Day.Az-a açıqlamasında təhsil eksperti Elmin Nuri bildirib ki, gələcəkdə ləğv olunma təhlükəsi ilə qarşı-qarşıya olan ixtisaslar, sənətlər və peşələrlə bağlı dünya miqyasında bir çox təqdiqat mərkəzləri, elmi institutlar araşdırmalar aparıblar:
"Bu araşdırmaların bir çoxu 2050-ci, bəziləri isə 2030-cu ilədək yaşanacaq prosesləri nəzərdə tutur. Əsas səbəblər xüsusi qabardılır və bu səbəblərin bir çox ixtisaslara təsiri analiz edilir. Bu analizlərin nəticəsində isə iki məsələ ortaya çıxır: dövrün tələbinə uyğun olaraq forma və məzmunu dəyişilməli olan ixtisaslar və ümumiyyətlə yox olmaq məcburiyyətində olan ixisaslar. İkinci qrupa aid ixtisaslara təsir edən əsas qüvvə isə sürətlə inkişaf edən İT dünyası və süni intellektdir", - deyə o bildirib.
Ekspert qeyd edib ki, süni intellekt bir çox ixtisasları insanların əlindən almaq prosesinə çoxdan başlayıb:
"Artıq rəqəmsal dünya müəyyən profilli - marketinq, servis, sənaye kimi sahələrə aid ixtisaslarda ciddi "təmizləmə" aparıb. İxtisas, peşə özünün dövr üçün tələbatlılığını qoruya bilməyib. Getdikcə, bu qəbildən olan ixtisaslar, müxtəlif profilli peşələrdə bu tendensiya daha da artacaqdır. Artıq müxtəlif sahələrdə bağlı xüsusi məsləhətçilərə, konsultantlara, adminstratorlara az tələbat var. Lakin insan zəkası və əlinin hər hansı ixtisasdakı yeri nə iləsə dəyişəsi deyil. Hər texnoloji inqilab insana necə avantajlar verdisə, süni intellekt də gələcəkdə məhz bu avantajlara dəstək xarakterli olacaqdır", - o deyib.
Nəsimi Ələsgərli