EN

Ümumdünya tarixində Azərbaycan dövlətçiliyi - Yaqub Mahmudov yazır

Yer kürəsində tarixi inkişafın müasir səviyyəyə yüksəlişində dövlət halında birləşməyə nail olmuş xalqlar mühüm rol oynamışlar.

Dünyada mövcud olmuş xalqların böyük əksəriyyəti dövlət yarada bilməmiş, buna görə də onların bir çoxu xarici təcavüzlərə tab gətirə bilməyərək tarix səhnəsindən silinib getmişlər.

İşğalçı dövlətlərin, xüsusilə müstəmləkəçi imperiyaların xüsusi məqsədlə həyata keçirdikləri etnik-dini ayrı-seçkilik siyasəti, sürgünlər və soyqırımları nəticəsində dünya xalqlarının xeyli hissəsi assimilyasiyaya uğradılmış, hakim xalqların tərkibində əriyib yox olmuşlar.

Asiya, Afrika, Amerika və Avstraliyanın ən qədim sakinləri olan bir çox tayfa və xalqların kütləvi surətdə məhv edilməsi və onların tarixi torpaqlarının zəbt olunmasının ilk qanlı səhifələrinə Böyük Coğrafi kəşflər dövründə başlandı.

Böyük Coğrafi kəşflərin gedişində dünyanı öz aralarında bölüşdürməyə başlayan qərb müstəmləkəçiləri, həm də, Roma papalarının təşəbbüsü və fəal iştirakı ilə işğal olunmuş ölkələrin əhalisinin xristianlaşdırılmasına da başladılar.

Avropadan başlayan müstəmləkə işğalları dünyanın ən qədim mədəniyyət mərkəzləri olan və insanlığın müasir tərəqqi səviyyəsinə yüksəlişinin əsasını qoymuş Şərq ölkələri və xalqlarının tarixi inkişafına ağır zərbə vurdu.

Azərbaycan xalqı tarixin ən qədim çağlarından başlayaraq, yaxın qonşular da daxil olmaqla, dünyanın ən böyük imperiyalarının, ən qüdrətli fatehlərinin aramsız hücumlarına, bəzən də uzunsürən işğal rejimlərinə məruz qalsa da, özünün etnik-siyasi varlığını qoruyub saxlaya bildi. Bunun başlıca səbəbi Azərbaycan xalqının sarsılmaz dövlət idarəçiliyi mədəniyyətinə malik olmasıdır.

Azərbaycan xalqı dünyanın ən qədim və ən zəngin dövlətçilik mədəniyyətinə malik olan tək-tək xalqlarından biridir.

Şərqdə ən qədim sivilizasiyaların ayaq açıb yeriməyə başladığı ərazidə – Xəzər dənizi, Qara dəniz, Aralıq dənizi və İran körfəzi arasındakı regionda geniş və münbit torpaqları əhatə edən Azərbaycan Babilistan, Misir, Hindistan və Çinlə yanaşı qədim Şərqin ən qədim dövlətlərinin yarandığı tarixi məkanlardan biridir.

İlk dövlət qurumlarının hələ eramızdan əvvəl IV minilliyin sonu - III minilliyin əvvəllərində formalaşmağa başlamış olduğu Azərbaycan Yer kürəsində dövlətçilik mədəniyyətinin ən qədim mərkəzlərindən biridir.

Azərbaycan dünyanın olduqca azsaylı ölkələrindən biridir ki, bu diyarda ilk tayfa birliyindən başlamış ən müasir demokratik, hüquqi və dünyəvi respublikaya qədər dövlət idarəçiliyi mədəniyyətinin bütün mərhələləri tarixi ardıcıllıqla bir-birini əvəz etmişdir.

Azərbaycan xalqının, habelə digər türk xalqlarının tarixində quldarlıq bir sistem kimi formalaşmamış və quldar dövlətləri də mövcud olmamışdır.

Chosen
45
1
aznews.az

3Sources