Türkiyəli məşhur müğənni Seda Sayan etdiyi açıqlamalarla yenidən gündəmə gəlib.
Musavat.com xəbər verir ki, sənətçi qatıldığı proqramda toyların artan xərclərindən danışaraq gənc cütlüklərə maraqlı məsləhət verib.
Seda Sayan ənənəvi toy mərasimlərinin artıq ciddi maliyyə yükünə çevrildiyini bildirib. O, xüsusilə toy təşkilatçılığı və hədiyyə mərasimlərinin böyük xərc yaratdığını vurğulayaraq, “Sadəcə rəsmi nikah edin və IBAN nömrəsi paylaşın” sözləri ilə diqqət çəkib.
Müğənni toyların əsas məqsədinin qızıl və pul toplamaq olduğunu desə də, bunun artıq xərcləri qarşılamağa yetmədiyini iddia edib: “Qızıl toplamaq üçün toy edirsiniz, amma xərc daha çox olur. Ən ağıllısı sadəcə nikah edib IBAN verməkdir”.
Sayan toy hədiyyəsi ənənəsini də tənqid edib. Onun sözlərinə görə, birbaşa maddi dəstək daha məntiqlidir: “IBAN daha ağıllıdır. Heç olmasa insanlar birbaşa pul göndərə bilir”.
Məşhur sənətçi keçmiş illərdə toy mərasimlərində hədiyyələrin xüsusi diqqətlə izlənildiyini də xatırladıb. O bildirib ki, əvvəllər insanlar kameralar vasitəsilə kimin nə hədiyyə verdiyini izləyir, daha sonra isə həmin hədiyyənin geri qaytarılmasını gözləyirdilər.
Seda Sayan həmçinin oğlu Oğulcan Enginə xaricdə evlənməyi tövsiyə etdiyini açıqlayıb. O, böyük toy məclislərində hər kəsi razı salmağın mümkünsüz olduğunu deyərək, “Yeməyi bəyənməyən olacaq, gəlinlikdə qüsur tapacaqlar, hətta limonadı sevməyən biri də çıxacaq” ifadələrini işlədib.
Qeyd edək ki, Seda Sayan 2022-ci ildə musiqiçi Çağlar Ökten ilə ailə həyatı qurub. Cütlüyün evliliyi uzun müddət maqazin gündəmində müzakirə olunub.
Musavat.com

