iştirakı ilə “Invision Design Talks 2” forumu keçirilib.

Musavat.com xəbər verir ki, sayca ikinci olan tədbir memarlıq, interyer dizaynı, süni intellekt, şəhərsalma və innovativ texnologiyalar sahəsində regional və beynəlxalq fikir mübadiləsi üçün mühüm müzakirə platformasına çevrilib.

Forumun fəxri qonağı olan Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün çıxışında qeyd edib ki, Türkiyə və Azərbaycan arasında münasibətlər tarixdə ən yüksək mərhələdədir: iqtisadi, siyasi, mədəniyyət və enerji sahələri də daxil olmaqla bütün istiqamətlər üzrə iki ölkə arasında münasibətlər sürətlə dərinləşir:

"Xüsusilə 2020-ci ildəki 44 günlük Vətən müharibəsindən sonra Qarabağın azad edilməsi ilə bu münasibətlər tamamilə yeni baxış qazanıb. Şuşa Bəyannaməsi ilə Türkiyə və Azərbaycan artıq real mənada strateji müttəfiqə çevrilib".

WhatsApp

Səfirin sözlərinə görə, Prezident Rəcəb Tayyib Ərdoğan və Prezident İlham Əliyevin səyləri ilə iki ölkənin həmrəyliyi dünyada olmadığı səviyyəyə çatıb:

"Bu birlik türk dünyasının digər ölkələrinin də yaxınlaşmasına təkan verib. Şuşa Bəyannaməsinin imzalandığı 2021-ci ildə Türk Şurası Türk Dövlətləri Təşkilatına çevrildi və ortaq Türk dünyasının çətir qurumu oldu. 2026-cı il Türkiyə-Azərbaycan əməkdaşlığının yeni mərhələsini nümayiş etdirir. Belə ki, mayın 17-22-də Bakıda Dünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF-13) keçiriləcək, 2 il bundan əvvəl akıda baş tutmuş COP29dan sonra isə bu il COP31 Türkiyənin Antalya şəhərində təşkil olunacaq".

B.Akgün Türk dünyasının ortaq mədəniyyət və şəhərsalma ənənələrinin olduğunu qeyd edib:

"Səmərqənd, Buxara, Bakı, Konya, Bursa, Ədirnə, İstanbul, Ankara, Astana və Bişkek kimi şəhərlər Türk sivilizasiyasının memarlıq və estetik baxımdan ən mühüm nümunələridir. Şəhərlər yalnız yollar, metro və infrastruktur deyil. Orada həmin sivilizasiyanın incə sənəti, estetikası yaşayır, estetik sivilizasiyanın ən yüksək mərhələsidir".

Akgün Bakının tarixən memarlıq və estetika şəhəri olduğunu vurğulayaraq, şəhərin bu gün də XXI əsrin memarlıq baxışlarını cəsarətlə nümayiş etdirən öncü məkanlardan biri olduğunu bildirib.

Tədbirin əsas təşkilatçısı “Seranit Azərbaycan” şirkətinin rəhbəri Ufuk Polat ötən il keçirilən birinci forumun dizayn və memarlığın insanları necə bir araya gətirdiyini göstərib. Məhz birinci tədbirin uğuru, doğurduğu rezonans ikinci tədbirin təşkilinə stimul verib. İkinci tədbiri təşkilatçılar memarlığın gələcəyinə həsr ediblər.

Tədbirin digər təşkilatçısı olan "SinerjiPro" şirkətinin rəhbəri Ufuk Aydın Qarabağda əldə olunan tarixi qələbənin Azərbaycan və Türkiyə xalqlarını birgə işləməyə stimullaşdırdığını bildirib: “O böyük qələbədə canından keçən şəhidlərimizə sorsaydıq ki, bizə nə deyərsiniz? Əminəm ki, deyərdilər:

“Biz torpaq altında yatırıq, siz torpağın üstündə yatmayın. Biz qan tökdük, siz tər töküb bu torpağı dirçəltmək üçün çalışın”. Hamımız bu amalla, bu inamla hərkət etməliyik”.

