EN

Azərbaycanda gənclər artıq düşünür ki, 2 il magistratura oxumaqdansa…” EKSPERT

Moderator.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

“Magistratura bakalavrın təkrarına çevrilib.  Ən böyük problemlərdən biri budur.  Bir çox universitetdə eyni müəllimlər, eyni metodika,  eyni auditoriya modeli, eyni formal qiymətləndirmə, bəzən də eyni məzmun  magistratura səviyyəsində də davam edir…”

“Magistr tələbəsi elmi müzakirə, seminar, tədqiqat qrupu, beynəlxalq layihə mühitinə daxil olmalıdır. Amma heç onun elmi rəhbəri də belə mühitdə deyil…”

“Magistratura yenidən dizayn edilməlidir. Magistratura pilləsi ilə əlaqədar  indiyə qədər olan işlərin 90 %-i səhv, keyfiyyətsiz və məsuliyyətsiz edilmişdir…

“Magistraturaya marağın azalması təkcə gənclərin problemi deyil.  Bu milli universitetlərimizin, elmimizin, ali təhsil sisteminin, sabah isə iqtisadiyyatımızın, postneft eramızın böhranıdır…”

Moderator.az aktuallığını nəzərə alaraq tanınmış təhsil eksperti İlham Əhmədovun  Azərbaycanda elm və təhsilin problemləri barədə “Azərbaycanda  magistratura təhsilinin  böhranı:  problemlər, həllər…” başlıqlı növbəti analitik məqaləsini dəyərli oxucuların müzakirəsinə buraxır:

"Son illərdə Azərbaycanda magistratura pilləsinə marağın azalması diqqəti çəkir.  Bu təsadüfi hadisə deyil. Bəs, görəsən,  bizdə   magistratura təhsil  pilləsi   öz funksiyasını yerinə yetirə bilirmi?   

Magistratura pilləsində yaranmış  bu ağır  durum  uğursuz ali təhsil islahatlarının nəticəsidir.  Axı bizdə bakalavr  hazırlığı proqramlarının da  çox keyfiyyətsizdir, bu sahədə də xeyli problemləri var. 90-cı illərin sonlarında, təxminən  30 il əvvəl, biz  heç bir hazırlıq görmədən, zəruri tədris-metodik təminat yaratmadan, bu sahədə heç bir  təcrübəmiz olmadan, bu məqsədlə heç bir ciddi tədqiqat aparmadan,  investisiya etmədən, az vaxt ərzində  (cəmi 2-3 ayda) yüzlərlə magistr proqramları “hazırladıq” və  “magistr  təhsil pilləsinə keçdik”.   Digər ölkələrdə buna illərlə hazırlıq aparılır,  milyonlarla investisiyalar edilir, pilot layihələr icra edilir, sonra tədrisə başlayırlar.  Bu səbəblərdən  30 ildir ki,   magistratura təhsil  pilləsinin problemlərini  heç cür həll edə bilmirik…  

Bir çox universitetlərdə  boş  qalan yerlərin sayı  ilbəil  artır, bəzi ixtisaslara qəbul  minimum həddə düşüb. Tələbələr  magistraturaya bilik və səriştə qazanmağa yox, yalnız diplom almaq  üçün müraciət edirlər.   Əslində  problem yalnız qəbul sayının azalması deyil. Daha dərin problem magistratura təhsilinin məqsədinin,  modelinin,  əmək bazarı ilə əlaqəsinin,  akademik məzmununun böhran yaşamasıdır.

Magistratura təhsil  pilləsinin mahiyyəti nədir?..

Dünyanın inkişaf etmiş ali təhsil  sistemlərində magistratura sadəcə ikinci diplom mərhələsi deyil.  Bu pillə elmi tədqiqat hazırlığı,  ixtisaslaşma,  analitik düşüncə,  innovasiya və problem həlli,  akademik və peşəkar liderlik mərhələsidir.  Yəni magistratura bakalavrın təkrar versiyası olmamalıdır.  Magistratura daha dərin, daha analitik, daha praktik, daha tədqiqat yönümlü təhsil modeli üzərində qurulmalıdır.

Azərbaycanda magistratura təhsilinin  əsas problemi nədir?

