EN

"Paşinyan seçkiyə sülh gündəliyi ilə gedirsə, bu, Azərbaycanın yaratdığı siyasi reallığın nəticəsidir"

"Əgər Paşinyan seçkiyə sülh gündəliyi ilə gedirsə, bu, Azərbaycanın yaratdığı siyasi reallığın nəticəsidir. Yəni sülh gündəliyinin müəllifi Azərbaycan Prezidentidir. Eyni zamanda, Paşinyan hökumətinin bu gündəliyi əsas siyasi platforma kimi götürməsi onu göstərir ki, onlar mövcud reallığı müəyyən qədər düzgün qiymətləndirməyi bacarırlar. Amma digər tərəfdən neokolonial elementlərin təsiri də açıq şəkildə hiss olunur. Müasir dövrdə neokolonializm artıq hərbi işğal formasında həyata keçirilmir. Bunun üçün maliyyə mexanizmləri, siyasi elitaya təsir imkanları, dövlətləri asılı vəziyyətdə saxlamaq metodları və beynəlxalq qurumlardan istifadə vasitələri mövcuddur".

Redaktor.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı, siyasi elmlər doktoru Rizvan Nəbiyev Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə “Prezident İlham Əliyevin sülh strategiyası sabitliyin qarantıdır” mövzusunda keçirilən dəyirmi masada səsləndirdi.

"Prezident yenidən Avropa İttifaqının müşahidə missiyasının fəaliyyətinə toxundu. Bu da təsadüfi deyil. Çünki artıq bir missiyanın fəaliyyəti başa çatmamış, ikinci missiya bölgəyə göndərilib. Birinci missiyanın mandatı 2027-ci ilə qədər nəzərdə tutulsa da, indi yeni missiyanın da göndərilməsi planlaşdırılır və onun da iki illik fəaliyyət müddətindən danışılır.

Diskussiya zamanı digər məqamlara da toxunacağıq. Amma vurğulamaq istədiyim əsas məsələ odur ki, Azərbaycanın yaratdığı yeni siyasi reallığı düzgün qiymətləndirən dövlətlər və siyasi qüvvələr də var. Son həftələrdə Azərbaycana həyata keçirilən yüksək səviyyəli səfərlər və aparılan dialoqlar bunun bariz nümunəsidir.

Diqqət edin, artıq ABŞ, İtaliya, Latviya və digər dövlətlər, o cümlədən müəyyən istiqamətlər üzrə Ukrayna ilə də müdafiə sənayesi sahəsində əməkdaşlıq təklifləri irəli sürürlər. Bu isə Azərbaycanın regional təhlükəsizliyə verdiyi töhfənin, xüsusilə hərbi təhlükəsizlik müstəvisində Avropa İttifaqına üzv dövlətlər tərəfindən də yüksək qiymətləndirildiyini göstərən çox vacib bir məqamdır", - deyə o əlavə etdi.

Xədicə BAXIŞLI

Chosen
18
1
redaktor.az

2Sources