Tədbirin birinci sessiyasında memarlıq və dizayn texnologiyasının gələcəyinə həsr olunan çıxışlar təqdim olunub. Türkiyənin tanınmış memarı, Azərbaycanda da bir çox layihələrin müəllifi olan"Metex Mimarlık" şirkətinin rəhbəri  Sinan Kafadar “Davamlı Estetika: Statik Quruluşlardan Adaptiv Gələcəyə” mövzusunda təqdimatla çıxış edib.

Onun verdiyi məlumatdan aydın olub ki, hazırda Azərbaycanda həyata keçirilən əsas layihələrdən biri - Bakının Səbail rayonunda yerləşən "Canopy by Hilton" hoteli tarixi memarlıq nümunələrinin qorunması prinsipi əsasında hazırlanıb. Layihə elə hazırlanıb ki, ərazidəki iki tarixi bina qorunub saxlanılır:

“Qorunması tələb olunmayan hissə sökülərək yeni bina layihələndirilib. Bununla da daxili həyət konsepsiyası yaradılıb. Layihədə yaşıllıq örtüyü tam şəkildə saxlanılır, daxili həyətdə isə qış bağı yaradılır".

S.Kafadar Bakıda həyata keçirdikləri ikinci layihənin Bilgəh qəsəbəsində  hotel və rezidensiya layihəsi olduğunu deyib:

"Təxminən 15 il əvvəl tikilmiş mövcud bina müasir tələblərə uyğun şəkildə yenidən qurulur. Layihə yalnız yay mövsümü üçün deyil, ilboyu istifadəyə uyğunlaşdırılır. Eyni zamanda müəyyən mərtəbələrdə rezidensiya sahiblərinin olması konsepsiyası da tətbiq edilir".

O əlavə edib ki, gələcəkdə Azərbaycan memarlığının inkişafında əsas rolu yerli memarlar oynamalı, beynəlxalq təcrübədən faydalanaraq bu sahədə liderliyi öz üzərlərinə götürməlidirlər.

Türkiyənin “Yes Architects” şirkətinin həmtəsisçisi Yeşeren Ersanın təqdimatından aydın olub ki, şirkətin Bakı, İstanbul və Daşkənddə ofisləri fəaliyyət göstərsə də, ən böyük layihə portfeli Azərbaycandadır.

Yeşeren Ersan qeyd edib ki, şirkət hazırda Azərbaycanda yaşayış kompleksləri, hotellər və ticarət mərkəzləri də daxil olmaqla bir sıra iri layihələr həyata keçirir. Onun sözlərinə görə, şirkət artıq layihələndirmə prosesində süni intellekt alətlərindən geniş istifadə edir.

Belə ki, Azərbaycanda iki tikinti layihəsində süni intellektdən istifadə ediblər. Bunlardan birində layihələndirmə işlərinin təxminən 20 faizi, digərində isə 50 faizi süni intellektin dəstəyi ilə hazırlanıb.

O vurğulayıb ki, süni intellektdən istifadə hazırda xərcləri təxminən 10 faiz azaltmağa imkan verir, yaxın 5 ildə isə bu göstərici 80-90 faizə çata bilər.

Memar əlavə edib ki, süni intellekt qərarvermə prosesini sürətləndirsə də, əsas qərarlar yenə də insanlar tərəfindən qəbul olunur.

Forumun ikinci sessiyasında Sefer Çağlar “Məkan Üzərindən Sosial Qarşılıqlı Əlaqə və Təcrübə Dizaynı” mövzusunda çıxış edərək ictimai məkanların insan davranışına və sosial münasibətlərə təsirindən bəhs edib.

Azərbaycanın tanınmış memarı Tusi Əliyev isə “Rəqəmsal İntibah və Dizaynda Yeni Əməkdaşlıq Protokolları” mövzusunda təqdimatla çıxış edərək rəqəmsal transformasiya dövründə dizayn sahəsində yaranan yeni əməkdaşlıq modelləri barədə fikirlərini bölüşüb.

Tədbirin yekun hissəsində Özer Çiçək “Yüksək binalarda isitmə sistemlərinin xarici fasadla qarşılıqlı əlaqəsi” mövzusunda təqdimat edib. O, müasir tikililərdə enerji səmərəliliyi və fasad həllərinin mühəndislik sistemləri ilə inteqrasiyasının əhəmiyyətindən danışıb.

DÜNYA,
Musavat.com 

Chosen
16
musavat.com

1Sources