EN

Maşın təkərinin deşilməsi ilə başlayan mübahisə bıçaqlanma ilə nəticələndi – AĞIR CƏZA

Bakı Ağır Cinayətlər Məhkəməsində xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Elnur Abdulovun (soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Firdovsi Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.


Məhkəmənin hökmü o, 8 il müddətinə azadlıqdan məhrum edilib.


Qeyd: Təqsirləndirilən şəxsə qarşı Cinayət Məcəlləsinin 126.2.4-cü (xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb.


İttihama görə, hadisə 2025-ci ilin iyul ayında gecə saatlarında Bakı şəhərində baş verib.


Belə ki, Elnur Abdulov gecə saat 23 radələrində park edilmiş avtomobilin təkərlərini bıçaqla deşib. Həmin vaxt ərazidən keçən zərərçəkmiş İntiqam Nəbiyev (adı, soyadı şərtidir) onun bu hərəkətinə irad bildirib. Bundan sonra tərəflər arasında mübahisə yaranıb.


Təqsirləndirilən şəxs heç bir əsaslı səbəb olmadan, cəmiyyətdə qəbul olunmuş davranış qaydalarına etinasızlıq göstərərək, özünü digər şəxslərdən üstün tutmaqla xuliqanlıq niyyəti nümayiş etdirib. O, üzərində gəzdirdiyi mətbəx bıçağı ilə zərərçəkmiş şəxsə iki dəfə zərbə endirib. Bıçaq zərbələri nəticəsində İntiqam döş qəfəsinin sağ yarısının plevra boşluğuna nüfuz edən iki deşilmiş-kəsilmiş yara, ağciyər və diafraqmanın zədələnməsi, həmçinin hemopnevmotoraks kimi həyat üçün təhlükəli ağır xəsarətlər alıb. Məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən, həmin xəsarətlər ümumilikdə və ayrı-ayrılıqda sağlamlığa ağır zərər vurma kimi qiymətləndirilib.


Cinayət işi üzrə məhkəmə baxışı zamanı o, özünü təqsirli bilməyib. İntiqam ifadəsində deyib ki, hadisə zamanı həmin ərazidə sadəcə gəzirmiş və baş verənləri kənardan müşahidə edib. Təqsirləndirilən şəxsin sözlərinə görə, avtomobil təkərlərini başqa şəxs deşib və bıçaqlanma hadisəsini də həmin şəxs törədib. O, məhkəmədə ifadəsində süni intellekt vasitəsilə kənardan idarə olunduğunu da iddia edib.


Lakin məhkəmə onun bu ifadələrini inandırıcı hesab etməyib və özünü müdafiə məqsədi daşıyan, məsuliyyətdən yayınmağa yönəlmiş mövqe kimi qiymətləndirib.


Məhkəmə araşdırması zamanı İntiqam Nəbiyev hadisənin necə baş verdiyini ətraflı danışıb. O bildirib ki, gecə saatlarında yaşadığı binanın yaxınlığındakı marketdən təkrar emala yararlı karton və kağız toplamaq üçün çıxarkən qonşusuna məxsus “Mitsubishi Lancer” markalı avtomobilin təkərlərinin deşildiyini görüb. Həmin vaxt sonradan Elnur kimi tanıdığı şəxsin əvvəlcə avtomobilin sağ arxa, daha sonra isə sağ ön təkərini əlindəki bıçaqla deşdiyini müşahidə edib.


Zərərçəkmiş şəxs deyib ki, o, təqsirləndirilən şəxsə yaxınlaşaraq etdiyi hərəkətə etiraz edib və səbəbini soruşub. İntiqam isə avtomobil sahibiylə ədavəti olduğunu deyib. Zərərçəkmiş şəxs ona avtomobil sahibini çağıracağını və məsələni söhbətlə həll etmələrinin daha düzgün olacağını bildirib. Bundan sonra Elnur binanın arxa hissəsinə keçib.


Bir qədər sonra avtomobil sahibi olan şəxslə birlikdə həmin şəxsin yanına gedərək vəziyyəti sakit şəkildə həll etməyə çalışıblar. Zərərçəkmiş şəxs məhkəmədə deyib ki, Elnur əlində bıçaq olduğundan ona bunu yığışdırmağı və problemi danışıq yolu ilə həll etməyi təklif edib. Lakin bu sözlərdən sonra təqsirləndirilən şəxs aqressivləşərək onun üzərinə gəlib.


İntiqam Nəbiyev bildirib ki, özünü qorumaq üçün yaxınlıqdakı əl arabasını qarşı tərəfə doğru itələyərək aralarında məsafə yaratmağa çalışıb. Daha sonra qaçmaq istəyərkən ayağı çökəkliyə düşüb və yerə yıxılıb. Bu zaman Elnur onun üstünə çıxaraq iki dəfə bıçaq zərbəsi endirib.


Onun sözlərinə görə, hadisə təxminən 10-15 dəqiqə davam edib. Təqsirləndirilən şəxs hadisə zamanı və ibtidai istintaq dövründə verilən suallara normal cavab versə də, məhkəmədə fərqli davranış nümayiş etdirib.


Zərərçəkmiş şəxs bildirib ki, hadisədən sonra şahid dərhal Daxili İşlər Nazirliyinin “102” xidmətinə və təcili tibbi yardıma məlumat verib. Yaralı şəxs sonradan təcili tibbi yardım avtomobili ilə Sabunçu rayon xəstəxanasına çatdırılıb.


Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışmadığını və onu bağışlamadığını deyərək qanunauyğun cəza təyin edilməsini istəyib.

 

Kamal Məmmədov 

Tarix: 13 May 2026, 09:49   
Chosen
39
pravda.az

1Sources