1. Magistratura bakalavrın təkrarına çevrilib.  Ən böyük problemlərdən biri budur.  Bir çox universitetdə eyni müəllimlər, eyni metodika,  eyni auditoriya modeli, eyni formal qiymətləndirmə, bəzən də eyni məzmun  magistratura səviyyəsində də davam edir.  Fərq yalnız dərs adlarında, kredit sayında, diplomun səviyyəsində olur. Mahiyyət isə eyni olur.  Nəticədə tələbə düşünür ki, mən niyə daha 2 il eyni sistemi təkrar oxumalıyam?..

2. Əmək bazarı magistraturanı kifayət qədər qiymətləndirmir.  Bir çox sahədə magistr diplomu əmək haqqına ciddi təsir etmir,  karyera üstünlüyü yaratmır,  real olaraq səriştə fərqi formalaşdırmır.  Əgər işəgötürən üçün fərq yoxdursa,  əmək bazarı əlavə dəyər görmürsə, gənclərin magistraturaya marağı azalır.  

3. Magistratura elmi tədqiqat məktəbi deyil.  Normal  sistemdə magistratura elmi metodologiya,  tədqiqat bacarığı, akademik yazı,  data təhlili  məktəbi olmalıdır. Bizdə  isə bir çox hallarda magistr  real tədqiqat aparmır, elmi rəhbərlik formal xarakter daşıyır,  dissertasiya imitasiya səviyyəsində qalır. Bu isə magistraturanı elmi inkişaf mərhələsindən çox formal diplom mərhələsinə çevirir...

4. Süni intellekt və yeni əmək bazarı sistemi dəyişdirir.  SI dövründə əmək bazarı diplomdan daha  çox  səriştə tələb edir. Gənclər artıq düşünür ki,  2 il magistratura oxumaqdansa,  SI, data elmi,  rəqəmsal marketinq, kiber-təhlükəsizlik, proqramlaşdırma öyrənmək daha faydalıdır.  Bu çox ciddi siqnaldır.  Çünki klassik magistr modeli  yeni iqtisadiyyatın sürətinə uyğunlaşmır...

5. Magistraturada innovasiya zəifdir.  Bir çox proqram  köhnə kurikulumlarla işləyir,  multidissiplinar deyil, Sİ və rəqəmsal bacarıqları əhatə etmir. Halbuki müasir magistratura çevik, modul, layihə əsaslı, sənaye ilə inteqrasiyalı olmalıdır.

6. Akademik mühit zəifdir.  Magistr tələbəsi elmi müzakirə, seminar, tədqiqat qrupu, beynəlxalq layihə mühitinə daxil olmalıdır. Amma heç onun elmi rəhbəri də belə mühitdə yoxdur. Çünki universitetlərimizdə  heç vaxt belə mühit yaradılmayıb, elmə maliyyə ayrılmayıb, elm-innovasiya fəliyyəti çox zəifdir. Deməli, akademik həyat zəifdir, magistr  dərs və imtahan arasında  vurnuxur. 

Ən təhlükəli problem  magistraturanın missiya böhranıdır.   Azərbaycanda   magistratura nə üçün mövcuddur?   Əgər  magistratura nə ciddi elmi tədqiqat yaradırsa, nə əmək bazarında üstünlük verirsə, nə innovativ  səriştələr qazandırırsa, onda gənclərin marağının azalması təbii  haldır.  

Dünya   magistratura modelini necə dəyişir?..

1. Çevik magistr proqramları. Finlandiya  və  İsveç  universitetlərində modul magistr proqramları,  qısamüddətli sertifikat əsaslı modellər,  hibrid təhsil  geniş yayılır.

2. Tədqiqat  və  sənaye  modeli.   Almaniya  modelində magistratura sənaye layihələri, şirkətlərlə əməkdaşlıq, tətbiqi tədqiqat üzərində qurulur.

3.  SI və data əsaslı magistr proqramları.   Sinqapur  universitetləri  SI,  data  elmi, yaşıl texnologiya, innovasiyaların idarəedilməsi  kimi istiqamətlərə fokuslanır.

Azərbaycanda nələr dəyişməlidir?..

