“ iki aydan sonra yenə deyəcəklər ki, uşaq ölümlərinin sayı artır”…
Xəbər verdiyimiz kimi, ötən gün Respublika Pediatriya Mərkəzinin direktoru Azər Əhmədov vəzifəsindən azad olunub.
Azər Əhmədovun Respublika Pediatriya Mərkəzindən çıxarılması səhiyyə işçiləri arasında böyük narazılığa səbəb olub.
Gununsesi.info-nun xəbərinə görə, bu barədə yayılan məlumatlara ölkənin əksər uzman həkimləri sosial şəbəkələrdə Azər Əhmədovun vəzifədən kənarlaşdırılmasını sərt formada tənqid ediblər.

Uzman doktor Ramin Cavadov:
“Azər doktorun sayəsində Qarayev və ora bağlı 6-7 uşaq xəstəxanası tarixinin qızıl vaxtlarını yaşadı. Belə gözəl insanlar nadir olur. Azər doktoru işdən çıxaran TƏBİB rəhbərliyinin iş üçün deyil, başqa planlarla gəldiyi məlum olur”.
Uşaq nevroloqu, uzman Dr. Ceren Bibinoğlu:
“Bir həkim düşünün ki, heç bir maddi qarşılığı olmadan bütün ölkənin həkimlərinə uşaq təcili yardım kursları düzəltsin, oksigeni belə olmayan uşaq xəstəxanalarını laboratoriyadan reanimasiyasına qədər sıfırdan qursun, Türkiyədən hocaları konqresə Azərbaycanlı pediatrlar üçün gətirsin və həm də bu qədər bilgili olsun. Həm vətənpərvər, həm vicdanlı, həm bilikli, tanımaqdan qürur duyduğum Azər doktorun harada olursa olsun daha minlərlə uşağın həyatına faydası olacağından əminəm”.
Uzman doktor Röyalə Babayeva:
“Respublika Pediatriya Mərkəzimizin qurucusu, onun bu səviyyəyə gəlməsində Azər doktorun böyük rolu var. Bütün həkimlər əl-ələ verib, direktorla çox gözəl işlər gördük. Ən böyük dayağımız və qürur yerimizdir”.
Uzman pediatr Elnur Hüseynov:
“Respublika Pediatriya Mərkəzini quraraq onu müasir tibb müəssisəsinə çevirməklə yüzlərlə uşağın düzgün tibbi yardım almasına səbəb olan bir şəxsdir. Azər doktor insan kimi insan, həkim kimi həkim, rəhbər kimi rəhbərdir. Təəssüf ki, yaxşı insanların dəyəri getdikdən sonra bilinir“.
Dr. Xəyalə Atayeva:
“Azər doktor çox yaxşı, savadlı, vicdanlı insandır. İndiki zamanda çox az insanda olan xüsusiyyətlərə sahibdir. Həm yaxşı həkimlərin yetişməsi üçün, həm də xəstələr və cəmiyyət üçün təmənnasız çox işlər görüb. Sizi tanımaqdan qürur duyuram, doktor. Yolunuz açıq olsun”.
Androloq cərrah Dr. Tariyel Məmmədov:
“Azər doktor kimi həkimi işdən çıxarırlar, iki aydan sonra yenə deyəcəklər ki, uşaq ölümlərinin sayı artır”.
Uzman Dr. Rövşanə Həsənzadə:
“Azər doktorun əməyi danılmazdır. Sıfırdan bir mərkəz yaratdı. Yolu açıq olsun. Yüzlərlə uşağın həyatında iz qoyub, insanların həyatına işıq tutub. Dəyərli həkim, yolunuz açıq olsun”.
Dr. İlahə Ağasəfqızı:
“Azər doktor Azərbaycan səhiyyəsinin ən gözəl sözlərinə layiq insanlardan biridir. Hər cür xoş sözə layiqdir. İnsanlığı, savadı, mədəniyyəti və səbri ilə insanlara həm insan olmağın, həm də həkim olmağın ən gözəl tərəflərini aşılayır. Yolu hər zaman açıq olacaq. Onun səhiyyədə görəcəyi işlər hələ qarşıdadır. Uğurlar olsun, doktor. Fəxrimizsiniz”.
Dr. Abbaszadə Tural:
“Azər doktor işinin əsl peşəkarı, insani keyfiyyətləri yüksək olan bir mütəxəssisdir. Belə insanları ancaq irəli aparmaq lazımdır. Təəssüf!”.
Uzman Dr. Ramil Abudov:
“Azər doktor savadı, mədəniyyəti, dürüstlüyü ilə fərqlənən nadir insanlardandır”.

Uzman Dr. Kamil Şərifov:
“Azər doktor Azərbaycan pediatriyasına iz qoymuş insanlardan biridir. Respublika Pediatriya Mərkəzinin formalaşmasında, inkişafında və təşkilatlanmasında çox böyük əməyi olub. Bunu sahənin içində olan hər kəs bilir. Bəzi insanların gördüyü işi illərlə danışarlar, çünki hər adamın bacaracağı işlər deyil.
Bu gün baş verən hadisə sadəcə bir vəzifə dəyişikliyi kimi görünə bilər. Amma dürüst desək, Azərbaycan pediatriyası üçün böyük itkidir. Çünki bəzi insanlar sadəcə vəzifədə olmurlar — sistem qururlar, iz buraxırlar, yüzlərlə uşağın həyatına toxunurlar.
Azər doktorun əməyi, zəhməti və pediatriyaya verdiyi töhfələri kimsə dana bilməz. Bu xalqın uşaqları üçün görülən böyük işlər heç vaxt unudulmur. Azər doktor iz buraxdı.
Bu gün Pediatriya mərkəzi bir rəhbəri yola saldı. Amma onun qurduğu komanda, mərkəz yüzlərlə xəstəyə şəfa olacaq. Azər doktor respublika səviyyəsində fəaliyyət göstərən dəyərli həkimdir. Yolunuz açıq olsun, doktor”.
Onu da qeyd edək ki, doktor barədə yalnız həkimlər deyil, sıravi vətəndaşlar da öz narazılıqlarını bildiriblər.
Onlardan birinin yazdığı rəy daha çox diqqət çəkib:
“Mən arxasınca bu qədər kədərlənən işçi axını olan daha bir direktor görmədim və yəqin ki, görməyəcəyəm. Allah sizi hər zaman qorusun, gözəl insan“.
Gununsesi.info-nun araşdırması zamanı o da bəlli olub ki, Azər Əhmədov hələ Səhiyyə Nazirliyi K.Y. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda (OMD) rəhbər olduğu zaman bu tibb ocağında uşaq ölümlərinin sayı kəskin azalıb.