EN

"Azərbaycan mediası dünyada sülhün təbliğatçısı olmalıdır" - Agentlik

“Burada demək olar ki, ölkəmizin aparıcı media subyektlərinin nümayəndələri cəmləşiblər. Azərbaycan mediası dünyada sülhün təbliğatçısı olmalıdır. Sülhü və sülh prinsiplərini təbliğ etmək medianın əsas vəzifəsi olmalıdır. Mən sizə deyim ki, bu vəzifə media etikasının bütün prinsipləri ilə səsləşən bir missiyadır. İnanırıq ki, prezidentin çağırışından sonra biz media olaraq bu funksiyanı da layiqincə və yüksək peşəkarlıqla yerinə yetirəcəyik".

Redaktor.az xəbər verir ki, bu fikirləri  Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə “Prezident İlham Əliyevin sülh strategiyası sabitliyin qarantıdır” mövzusunda keçirilən dəyirmi masada səsləndirdi.

"Azərbaycan insanının heysiyyətinə toxunan məqamlar var. O məqamlar ki, onun mənəvi dəyərləri və prinsipləri ilə kimlərsə imitasiya edir, kimlərsə isə onları görməzdən gəlir. Çox təəssüf ki, müasir siyasi tariximizin belə qara ləkələri də mövcuddur. Bunlardan biri də ATƏT-in Minsk qrupu adlanan köhnə bir qurumun fəaliyyətidir. Daha doğrusu, onun fəaliyyəti deyil, fəaliyyətsizliyi sülh imitasiyasına hesablanmışdı. Tarix də buna öz qiymətini verdi. Azərbaycan beynəlxalq hüququn prinsiplərini öz gücünə, öz potensialı hesabına bərpa etdi və hər hansı bir qrupun və yaxud qruplaşmanın köməyinə ehtiyac duymadı.

Biz istərdik ki, dövlət başçısının təbirincə desək, diplomatiyamızda və dünya diplomatiyasında bir ləkə kimi qalan Minsk qrupunun fəaliyyətini xüsusi vurğulamayaq. Amma bu məsələ bizim birbaşa mövzumuzla səsləşir".

Xədicə BAXIŞLI

Chosen
17
redaktor.az

1Sources