1. Magistratura yenidən dizayn edilməlidir. Magistratura pilləsi ilə əlaqədar  indiyə qədər olan işlərin 90 %-i səhv, keyfiyyətsiz və məsuliyyətsiz edilmişdir.  Magistratura bakalavrın  təkrarı və ya davamı yox, yeni mərhələ olmalıdır.  Bu pillə problem həlli,  analitik düşüncə,  tətbiqi tədqiqat,   innovasiya üzərində qurulmalıdır.

2. Modul və çevik sistem qurulmalıdır.  Klassik,  2 illik sərt model artıq köhnəlir. İndi mikrosertifikatlar,  toplanan (cəmlənən, yığıla bilən)  dərəcələr,  hibrid magistr proqramları,  SI dəstəkli təlimlər lazımdır. 

3. Magistratura əmək bazarı ilə birləşdirilməlidir.  Şirkətlər  magistr proqramlarının hazırlanmasında iştirak etməlidir. Tələbə real layihələrdə işləməlidir, təkcə nəzəri bilik almamalıdır.

4.  SI və rəqəmsal səriştələr məcburi olmalıdır. Bütün magistr proqramlarında  süni intellekt savadlılığı, məlumatların təhlili, rəqəmsal tədqiqat bacarıqları  tədris olunmalıdır.

5. Akademik mühit  yaradılmalıdır.  Magistratura seminar mədəniyyəti, tədqiqat  əlaqələri (kommunikasiyaları), açıq elm,  akademik debat üzərində qurulmalıdır. Yəni universitetdə elmi mühit olmalıdır. Bəs bizdə bu varmı? Kim, harda, nə vaxt bunu qurdu ki?.. 

6. Virtual və beynəlxalq magistr modelləri yaradılmalıdır.  Azərbaycan universitetləri xarici universitetlərlə ortaq proqramlar,  distant magistratura sistemi, ikili  diplom sistemləri yaratmalıdır.

7. Magistratura təhsil  pilləsi diferensiallaşdırılmalıdır.  Bütün magistr proqramları eyni məqsədə xidmət etməməlidir:  tədqiqatçı  magistri, peşəkar magistr, sənaye magistri, SI və innovasiya magistri  modelləri olmalıdır. 

Süni intellekt dövründə magistratura necə olacaq?.. 

Yaxın 10 ildə klassik magistr modelinin böyük hissəsi dəyişəcək.  Gələcəyin magistraturası daha qısa,  daha çevik,  SI dəstəkli,   layihə əsaslı, fərdiləşdirilmiş olacaq. Universitet bilik ötürən yox,  səriştə və innovasiya platformasına çevriləcək.

Magistraturaya marağın azalması təkcə gənclərin problemi deyil.  Bu milli universitetlərimizin, elmimizin, ali təhsil sisteminin, sabah isə iqtisadiyyatımızın, postneft eramızın böhranıdır.  Əgər magistratura əlavə dəyər yaratmırsa, yeni  səriştələr   qazandırmırsa,   karyera üstünlüyü vermirsə,  elmi inkişaf mühiti yaratmırsa, gənclər alternativ yollar seçəcəklər. Bu  proses artıq  gedir...   

Beləliklə, görürürk ki,  Azərbaycanda magistratura təhsil pilləsi ciddi transformasiyaya ehtiyac duyur.  Əsas problem qəbul planında, yerlərin boş qalmasında deyil, bu yaranmış böhran  magistraturanın mahiyyət böhranıdır.  Bu pillə formal diplom mərhələsindən, innovasiya və tədqiqat platformasına çevrilməlidir.  Əks halda magistratura pilləsi getdikcə zəifləyəcək,  istedadlı gənclər alternativ təhsil modellərinə yönələcək, universitetlərin elmi potensialı zəifləyəcəkdir, ölkədən beyin axını sürətlənəcəkdir. Amma  düzgün strategiya ilə magistratura təhsilini  SI dövrünün  tələblərinə,  yeni intellektual platformasına, innovasiya və  tədqiqat mərkəzinə, yüksək  səriştəli insan kapitalı hazırlayan sistemə çevrə bilərik. Bundan ötəri peşəkarlıq və  ciddi  işləmək lazımdır. İş  görüntüsü yaratmaqla yenə də biz heç nəyə nail olmayacağıq..."

Müəllif: dosent İlham Əhmədov   

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
9
1
moderator.az

2Sources